06 fevral 2019 11:41
160

Ermənistanda kütləvi mühacirətin qarşısı alınmasa...

Politoloq Elşad Mirbəşiroğlu İkisahil.tv-yə açıqlamasında bildirdi ki, işğalçı Ermənistanın bugünkü hakimiyyəti Sarkisyanın vəziyyətindən dərs çıxarmalıdır.   Ermənistanda böhran və xaos əvvəlki illərdən daha güclü şəkildə tüğyan edir. Həmişə qeyd etmişəm ki, Paşinyan siyasətə təsadüfən gəlmiş bir insandır. Onu əvvəlki hakimiyyətdən narazı kütlə qəhrəman etmişdi. Bu gün Ermənistanda kütlə yenə də narazıdır. Çünki pafoslu çıxışları ilə gündəmə gələn işğalçı rejim fəaliyyəti ilə ölkənin iqtisadi inkişafı istiqamətində heç bir addım atmamışdır. Əhalinin rifah durumunu olduqca bərbad bir vəziyyətə salmışdır. Bu baxımdan da Ermənistanda kütləvi narazılıq bu gün də davam edir. Paşinyan da yaranmış əlverişli vəziyyətdən istifadə etdi.

Bugünkü dünyanın güc mərkəzləri arasında çox ciddi siyasi mübarizə getməkdədir. Tutaq ki, hər hansı bir dövlət, hansısa bir regionda özünün maraqlarının təmin olunmasına  və yaxud da ki, maraqlarının daha üstün təmin olunmasına çalışırsa, bu istiqamətdə atacağı addımlardan birincisi özünə loyal olacaq bir siyasi rejimi formalaşdırmaqdır. Bu baxımdan, Paşinyanın hakimiyyətə gətirilməsində məqsəd Ermənistanda Rusiyanın dayaqlarını zəiflətmək idi. Bildiyiniz kimi, postsovet  ölkələri  içərisində Rusiyanın həm hərbi, həm siyasi cəhətdən ən ciddi dayaqları məhz Ermənistanda idi. Bu gün Rusiyanın orada iki böyük  hərbi hissəsi yerləşir. Eyni zamanda, Yerevan yaxınlığında hərbi hava qüvvələrinin bir bölüyü də yerləşmişdir. Həmişə sual olunur ki, Rusiyanın Ermənistanda ciddi dayaqları mövcud idisə Rusiya nəyə görə Serj Sarkisyanı müdafiə etmədi? Məsələ burasında idi ki, Rusiya artıq maraqlı idi ki, S.Sarkisyan hakimiyyətdən getsin. Çünki 2017-ci ilin payızında Sarkisyan Avropa İttifaqı ilə yeni əməkdaşlıq müqaviləsi imzaladı. Hansı ki, o müqavilənin imzalanmasını Rusiya istəmirdi və uzun müddət də bunun qarşısını aldı. Ancaq S. Sarkisyan o müqaviləni imzaladı. Kreml də bu hərəkətini ona bağışlamadı. Bu baxımdan da kifayət qədər hakimiyyətdə qalmış bir insan çox asanlıqla devrildi.

İndi hansı proseslər baş verir? Paşinyan onsuz da ölkəni idarə edə bilmir. Sosial-iqtisadi vəziyyətin düzəldilməsi istiqamətində verdiyi vədləri həyata keçirməkdə acizdir. Getdikcə də Paşinyandan narazılıq artır. Bu, həm iqtisadi, həm də siyasi sferanı əhatə edir.

Politoloq bildirdi ki, Ermənistan həbsxanasında aclıq edən QHT fəalı və jurnalist Mqer Yeqazaryanın orada ölməsi, hakimiyyətin ona reaksiya verməməsi də onun kütlə qarşısında bir daha gözdən düşməsinə səbəb oldu. Bu da onun göstəricisidir ki, Paşinyan da sələflərindən geri qalmır. Çünki cinayətkar rejimin başqa idarəetmə mexanizmləri mövcud deyil. Ermənistan iflas vəziyyətindədir. Ona görə də Paşinyan başa düşməlidir ki, Ermənistanın gələcəyi işğal siyasətinə son qoyulmasından keçir. İşğalçı siyasəti davam etdirmək bu ölkə üçün heç bir  perspektiv vəd etmir. Ümumiyyətlə, diqqət yetirsək görərik ki, postsovet məkanında baş vermiş rəngli inqilablar heç də xalqlara yaxşı bir şey vəd etmədi. Məsələn, Ukraynada Petro Poroşenko hakimiyyətə gələndən sonra Ukraynanı ən azı 10 milyondan çox adam tərk edib. Təsəvvür edin ki, o insanların ölkədə yaşaması üçün heç bir münbit şərait mövcud deyil. Eyni yol ilə də Paşinyan hakimiyyətə gəlib. Ermənistanda  onsuz da ağır olan vəziyyəti daha da ağırlaşdırıb. Erməni sosioloqlarının fikrincə, əgər kütləvi mühacirətin qarşısı alınmasa, o zaman ölkədəki vəziyyət daha da pisləşəcək.

Şəmsiyyə Əliqızı, “İki sahil”