01 fevral 2019 10:54
199

Ermənistanda müharibə çaxnaşması

Azərbaycanın öz doğma torpaqlarını işğaldan azad etməsi ilə bağlı mümkün müharibə versiyası son günlərdə tez-tez erməni mediasında gündəmin mövzusu olur. Bu tipli yazılarda müəlliflər öz hərbi potensialını getdikcə artıran, öz Silahlı Qüvvələri ilə   dünyanın 50 ən  güclü ordusu sırasında yer alan  Azərbaycanla mümkün müharibənin  hazırda siyasi xaos yaşayan, eyni zamanda iqtisadi-sosial səfalətin ağuşunda olan Ermənistan üçün tam bir fəlakət ola biləcəyini vurğulayırlar.

İşğalçı ölkənin “tert.am” internet portalında təşviş içində müharibə ilə bağlı  mümkün ehtimallar və savaş başlayacağı təqdirdə Ermənistan üçün ortaya çıxacaq nəticələrlə bağlı ekspert rəyləri öz əksini tapıb.

Təcavüzkar ölkənin  hərbi eksperti, ehtiyatda olan  polkovnik Hayk Naqapetyan qondarma respublika ilə Ermənistan arasında hərbi-siyasi alyansın bağlanacağı təqdirdə Azərbaycan  tərəfindən kəskin  addımların atılacağı ilə bağlı əndişəsini ifadə edib: “Belə bir ittifaq yaradılsa, Türkiyə-Azərbaycan müttəfiqliyi Ermənistana qarşı ən sərt addımlar şəklində özünü göstərə bilər”. Ekspert “xalqların sülhə hazırlanması” anlaşmasını  da vaxtın Azərbaycanın xeyrinə işləməsi kimi səciyyələndirib: “Azərbaycan münaqişənin hərbi yolla tənzimlənməsi fikrində qətidir, bu, təkcə xalqın  istəyi deyil, həm də müxtəlif beynəlxalq instansiyalarda Azərbaycan Prezidentinin bəyanatlarının  tərkib hissəsidir”. Hərbi ekspert hesab edir ki, sülh haqqında yalnız sülh müqaviləsi imzalanandan sonra söhbət açmaq olar: “Cəbhədə nisbi sakitliyin olması sülh demək deyil,   Azərbaycan  istənilən  an müharibəyə başlaya bilər və vəziyyət Ermənistanın əleyhinə dramatik olaraq dəyişə bilər”.

H. Naqapetyanın açıqlamalarından da göründüyü kimi, erməni cəmiyyəti müharibənin Ermənistan üçün   daha nə kimi acı nəticələr doğuracağından yaxşı xəbərdardır.

Eyni  müharibə qorxusunu separatçı qondarma  qurumun özünümüdafiə qoşunlarının  baş(sız)  komandanı Arkadi Karapetyanın açıqlamasında da sezmək mümkündür: “Azərbaycan müharibəyə hazırlaşır, sülhə yox. Bunun əksini düşünmək sadəlövhlük olardı.”

“Rusiyalı zabitlər” Ekspert Şurasının üzvü Aleksandr Perenciyev “tert.am”a deyib ki, müharibə qaçılmazdır: “Bakıda münaqişənin hərbi yoldan başqa variantla həllini düşünmürlər. Bakının öz hərbi potensialını getdikcə artırması, sürətlə silahlanması və dünyanın aparıcı dövlətləri ilə strateji əməkdaşlıqlar qurması da bunu  təsdiq edir. Bu, Cənubi Qafqazdakı vəziyyəti ciddi şəkildə mürəkkəbləşdirəcək. Ermənistan üçün çox təhlükəli  şərait  yaranmaqdadır.  Düşünürəm ki, rəsmi Bakı hələ də münaqişənin sülh yolu ilə  nizamlanması ümidlərini qoruyub saxlamağa çalışır. Ancaq hər keçən gün Azərbaycan tərəfdən bu ümidlər azalır. Müharibənin qaçılmaz olduğunu hesab edirəm. Sülh danışıqları prosesi Azərbaycan tərəfinin maraqlarının reallaşması üçün heç  bir nəticə vermir. Azərbaycanda  öz ərazi bütövlüklərini bərpa etmək üçün  müharibədən başqa variant təsəvvür etmirlər”. A. Perenciyev açıqlamasında istər-istəməz Azərbaycanın ərazi bütövlüyünü etiraf etməli olub və dolayısı ilə xalqımızın öz torpaqlarını azad etmək üçün savaşa atılmaq üçün hazır olmasına haqq  qazandırıb.

Ermənistanın sabiq baş prokuroru, Avropa İnsan Haqları Məhkəməsində bu ölkənin keçmiş nümayəndəsi  olmuş Qevorq Kostanyanın “tert.am”a açıqlamasında  isə daha ciddi və dərin narahatlıq  ifadə olunub. Q. Kostanyan  təlaşla bildirib ki,  Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək: “Məndə olan məlumata görə, Azərbaycan Ermənistana qarşı Dağlıq Qarabağ münaqişəsi kontekstində 50 milyard dollarlıq dövlətlərarası iddia qaldırmağa hazırlaşır. Bu iddia özündə siyasi, hüquqi, sosial və mədəni komponentləri ehtiva edəcək. Daha çox narahatlıq doğuran məqam isə bu iddianın maddi tərəfidir. Azərbaycan  Dağlıq Qarabağ münaqişəsi kontekstində - 50 milyard dollarlıq iqtisadi komponent tələb etməyi də planlaşdırır. Azərbaycanın müxtəlif Avropa ölkələrindəki səfirləri iddianın qaldırılması üçün aparıcı hüquqşünaslar və peşəkar vəkillərlə anlaşmalar bağlayırlar”.

İşğalçı ölkənin  mediasında yer alan bütün bu açıqlamalar, ekspertlərin rəyləri, analitiklərin fikirləri erməni cəmiyyətində ehtimal olunan müharibə qorxusunun ciddiliyini, Azərbaycanın öz haqq işi uğrunda mümkün savaşa başlayacağı təqdirdə işğalçı ölkə daxilində böyük çaxnaşma başlayacağını göz önünə gətirir. 

Təcavüzkarlığı və terroru dövlət səviyyəsində dəstəkləyən və həyata keçirən Ermənistan hökuməti artıq yaxşı başa düşür ki, işğalçılıq yolu ilə “uzaqlara”  getmək mümkün deyil. Bir atalar sözündə deyildiyi kimi, qonşudan oğurlanan mirvarini ancaq gorda taxmaq olar. Azərbaycan dövləti və xalqı isə artıq başa düşür ki, oğurlanan “mirvarisini” geri qaytarmaq istəyirsə, “dua oxumaqla donuz darıdan çıxmaz”. Bu isə o deməkdir ki,  erməni ekspertlərin hürkü içində etiraf elədikləri kimi, situasiya belə davam edərsə, müharibə qaçılmaz olacaq. Azərbaycan Prezidenti İlham Əliyev  bunu müxtəlif beynəlxalq tribunalardan  da kəskin şəkildə bəyan edir: “Əgər erməni əsgəri ölmək istəmirsə, Azərbaycan torpağından rədd olsun!”

Sevinc Abdullayeva, “İki sahil”