18 noyabr 2019 20:42
815

Ermənistanda növbəti təşviş dalğası

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabrın 12-də Azərbaycan Ordusunun başladığı geniş miqyasda əməliyyat təlimi həmişə olduğu kimi, erməni mətbuatında geniş rezonans doğurub.

Üç mərhələdə keçirilən təlimin əsas məqsədi şərti düşmənin təxribatlarının qarşısını almaqla hücum əməliyyatlarının aparılması zamanı qərargahların və qoşunların idarəetmə orqanlarının hazırlığının, eləcə də ümumqoşun birlikləri, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsidir.

Əməliyyat təlimində qoşunların, dayanıqlı, fasiləsiz, operativ və gizli idarəedilməsi, qərargahların səhra idarəetmə məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, videokonfranslar və fiberoptik kommunikasiya xətləri vasitəsilə sərəncam və əmrlərin taktiki və əməliyyat səviyyəsində sürətli ötürülməsi, şəraitə uyğun olaraq qərarların qəbulu üzrə vərdişlər məşq etdirilir.

Hərbi təlimlərlə bağlı sözügedən informasiyaya verilən analitik şərhlərdə canına vicvicə  düşmüş siyasi şərhçilərin, hərbi ekspertlərin, analitiklərin  və bütövlükdə erməni  cəmiyyətinin böyük təşvişi ifadə edilib. Yazıların ümumi ruhunda yenə Azərbaycanın güclü hərbi potensialı qarşısında düşmənin keçirdiyi qorxu hissi aydın nəzərə çarpır. 

İşğalçı ölkənin mətbuatında yer alan yazılarda məlum genişmiqyaslı təlimləri  Azərbaycanın  Ermənistana təzyiq cəhdi kimi qiymətləndiriblər.

Yeri gəlmişkən xatırlatmaq yerinə düşər ki, Azərbaycan hər dəfə təlim keçirdikdə işğalçı Ermənistanın təlimləri təzyiq  cəhdi kimi “dəyərləndirməsi” təcavüzkar dövlətin absurd iddiasından başqa bir şey deyil.

Əvvəla, Azərbaycan hökuməti heç vaxt öz mövqeyini dolayı yollarla nümayiş etdirməyib. Belə ki, dövlətimiz uzun  illərdir  əzəli torpağımız  olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini açıq şəkildə bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev  nəticəli danışıqların  və münaqişənin qan tökülmədən həllinin tapılması tərəfdarı olduğunu daim nümayiş etdirir.  Sülhpərvər Azərbaycan Prezidenti öz humanist siyasi jestləri ilə yanaşı,  Ermənistanın danışıqlar masasında “yola gəlməyəcəyi” təqdirdə  hərb yoluna baş vurulacağını istisna etmir. Azərbaycanın əzəli  torpaqlarında yaradılmış qondarma qurumu israrla üçüncü tərəf kimi danışıqlar masasında oturtmağa çalışan Ermənistan münaqişənin respublikamızın ərazi bütövlüyü çərçivəsində  həllinə israrla maneə yaratmağa davam edərsə, yəqin ki, rəşadətli ordumuzun  aprel döyüşlərində onlara verdiyi dərsi bir daha yadına salmalı olacaq. Münaqişənin həllində özünə sərf edən güzəştlər uman  Ermənistan tərəfi yaxşı bilir ki, Azərbaycan əsla ərazi bütövlüyü ilə bağlı heç bir güzəşti nəinki müzakirə predmeti etmək, hətta nəzərdən keçirməyi belə ağlına gətirmir. 

Erməni mediasında yer alan sözügedən hərbi təlimlərlə bağlı yazıların əksəriyyətində aprel müharibəsi haqqında qorxuqarışıq hiddətlə söz açılıb.  Erməni şərhçilər hətta bu təlimlərin növbəti aprel müharibəsinə  gətirib çıxaracağını da istisna etmirlər. İşğalçı ölkənin mediasında Azərbaycanın öz hərbi gücünü mütəmadi artırması ilə bağlı narahatlıq dolu şərhlərdə vurğulanır ki, hərbi silahlandırma ilə bağlı bu statistika sadəcə rəqəmlər toplusu deyil, ehtimal olunan  müharibə variantında Azərbaycan Ordusunun işğalçı Ermənistanın hərbi birləşmələrini  darmadağın etmək potensialıdır.

İşğalçı ölkənin mediasında Azərbaycanın keçirdyi genişmiqyaslı hərbi təlimlər, ölkəmizin öz hərbi potensialını artırması ilə bağlı təlaş ifadə edən çoxsaylı yazılar aradan 3 ildən artıq müddət ötməsinə baxmayaraq Ermənistan tərəfinin hələ də aprel döyüşlərinin təkrarlanacağı qorxusu ilə yaşadığını göstərir. Bu qorxudan birdəfəlik qurtulmağın və regionda əmin-amanlığın bərpa olunmasının yeganə yolu isə ermənilərin işğal etdikləri əzəli Azərbaycan torpaqlarını tez bir zamanda boşaltmalarıdır. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı beynəlxalq tribunalardan dəfələrlə öz fikrini bəyan edib: “Status-kvo qəbul edilməzdir, davam edə bilməz. Bu, bizim yox, dünyanın aparıcı dövlətlərinin, xüsusən də münaqişənin həllində ATƏT-in vasitəçi mandatına malik olan ölkələrin - Amerika Birləşmiş Ştatlarının, Fransanın və Rusiyanın mövqeyidir. Bu ölkələrin prezidentləri dəfələrlə açıq şəkildə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir və dəyişilməlidir. Status-kvonu dəyişmək üçün Ermənistanın işğalçı qüvvələri zəbt olunmuş ərazilərdən dərhal çıxmağa başlamalıdırlar və Azərbaycan əhalisinə öz doğma yurdlarına qayıtmaq imkanı yaradılmalıdır. Bu münaqişə müasir tarixdə nəinki ən böyük ədalətsizlikdir, o cümlədən bizim o qədər də sabit olmayan regionumuzda daimi təhlükə və qeyri-sabitlik mənbəyidir. Buna görə də beynəlxalq hüququn prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktı əsasında münaqişənin mümkün qədər tez həlli təmin edilməlidir. Bundan sonra regionumuzda sülh bərqərar ola bilər”.

Sevinc Abdullayeva, “İki sahil”