29 yanvar 2019 15:58
143

Ermənistanda Paşinyanın əleyhdarları fəallaşıb

Yanvarın 29-da Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarı olan qüvvələr – keçmişdə iqtidarda olan Ermənistan Respublikaçılar Partiyasının və “Daşnaksütyun” partiyasının nümayəndələri yeni hökumətin siyasətinə etiraz əlaməti olaraq mətbuat konfransları keçiriblər.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi, parlamentin keçmiş vitse-spikeri Eduard Şarmazanov Paşinyanın xarici və daxili siyasətini kəskin tənqid edib. Onun sözlərinə görə, baş nazir Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlarda ATƏT-in Minsk Qrupunun həmsədrlərinə deyil, Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə istinad edir. “Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin son aylar verdiyi bəyanatlarda xalqların öz müqəddəratını təyinetmə hüququna dair prinsiplər barədə bir söz də yoxdur”, deyən Şarmazanov iddia edib ki, Paşinyan Azərbaycanın dövlət başçısının siyasəti qarşısında aciz qalıb.

“Daşnaksütyun” partiyası bürosunun sədri Armen Rustamyan da keçirdiyi mətbuat konfransında yeni hökumətin danışıqlar prosesində Azərbaycana məğlub olduğunu vurğulayıb. O, Paşinyanı keçmiş prezident Levon Ter-Petrosyanın siyasi xəttini davam etdirməkdə və Dağlıq Qarabağ məsələsində Bakıya güzəştə getməkdə ittiham edib. Rustamyan əlavə edib ki, bütün müxalif siyasi qüvvələr baş nazirin təslimçi siyasətinə qarşı birləşməlidirlər.

Mətbuat konfranslarında baş nazir Paşinyana qarşı onun parlament üzvlərini təyin etməsi barədə ittihamlar da səslənib.