14 avqust 2020 18:52
1186

 Ermənistanda vəziyyət gərgindir: Bunu hətta Paşinyan da etiraf edir…

COVID-19 pandemiyası ilə mübarizə dönəmində Cənubi Qafqaz ölkələri arasında ən çox yoluxma halı məhz Ermənistanda müşahidə edilməkdədir. Hazırda Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 41 299 nəfərdir.  Virusa yoluxma nəticəsində ölənlərin sayı  814 nəfərdir. Son sutka ərzində  virusa 276 yeni yoluxma faktı qeydə alınıb. Ölkə əhalisinin 6321 nəfəri isə  koronavirus xəstəsidir. Ermənistanda koronavirus səbəbi ilə fövqəladə vəziyyət rejimi sentyabrın 11-dək uzadılıb. Xatırladaq ki, işğalçı ölkədə martın 16-dan  etibarən bu rejim tətbiq olunur.

Dünyanın  əksər ölkələri koronavirusla mübarizə apardığı vaxtda  Ermənistan diqqətini öz aləmində əsas olan məsələlərə yönəldib. Paşinyanın dırnaqarası yanaşdığı qlobal pandemiya işğalçı ölkədə geniş miqyasda qüdrətini göstərməkdədir. Vəziyyət o dərəcədə kritikdir ki,  artıq baş nazir də  etiraf  edir ki,  ölkə çox ağır duruma düşüb – epidemioloji normaların fəlakət doğuracaq səviyyədə dərinləşməsi müşahidə olunur.

Ermənistanın acınacaqlı vəziyyətinə, ölkənin koronavirusla mübarizədəki yarıtmaz fəaliyyətinə  biganə qalmayan erməni ekspert Marine Sukiasyan bildirib ki,  ölkənin səhiyyə naziri Arsen Torosyanın koronavirus epidemiyasına qarşı mübarizəsi iflasa uğrayıb, ancaq burada tək o yox, ümumilikdə hakimiyyət günahkardır: “Epidemiya ilə mübarizənin bütün aspektləri - təşkilati, hüquqi, səhiyyə, sosial və inzibati işlər iflasa uğrayıb. Baş nazir Nikol Paşinyan epidemiya ilə mübarizənin uğursuzluğuna görə birbaşa məsuliyyət daşıyır. O, epidemiyanın əvvəlində mitinqlər etdi, aydın qərarlar qəbul edə bilmədi, düzgün səhiyyə xidməti göstərilmədi, nəticədə koronavirusa yoluxma pik həddə çatdı. Evdə müalicə alan on minlərlə vətəndaşımız dərmanlara və digər müayinələrə pul tapmadan infeksiya ilə təkbətək qaldı, ona görə də yüksək ölüm sayına malikik. Hökumət vətəndaşlarımızın sağlamlığı və həyatını itirməsi bahasına başa gələn bağışlanmaz səhvlərə yol verdi."

Ermənistan milli təhlükəsizlik xidmətinin keçmiş direktoru, “Vətən” partiyasının sədri Artur Vanesyan isə bildirib ki, orduda koronavirus möv­zusu hamıdan problemə məsuliyyətlə yanaşmağı və təmkinli olmağı tələb edir: “Hansısa şəxsi və ya siyasi ma­raqlar naminə bu mövzudan istifadə etməməyi məsləhət görürəm. Ordu­dakı atmosfer cəmiyyətdəki atmos­ferin güzgüdəki əksidir.”

Koronavirusun yayıldığı ilk aylarda sosial mediada yayılan xəbərlərdə orduda COVID-19-un aşkar edilməsi bildirilsə də, aidiyyəti qurumlar belə bir halın olma­dığını açıqlamış, virusun or­duda mövcudluğunu ört-basdır etmişdi. Ermənistan rəhbərliyi orduda virusa yoluxanların həqiqi sayını ona görə gizlədir ki, sosial etirazlardan və bunun ciddi panikaya səbəb olacağından qorxur. Həm özünü, həm də atdığı səhv addımların sayını itirən Ermənistan rəhbərləri virusa yoluxmuş hərbçilərin sayını gizlədərək mövcud vəziyyəti daha da gərginləşdirməkdən başqa bir məshəbə qulluq etmirlər.  Lakin erməni mediası zaman-zaman bu faktları ictimailəşdirib. Martın 27-də Ermənistan Müdafiə Nazir­liyinin mətbuat katibi Şuşan Stepanyan rəsmi olaraq, 5 hərbi qulluqçuda koronavirus aşkarlandığını bildirdi. May ayında isə müdafiə na­ziri D.Tonoyan jurnalistlərə müsahibəsində orduda təxminən 20 yoluxmuş hərbi qulluqçunun olduğu­nu qeyd etmiş və bildirmişdi ki, bu, əsasən İrəvan yaxınlığında və keçmiş mərkəzlərin hərbi hissələrində qeydə alınıb.

İyulun 1-dən isə Ermənistanda hərbi çağırışın başlan­masından bəri çağırışçılar arasında edilmiş testlər zamanı onların bir qismində yeni növ koronavirus aşkar edilib. Bu faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan “Armenpress”ə verdiyi açıqlamada etiraf edib. Qeyd edib ki, təxminən 30 çağırışçıda yolux­ma halı aşkar edilib.

Belə bir dönəmdə oğullarının qeyri-döyüş şəraitində ölümünün obyektiv araş­dırılmasını tələb edən valideynlər mütəmadi olaraq etiraz aksiyası ke­çirmiş, hətta bir sıra yolları bağlamış, Paşinyana müraciət etmiş, cinayət işlərinin obyektiv araşdırılmasını tələb etmişlər. Artıq Ermənistan mediası baş nazir Nikol Paşinyanın qərarı ilə qeyri-döyüş şəraitində öl­müş və ya öldürülmüş hərbi qulluq­çuların cinayət işlərinin araşdırılması üzrə işçi qrup yaradılaca­ğını bildirib. Qrup 8 nəfər hərbi qulluqçunun ölüm faktını araşdıracaq. Paşin­yanın qərarı ilə yaradılmış işçi qruplarının üzvlərinə gəlincə isə onlar arasında müxtəlif dövlət qurumları­nın nümayəndələri üstünlük təşkil edir. Bu və ya digər faktları, eləcə də artıq illərdir işğalçı orduda olan öz­başınalıq faktlarının mövcudluğunu nəzərə alsaq, işçi qrupunun hansısa ciddi uğur əldə edəcəyinə inam azdır.

Görünən odur ki, Paşinyan hakimiyyəti koronavirusla mübarizədə də aciz durumda qalıb.  Çünki Ermənistan ordusunun yeganə problemi koronavirus deyil. Ermənistan ordusu yeni sanitar-epidemioloji normalara uyğun təmin olunmuş kazarmalara, yeməkxanalara malik deyil. Bu sahədə infrastruktur yox səviyyəsindədir. Ermənistan ordusunun təminat səviyyəsi çox aşağıdır. Şəxsi heyətin izolyasiyası problemli şəkildədir. Keyfiyyətsiz qida məhsulları, əsgərlərin immunitetinin zəif, yaşam şəraitinin və tibbi təminatın yarıtmaz olması səbəbindən virusa yoluxma hallarında kütləvi artım müşahidə olunur. Ordunun az maliyyəşməsi, müasir silahların olmaması, eyni zamanda, hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlərin olması kimi kifayət qədər səbəblər var. Yəni, koronavirus nə qədər güclüdürsə, Ermənistanın müdafiə metodu, mübarizə üsulu, iqtisadi gücü də bir o qədər zəifdir.

İşğalçı orduda hərbi qul­luqçuların həyatına təhlükə törədən səbəblərə COVID-19 pandemiyası­nın da əlavə edilməsi vəziyyəti daha da mürəkkəbləşdirib. Bütün bunlar onu göstərir ki, pandemiya ilə mübarizədə xalqının, ordusunun səfil həyat şəraiti, gərgin və acınacaqlı durumu Ermənistan rəhbərliyini zərrə qədərdə də maraqlandırmır. Hakimiyyət üzvlərinin hər zaman olduğu kimi, yalnız sözdə xalqın maraqlarını müdafiə etməsi mövcud vəziyyəti daha da gərginləşdirir. Ermənistan idarəçiliyinin laqeydliyinə artıq əhali tərəfindən də adekvat cavab verilir. Xüsusilə də N.Paşinyana qarşı etimad, pisləşən sosial-iqtisadi vəziyyət şəraitində sürətlə aşağı düşür. Opponentlər isə mütəmadi olaraq onu populizmdə və hökuməti idarə edə bilməməkdə, siyasi səriştəsizlikdə, köhnəlmiş siyasi texnologiyalardan istifadə etməkdə, eyni zamanda, ictimaiyyətin diqqətini real problemlərdən yayındıraraq daxili və xarici düşmənlər axtarmaqda ittiham edirlər.

Yaqut Ağaşahqızı, “İki sahil”