KÖŞƏ

Sevinc Azadi

Ermənistanda yenə ara qarışıb, məzhəb itib

30 may 2019 10:34
1234

Böhran içərisində olan Ermənistanda müxtəlif qruplaşmaların bir-birini sərt ittiham etməsi vəziyyəti daha da qəlizləşdirib. Bu ittihamın böyük əksəriyyəti Paşinyana və onun ətrafında toplanmış qüvvələrə qarşı çevrilib. Hətta bu kampaniyada rəsmilər səviyyəsində Paşinyanın Dağlıq Qarabağı Azərbaycana verəcəyi barədə fikirlər səsləndirilir. Yəni düşmən ölkədə ara qarışıb, məzhəb itib. Bir neçə gün öncə Yerevanda keçirilən mitinqdə Ermənistanın eks-prezidenti Robert Koçaryanın tərəfdarları, o cümlədən Dağlıq Qarabağın qondarma “prezidenti” hədələnib.

“Kavkazskiy uzel” saytının yaydığı xəbərə görə, Yerevanın Azadlıq Meydanında Nikol Paşinyanın bir neçə min tərəfdarı toplanıb. Onlar Paşinyanın məhkəmə sistemində islahatlara dair təşəbbüsünə dəstək veriblər. Aksiyanın təşkilatçılarından biri Civan Abramyan çıxışında Robert Koçaryana dəstək verdiyi üçün Dağlıq Qarabağın qondarma “prezidenti” Bako Saakyanın və digərlərinin “başını daşla əzmək” barədə danışıb. O deyib ki, insanları Robert Koçaryanın tərəfdarlarının, Bako Saakyan da daxil olmaqla, başını daşla əzməyə çağıra bilərlər. Saakyanın xüsusi işlər üzrə köməkçisi Arşavir Qaramyan isə Civan Abramyanın sözügedən çıxışının videosunu sosial şəbəkədə paylaşaraq buna “hüquqi qiymət verilməsinə” çağırıb. Hakim “Mənim addımım” blokunun nümayəndələri-parlamentin vitse-spikeri Aln Simonyan və deputat Mxitar Ayrapetyan isə Qaramyanın yazdıqlarına cavab olaraq bildiriblər ki, Yerevandakı mitinqin təşkilatçılarını tanımırlar. Məlumatlara görə, Koçaryanın əleyhdarlarının mitinqi zamanı para.tv internet kanalının jurnalisti bıçaqlanıb. Bu insidentin təfərrüatları da hələlik məlum deyil.

Ermənistanda fəaliyyət göstərən silahlı Sasna Çrer Partiyası isə işğal olunmuş Dağlıq Qarabağ bölgəsində mitinqlərə hazırlaşır. Bu barədə Sasna Çrer üzvü Areq Kureqyan məlumat verib. O, mitinqlərdə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məsələsinin qaldırılacağını bildirib: “Qarabağ Ermənistandan ayrı olmamalıdır, bura Ermənistanın bir vilayəti olmalıdır və qubernator idarə etməlidir”.

Ermənistan mediası Sasna Çrerin aksiyasını “təxribat” adlandırıb. Ermənistanın işğalçı ordusunun keçmiş üzvü, general Arşavir Qaramyan isə Dağlıq Qarabağ separatçılarının başçısı Bako Saakyanın ölümlə təhdid edildiyini bildirib. General keçmiş döyüşçü Jivan Abramyanın Saakyanı ölümlə hədələdiyini deyib. Erməni mediasında yayılan iddiaya görə, Sasna Çrerin başladığı anti-Qarabağ kampaniyasının və Bako Saakyanın təhdid edilməsinin arxasında baş nazir Nikol Paşinyana bağlı şəbəkə durur.

Ermənistanın baş naziri öz çıxışında bildirib ki, “keçmiş korrupsiyalaşmış sistemi təmsil edən konkret şəxslər keçmişdə tətbiq etdikləri “parçala və hökmranlıq et” üsuluna sadiq qalaraq, Ermənistan və Dağlıq Qarabağ xalqları arasında “fikir ayrılığı” yaratmaqla, “ziddiyyətlər və hətta düşmənçilik” təhrik etməklə “keçmişdə yol verdikləri korrupsiya cinayətlərini ört-basdır etmək və bəraət qazandırmağa” çalışırlar. Nikol Paşinyan deyib ki, ölkədə hökm sürən korrupsiya sistemindən Dağlıq Qarabağlı soydaşları daha çox zərər çəkib. O əlavə edib ki, hələ ötən il seçki təbliğat kampaniyası zamanı bunları təhlil edib və bu qənaətə gəlib ki, bütün bunların arxasında hətta “qəsdən müharibəyə təhrik edib, bəzi əraziləri təhvil verib, bunun məsuliyyətini Ermənistan hökumətinin boynuna qoymaq məqsədi” var.

Baş nazir bəyan edib ki, 2016-cı il, həmçinin “dördgünlük müharibə” adını almış hadisələrin araşdırılması və “hamımızı narahat edən bir sıra sualların cavabını almaq üçün” xüsusi parlament komissiyası yaratmağın vaxtıdır. Paşinyan həmçinin “Dağlıq Qarabağ xalqına” müraciət edərək, “fəaliyyətləri xalqın iki hissəsi arasında ziddiyyətlər yaratmağa yönəlmiş qüvvələrə “yox” deməyə çağırıb. Digər yandan isə Robert Koçaryanın həbsdən çıxmasına etiraz edən Nikol Paşinyan cəmiyyətə Dağlıq Qarabağda inqilabın baş verəcəyi mesajını da ötürüb. “Hesab etmək olar ki, bu təxribatçı kampaniyanın sonunda Qarabağı itirə bilərik. Nəzərə almaq lazımdır ki, Azərbaycan ordusu il ərzində 10-dan çox hərbi təlim keçib”,- deyə baş nazir bildirib.

Cavid Əkbərov
Hoqqabazlar
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...