KÖŞƏ

Elçin Zaman

Ermənistanı dalana dirəyən yeni geosiyasi situasiya

22 yanvar 2019 10:48
2506

Ermənistanda hakimiyyət dəyişikliyi onun bir ölkə olaraq perspektiv inkişaf kursuna yenidən baxmasını zəruri edir. Xüsusilə bu işğalçı ölkənin hələ də Azərbaycan ərazilərini işğal altında saxlaması onun iqtisadi iflasını sürətləndirir. Bu faktı nəzərə alan erməni politoloqları da etiraf edirlər ki, nə qədər ki Ermənistan Azərbaycanın əsas söz sahibi olduğu regional iqtisadi layihələrdən kənarda qalacaqsa, onun iflası bir o qədər sürətlənəcək.

Məhz erməni ictimaiyyətində bu amili dəyərləndirənlərin sayının artması hazırkı hakimiyyəti də düşünməyə vadar edir. Eyni zamanda, yeni hakimiyyətdə daha çox antirusiyalıların təmsil olunması səbəbindən Rusiya ilə münasibətlərinin ciddi şəkildə sərinləməsi və buna görə Rusiya hakimiyyətində ermənilərə qarşı ciddi inamsızlığın yaranması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impulslar verə bilər.  

Qeyd edək ki, ötən ilin dekabrın 13-də Prezident İlham Əliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesində ciddi addımların atılacağı barədə danışılıb.

Həqiqətən də bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Xüsusilə Ermənistanda hakimiyyət dəyişikliyi baş verib, yeni, təcrübəsiz hökumət formalaşıb, “Qarabağ klanı” hakimiyyətdən tamamilə uzaqlaşdırılıb. Əvvəlki hökumət faktiki olaraq 25 il ərzində əllərindən gələni edib ki, bu məsələ həll olunmasın.

İndi Ermənistanda hakimiyyətə gələn yenilərdən kompromisə meyillilik gözləntiləri var. Yəni Nikol Paşinyan “Qarabağ klanı”nı ölkəni iflas duruma saldıqları üçün nəinki tənqid edir, hətta onların rəhbərlərini həbs etdirir. Demək, məntiqlə yeni hakimiyyət iflasın qarşısını almaq üçün sələflərinin yolunu getmək istəməyəcək və işğalçılıq siyasətindən əl çəkməyə məcbur olacaq.

Təbii ki, ölkəmiz yaranmış yeni situasiyadan yetərincə yararlanmağı düşünür. Belə ki, son bir ildə Rusiyada yaranan  antiermənistan ovqatı və Ermənistandakı açıq antirusiya çıxışları ölkəmizə əlavə geosiyasi mövqe üstünlüyü qazandırır. Yəni Prezident İlham Əliyevin də Sergey Lavrovla sözügedən görüşündə vurğuladığı kimi, burada Azərbaycan-Rusiya strateji partnyorluq formatı öz sözünü deməli və Minsk qrupunun həmsədr ölkəsi kimi bu məsələdə Ermənistana müəyyən təzyiq göstərməlidir. Axı bu tip münaqişələrin açarı bir növ Rusiyanın əlindədir.

Bir məqamı da vurğulamaq lazımdır ki, Paşinyan hakimiyyəti antirusiya mövqeyini sərgiləməklə daha çox Qərbin diqqətini çəkmək və onlardan pul dilənmək istəyirdi. Ancaq nə seçkidən öncə, nə də sonra Qərb Ermənistana nəinki pul ayırmadı, hətta onun yeni hakimiyyətini Rusiyadan qorxan, mövqesiz kimi dəyərləndirdi.

Bunlardan başqa, əvvəldə qeyd etdiyimiz kimi yeni hakimiyyətin rəhbəri Nikol Paşinyanın yeniliklər etmək iddiaları mövcuddur. O mütləq iqtisadi və siyasi uğurlara nail olmalıdır. Bunun üçün ilk növbədə Ermənistan maliyyəsi çox olan müharibədən vaz keçməli, yaxın və zəngin qonşuları olan Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlığı bərpa etməlidir.

Təbii ki, hər iki qonşu ölkə dəfələrlə Ermənistanla iqtisadi-ticari əlaqələr qurmağa hazır olduqlarını bildiriblər. Lakin bir şərtlə ki, Azərbaycanın işğal altındakı torpaqları azad edilməlidir.

Görünən odur ki, indiki geosiyasi vəziyyət Ermənistanı dalana dirəyib və bu ölkənin yeni hakimiyyəti onu sıxan geosiyasi şərtlərdən yaxa qurtarmaq üçün Azərbaycanın təklif etdiyi kompromis variantlarla razılaşmağa məcburdur.