31 oktyabr 2020 18:09
856

Ermənistanın Azərbaycanın dinc yaşayış məntəqələrinə vurduğu ziyan açıqlanıb

"Ermənistan döyüş, diplomatiya və informasiya savaşında uduzur. Yeganə əl atdığı vasitə Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmasıdır".

"İki sahil" “Report”a istinadən xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı brifinqdə bildirib.

Onun sözlərinə görə, sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-ə qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi atılıb: “Həmin müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər müxtəlif xəsarət alıb. 2 424 obyekt, 92 çoxmənzilli bina ziyan çəkib, 13 kommunikasiya infrastrukturu sıradan çıxarılıb, 17 dini obyektə, o cümlədən məscid və kilsəyə ziyan dəyib".

O əlavə edib ki, Ermənistanın Azərbaycana atdığı raketlərin ən çoxu Goranboy rayonuna düşüb: "Füzuliyə 34, Bərdəyə 30, Tərtərə 18, Ağcabədiyə 14 raket, Gəncəyə 22 raket olmaqla bütövlükdə Azərbaycana 218 raket endirilib. Ermənistanın Azərbaycana atdığı ümumi mərmi sayı 27 min 308-ə bərabərdir və ən çox mərmi Tərtər rayonuna atılıb".