KÖŞƏ

Qvami Məhəbbətoğlu

Ermənistanın “bərpa” adı altında növbəti mənəvi terroru

29 yanvar 2020 10:35
2567

Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə maddi mədəniyyət yadigarlarımızın dağıdılması prosesi daha sürətlə davam edir. Belə ki, erməni təcavüzkarları muzeylər və maddi-mənəvi sərvətlərimizi talan edir, toponimlərimizi erməniləşdirir, genişmiqyaslı, qeyri-peşəkar arxeoloji qazıntı işləri aparır, kurqanlarımızı dağıdır, qarət etdikləri tapıntıları Ermənistana daşıyırlar. Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündəki çıxışında qeyd etdiyi kimi, bütün bunlarla da Ermənistan məqsədli surətdə işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışır.

Zəbt olunmuş ərazilərimizdəki tarixi abidələrimizi vandallıq aktları nəticəsində davamlı şəkildə məhv edən erməni ekstremistləri indi “təmir-bərpa” adı altında dünya ictimaiyyətini, eləcə də beynəlxalq qurumları aldatmaq, özlərini abidələrə “qayğı” ilə yanaşan bir ölkə imicində təqdim etmək niyyətindədirlər. Əslində isə monoetnik erməni dövləti yaratmış Ermənistan işğal olunmuş ərazilərimizdə azərbaycanlılara məxsus mədəni irsin silinməsi ilə məşğuldur. Elə bu niyyətlə onlar hazırda XVIII əsrdə Qarabağ xanlığının qurucusu Pənahəli xan Cavanşir tərəfindən əsası qoyulan Şuşa qalasını “bərpa” etməyi planlaşdırırlar. Məlumata görə, məşhur Şuşa qalası bu il restavrasiya olunacaq.

Şübhəsiz, bu,  Şuşa qalasının tarixi görkəmini dəyişdirmək, onun etnik mənsubiyyətini saxtalaşdırmaq, onu özününküləşdirmək, bu yerləri özlərinin “tarixi məskənləri” kimi təqdim etmək istiqamətində ermənilərin atdıqları növbəti addımdır. Bununla da Ermənistan Şuşanın əzəli Azərbaycan şəhəri olmasına kölgə salmağa,  bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Dağlıq Qarabağın memarlıq incisi sayılan Şuşadakı Yuxarı Gövhər Ağa məscidini “bərpa” edərək buranı “fars mədəniyyət mərkəzi” kimi təqdim etmişdi. Ancaq Ermənistan unudur ki, bütün bu abidələr dünya mədəniyyət tarixinə Azərbaycan abidələri kimi düşüb və bəşəriyyət onları xalqımızın nadir inciləri kimi tanıyır. Bu mənada separatçı qüvvələr belə “bərpa”larla tarixi yenidən yaza bilməyəcəklər.

Şübhəsiz, erməniləri bütün bu cəhdləri bəşər mədəniyyətinə qarşı yönəlmiş mənəvi terrordur. Çünki həmin mədəniyyət nümunələri təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə məxsusdur. Digər tərəfdən, Şuşa qalasına da bu dırnaqarası qayğı Ermənistanın  beynəlxalq konvensiyalara meydan oxumaqda davam etdiyini, UNESKO qarşısında götürdüyü öhdəliklərə məhəl qoymadığını bir daha nümayiş etdirir.  Yeri gəlmişkən, bir sıra beynəlxalq qurumlar, o cümlədən bütün İslam dünyasını özündə birləşdirən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində  tarixi və mədəni irsin dağıdılması ilə əlaqədar dəfələrlə qətnamələr qəbul edilir. Lakin dünyanı öz yalanları ilə ələ almağı bacaran Ermənistan bütün bunlara əsla məhəl qoymur. Üstəlik, erməni mənbələrinə görə, gələcəkdə Ağdərə və Laçın rayonlarında yerləşən, Azərbaycan xalqına məxsus tarixi abidələrə qarşı da bu cür vandallıq ediləcəyi istisna olunmur.

İşğal altında olan ərazilərimizdəki bütün abidələr bizim ulularımız tərəfindən ucaldılıb və onların üzərində əcdadlarımızın əl izləri yaşayır. Elə buna görə də ermənilərin belə bir addımı hər birimizin də ürəyini göynədir. Bir də unutmayaq ki, tarix çox belə talanların və dağıntıların şahidi olub. Ermənistanın işğalına son verildikdən və torpaqlarımıza geri qaytarıldıqdan sonra bizə miras qalan abidələrimizin hər biri yenidən bərpa olunmaqla onlara  yeni həyat bəxş ediləcək.  Məgər erməni vəhşiliyinin şahidi olmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini azad edib bu yurd yerimizə yeni nəfəs vermədikmi? Orada Prezident İlham Əliyevin tapşırığına əsasən digər abadlıq, yenidənqurma işləri aparmaqla  yanaşı, Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan  məscid inşa etmədikmı? Bütün bunlar isə o deməkdir ki, gün gələcək ermənilərin təcavüzünə məruz qalmış Şuşa qalasını da  bərpa edəcəyik.