06 iyul 2020 18:06
942

Ermənistanın BMT səviyyəsində nokauta salınması

Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması təşəbbüsünə 130 ölkənin dərhal razılıq verməsi erməniləri ciddi narahat edib

Bu gün artıq dünyada 11 milyondan çox insan COVID-19-a yoluxub. Virusdan ölənlərin sayı isə 535 mini ötüb. Pandemiyanın yaxın dövrlərdə bitməsi də gözlənilmir, əksinə bir çox ölkələrdə ikinci dalğanın başladığı bildirilir. Hətta ABŞ və Rusiya kimi fövqəlgüclər bu ümümbəşəri bəlanın qarşısında aciz qalıblar.

Təbii ki, bu qlobal problem bir sıra yeni beynəlxalq şərtlər diktə edir. Xüsusilə yeni beynəlxalq həmrəylik və qarşılıqlı yardımlaşma zərurəti yaranır. Məhz bu səbəbdən də Prezident İlham Əliyev virusla mübarizədə beynəlxalq əməkdaşlığı önəmli hal kimi dəyərləndirir. Belə ki, ölkəmizin başçısının təşəbbüsü ilə aprelin 10-da videokonfrans vasitəsilə keçirilən Türk Şurasının fövqəladə Zirvə görüşündə əsas məqsəd koronavirusun yayılmasına qarşı mübarizədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi idi.

Türk Şurasının fövqəladə Zirvə görüşü pandemiya ilə mübarizəyə həsr olunmuş ilk beynəlxalq tədbir idi. Bu tədbir məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdı. Təsadüfi deyil ki, məhz bundan sonra qlobal problemin mənfi təsirlərini azaltmaq üçün dövlətlərin birgə səy göstərmələri bütün dünyada aktuallaşmağa başladı. Mayın 4-də isə cənab İlham Əliyevin təşəbbüsü ilə ikinci beynəlxalq tədbir - Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi.

40-a yaxın ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin, o cümlədən BMT Baş Assambleyasının prezidentinin, Afrika İttifaqının sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Zirvə toplantısı, ilk növbədə, Azərbaycana və Prezident İlham Əliyevə olan inamın, etibarın və etimadın göstəricisi kimi tarixə düşdü. O cümlədən Zirvə görüşünə BMT-nin Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciət ünvanlamaları, habelə Zirvə görüşünü təşkil etdiyinə və pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisi oldu.

Bu tədbiri keçirməklə Azərbaycan bir daha təsdiq etdi ki, Qoşulmama Hərəkatına sədrliyi öz üzərinə götürərkən beynəlxalq arenada üzv ölkələrin maraqlarının müdafiə edilməsi üçün əməli addımlar atacağına, həmrəyliyin gücləndirilməsinə və qarşılıqlı dəstəyi rəhbər tutacağına dair vədlərinə qətiyyətlə əməl edir. Eyni zamanda Zirvə görüşü göstərdi ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara, yaranmış vəziyyətə çevik və adekvat reaksiya verir. Ən əsası isə Zirvə görüşü koronavirusla qlobal mübarizənin daha da güclənməsinə təkan verəcək. Prezident İlham Əliyev Zirvə görüşündə yekun nitqində bu barədə deyib: “Qoşulmama Hərəkatına üzv ölkələrin bir-birinin problemlərini anlayışla qarşılaması, həmrəylik nümayiş etdirməsi və çoxtərəfli əməkdaşlığa üstünlük verməsi böyük əhəmiyyət kəsb edir. Qlobal pandemiya şəraitində ölkələr və beynəlxalq təşkilatlar arasında həmrəylik və əməkdaşlıq xüsusilə aktualdır. Əminəm ki, bu gün dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri tərəfindən edilən çıxışlarda səslənən dəyərli fikirlər və təkliflər koronavirus xəstəliyinə qarşı bizim birgə mübarizəmizə töhfə verəcəkdir.”

Onu da qeyd edək ki, Azərbaycanın COVID-19-a qarşı mübarizədə göstərdiyi qlobal həmrəylik nümunəsi yalnız beynəlxalq tədbirlərin keçirilməsi ilə yekunlaşmadı. Belə ki, respublikamız Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə könüllü ianə ayırmaqla, 30-dan artıq dövlətə humanitar yardım etməklə beynəlxalq həmrəyliyə əməli töhfələr verdi.

Prezident İlham Əliyevin bu il mayın 4-də keçirilən Qoşulmama Hərəkatının “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü zamanı BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü reallığa çevrilir. Belə ki, artıq 130-a qədər ölkə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə dəstək verdikləri barədə BMT Baş katibinin ofisini məlumatlandırıblar.

BMT Baş Assambleyası Nizamnaməsinə əsasən ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Belə sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılır. BMT yaranandan indiyə qədər Baş Assambleyanın qlobal problemlərlə bağlı məhdud sayda xüsusi sessiyaları çağırılıb.

COVID-19-un qlobal problem olduğunu nəzərə alaraq Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi. Zirvə görüşündən sonra Azərbaycan Prezidentinin bu təklifi Qoşulmama Hərəkatının üzv ölkələri arasında razılaşdırılıb. Bundan sonra Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev üzv ölkələr adından BMT Baş Assambleyasının təklifi ilə xüsusi sessiyasının keçirilməsi BMT Baş katibi Antonio Quterreşə müraciət edib.

Öz növbəsində BMT Baş katibi mayın 28-də BMT Baş Assambleyasının “Prosedur Qaydaları”na əsasən üzv ölkələrə müraciət edərək 30 gün müddətində təşəbbüsə dair münasibət bildirilmələrini xahiş etmişdir. Qaydalara əsasən, BMT üzvü olan ölkələrin çox hissəsi təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Müddətin bitməsinə artıq xeyli qalmış 130-dan çox ölkə Azərbaycan Prezidentinin təşəbbüsünə dəstək verdiklərini bildiriblər.

Təşəbbüsə qarşı çıxış edən yeganə dövlət isə Ermənistan olmuşdur. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.

BMT-nin 130-dan çox üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizin rəhbərinin yüksək beynəlxalq nüfuzunun növbəti təcəssümüdür.

Elçin Zaman, “İki sahil”