19 fevral 2020 20:41
1800

Ermənistanın etirafı: Paşinyanın Münxen rüsvayçılığı

Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə Prezident İlham Əliyevin tutarlı tarixi cavabları qarşısında rəzil duruma düşən Nikol Paşinyan  işğalçı ölkənin mətbuatında hər gün kəskin tənqidi yazılarla az qala “linç” edilir.

“Armenianreport.com” saytının analitiki Tevos Arşakyan vaxtilə agızdolusu təriflədiyi baş nazir Nikol Paşinyanı sərt şəkildə  tənqid edib. “Paşinyanın Münxen rüsvayçılığı” sərlövhəli yazısında müəllif yazır: “Paşinyanın məntiqsiz, yarıtmaz çıxışını dinləyən hər kəs görürdü ki ,  Ermənistanın baş naziri müharibənin məğlub, utanan və itirən tərəfini təmsil edir.

Son iki gündə Ermənistanda yalnız tənbəllər baş nazir Paşinyanı, Azərbaycan Prezidenti Əliyevlə Münxen müzakirəsindəki mənasız, inandırıcı çıxışına görə təpikləmədilər. Erməni xalqının həmin debatlarda yaşadığı utanca görə Paşinyan təkcə siyasi rəqibləri tərəfindən deyil, dünənəcən onun üçün boğazını və köynəyini yırtanlar tərəfindən də sərt tənqidə məruz qaldı. Və hökumət başçısını tənqid edənlərin ordusu bir qar topası kimi böyüməyə davam edir”.

Analitik məyusluğunu gizlətməyərək Ermənistanın yeni hökumətinin xalqın ümidlərini boşa çıxardığını qeyd edib: “ Mən də çox məyusam. Bəli, bir vaxtlar Sarkisyanın cinayətkar-oliqarxik antixalq rejiminin devrilməsini səmimi qarşıladıq və yeni hökumətin Ermənistanda daha yaxşı, daha rifahlı və təhlükəsiz güzəran quracağına ümid etdik. Təəssüf ki, təxminən iki ildə həyatımız nəinki yaxşılaşmadı, əksinə daha da çətinləşdi. Məlum oldu ki, deyilən sözlər boş vədlərmiş və hökumət gözümüzə kül üfürməklə məşğuldur”. 

Müəllif vurğulayıb ki, Paşinyan və onun hökumətinin təkcə Ermənistan daxilində deyil, beynəlxalq aləmdə də lovğalanacaq heç nəyi yoxdur: “ KTMT və MDB ölkələrinin zirvə görüşlərində Paşinyan heç vaxt yaxşı görünmür. Daim belə bir təəssürat yaranır ki, o, sadəcə olaraq nüfuzlu beynəlxalq arenalarda özünü apara bilmir. Axı, Ermənistandakı tərəfdarlarınızla danışmaq, sosial şəbəkələrdə  guya şimşək kimi çaxmaq başqa şeydir, beynəlxalq aləm isə tamamilə başqa. Münxendə olduğu kimi. Münxen müzakirələrində Paşinyan mütəşəkkil nitqlə çıxış edə bilmədi.  Məsələ burasındadır ki, İlham Əliyev ingilis dilində mükəmməl danışırdı, ancaq Paşinyanın ləhcəsi adamın qulağını deşirdi. Düzdür, ingilis dili ana dilimiz deyil və hökumət başçısının bu dildə səlis danışması tələb olunmur. Rus dili də onun kimi. Bunun üçün onun tərcüməçilər ordusu var. Ancaq madam ki, Paşinyan tərcüməçisiz danışmağa qərar verib, onda ingilis dilini təkmilləşdirməyə borcludur. Razılaşaq ki, baş nazirimizin uyğun sözləri axtararkən qulağını, boynunu qaşıması olduqca iyrənc bir görüntü idi. Çox nüfuzlu bir platformada dövlət başçısı belə hərəkət etməməli idi.

Acınacaqlısı odur ki, Paşinyan Əliyevin diplomatik hücumlarına lazımi, səriştəli və adekvat cavab verə bilmədi. Həmkarlarımız və politoloqlarımız da Münxendə İlham Əliyevin özgüvənli davranışı fonunda Nikol Paşinyanın acınacaqlı və aciz göründüyünün şahidi oldular”. 

T. Arşakyan qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Münxen raundunu açıq şəkildə qazandı: “ Bütün bu hekayədəki ən gülməli məqam budur ki, Ermənistanda yeni rejim tərəfindən “yemlənən” bəzi ekspertlər, politoloqlar və jurnalistlər hər şeyi elə təqdim etməyə çalışırlar ki, sanki Münxendə biabır olan Paşinyan deyil. 

Doğrudanmı hakimiyyətdə Paşinyanın nüfuzunu bu şəkildə qorumağa ümid edən axmaqlar var? Yoxsa onlar kor və kar olduğumuzu və heç nə görmədiyimizi düşünürlər? Əgər belədirsə, onda çox təəssüflənirəm. Hər şeydən əvvəl özümüzə yazığım gəlir. Münxen rüsvayçılığı fonunda hələ də  özümüzü ağıllı hesab edirik...”

Görünən odur ki, Ermənistan tərəfi artıq bütün cəbhələrdə zəif  olduğunu, naşı və səriştəsiz dövlət başçısının ucbatından ölkəsinin utancverci rüsvayçılıqlar yaşadığını özü etiraf etməli olur...

Sevinc Abdullayeva, “İki sahil”