KÖŞƏ

Vəli İlyasov

Ermənistanın hərbi təxribatları nəyə hesablanıb?

11 iyun 2019 10:27
844

Proseslərin inkişafı təsdiq edir ki, qoşunların təmas xəttində törədilən təxribatların arxasındakı səbəblərdən ən böyüyü Ermənistanın daxilindəki gərgin siyasi mübarizədir. Bu kontekstdə baş nazir Nikol Paşinyanın sürətlə zəifləyən reytinqi və ölkədəki ictimai və iqtisadi  böhran da diqqəti cəlb edir. Mayın 22-də “Gallup” şirkətinin keçirdiyi sorğunun nəticələrinə görə, 2018-ci ilin sentyabrından indiyə kimi ermənilərin 20 faizi həyatından tam, 53,1 faizi qismən razı olduğunu bildirib. Ötən illə müqayisədə həyatlarından razı olan ermənilərin sayı cəmi 5 faiz artıb. 11 faiz erməni ölkədəki iqtisadi situasiyanı yaxşı dəyərləndirdiyi halda 54,4 faiz orta, 33,4 faiz isə pis qiymətləndirib. Respondentlərin fikrincə, hazırda Ermənistanın ən böyük problemləri işsizlik (45 faiz), pis iqtisadi şərait (40 faiz), aşağı əməkhaqqı (26,8 faiz), Qarabağ münaqişəsi (26,1 faiz) və miqrasiyadır (10,5 faiz). Bu nəticələr Paşinyanın reytinqinin alt-üst olduğunu göstərir. Halbuki o, Dağlıq Qarabağ münaqişəsinin ermənilərin problemləri içində 26,1 faiz yox, ən azı 70 faizdən yuxarı təşkil etməsində maraqlıdır. Bunun üçün yeganə yol cəbhədə gərginliyin yaradılması və “xarici düşmən” obrazının gücləndirilməsidir. Çünki cəbhədə sabitlik ermənilərin diqqətini daxili məsələlərə yönəldir. Ona görə də Nikol Paşinyan diqqəti daxili problemlərdən yayındırmağın yeganə yolu kimi hərbi eskalasiyanı görür. Klassik üslubdur və Ermənistanın əvvəlki rəhbərləri də bu üsuldan istifadə ediblər.

Hərçənd, bu klassik üslubun ən böyük hədəfi danışıqlar prosesinin dalana dirənməsidir. Son günlərdə zabitimizin erməni snayperi tərəfindən məhz ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri zamanı şəhid edilməsi də buna hesablanıb.

Bu cür hadisələrdən belə nəticə çıxarmaq lazımdır ki, Ermənistanın başsız başçıları masada baş tutmayan danışıqları cəbhədə oyuna çeviriblər.  Sonuncu dəfə martın 29-da Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Vyanada keçirilən rəsmi görüşündə İrəvanın danışıqlar prosesinin formatını dəyişdirmək planı alt-üst oldu və danışıqların mahiyyəti üzrə davam etdirilməsi qərarı verildi. Paşinyan prosesi uzatmaq və status-kvonu saxlamaq üçün son variant kimi məhz separatçıları danışıqlara cəlb etmək tezisini irəli sürmüşdü. Bu planın baş tutmaması və Vyanada əldə edilən nəticələr növbəti danışıqlarda münaqişənin konkret həlli variantı üzərində müzakirələrin aparılmasına zəmin yaradır. Həmsədrlərin regiona səfəri də danışıqların növbəti raundunu hazırlamaq məqsədi daşıyırdı. Prosesi masada uzatmaq üçün irəli sürdüyü bəhanələr sıradan çıxandan sonra Ermənistan status-kvonu saxlamaq üçün klassik üsluba - hərbi təxribata əl atdı. Paşinyan bu addımla öz sələflərinin səhvlərini təkrarladı. Lakin onun sələfləri məhz belə səhvlər buraxdıqları üçün Azərbaycan Ordusunun gücü ilə qarşılaşdılar, nəticədə hakimiyyətdən getdilər. Belə davam edəcəksə, Paşinyanı da eyni tale gözləyir. Çünki Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, işğalçı ölkənin dinc sakinlərə və hərbi qulluqçularımıza qarşı istənilən təxribatına adekvat cavab veriləcək. İndiyə qədər belə cavablar verilib və bundan sonra da davam edəcək. Bu proseslərdən beynəlxalq ictimaiyyət, xüsusilə həmsədr ölkələr də nəticə çıxarmalıdırlar. Birincisi, Ermənistan sülh danışıqlarını imitasiya etməklə onları aldadır, ikincisi, belə təxribatlar regionun təhlükəsizliyinə qarşı ciddi təhdiddir.

Məhərrəm Ağalaroğlu
“Yelqovanlar”
Əmrah Fəqanoğlu
Vicdan yoxlaması
Sevinc Mürvətqızı
Gözdən işıq qapanlar...
Elşad Miraləm
BİZ KİMİK?
Röya Rasimqızı
Qadın olmaq...