17 may 2019 17:02
1061

Ermənistanın işğalçılıq siyasəti ilə bağlı forumlar keçiriləcək

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yeni layihə həyata keçirir.

Mərkəzdən bildiriblər ki, Ermənistanın regional təhdidi mövzusunda keçiriləcək müzakirələrin əsas məqsədi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinin regionda ölkələrarası münasibətlərin inkişafına, qarşılıqlı əlaqələrə təsiri, humanitar əlaqələrin qurulmasına mane olması məsələlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

“Ermənistanın regional təhdidi mövzusunda beynəlxalq tədbirlərin təşkili” layihəsi çərçivəsində Bakı və Gəncə şəhərində iki mühüm beynəlxalq forum keçiriləcək. Forum Bakıda mayın 30-da, Gəncədə isə iyunun 12-də təşkil ediləcək. Forumlarda yerli ekspertlərlə yanaşı, Azərbaycanda akkreditə olunmuş beynəlxalq təşkilatların, səfirliklərin təmsilçilərinin, yerli və xarici media nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Layihənin həyata keçirildiyi müddətdə Facebook sosial şəbəkəsində təşkilatın qrup və səhifələrində onlayn formada ictimai forumlar təşkil olunacaq. Bu forumlara yerli iştirakçılarla bərabər, əcnəbi sosial şəbəkə istifadəçiləri də cəlb olunacaq. Virtual forumların keçirilməsində əsas məqsəd müxtəlif xarici ölkələrdən olan sosial şəbəkə istifadəçilərinin bu müzakirələrdə iştirakı və onların Ermənistanın işğalçılıq siyasəti haqqında həm məlumatlandırılması, həm də geniş təbliğat mexanizminin qurulmasıdır.

Bu forumlar vasitəsilə Ermənistanın işğalçılıq siyasəti və bu təcavüzün regionda müxtəlif problemlər yaratması dünya ictimaiyyətinə və mediasına, vətəndaş cəmiyyətinə çatdırılacaq.

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM-ın sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov bildirib ki, Ermənistanın işğalçılıq siyasəti uzun illərdir davam edir. Bu müddət ərzində Ermənistanda 5-ci hakimiyyət dəyişikliyi olub. Lakin heç bir halda işğalçılıq siyasətindən imtina edilməyib. Təəssüf ki, indiyə qədər dünya dövlətləri, beynəlxalq təşkilatlar təcavüzkar Ermənistana işğalçılıq siyasətindən əl çəkməsi üçün açıq çağırış etməyib.

Rufiz Qonaqov layihənin məqsədləri haqqında danışarkən əsas məqsədin region dövlətlərinin Azərbaycana dəstəyinin ifadə olunması və torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağ münaqişəsinin həllində ölkəmizə dəstək verilməsinin təmin edilməsi olduğunu bildirib. O əlavə edib ki, regionda qarşılıqlı etimadın, humanitar əlaqələrin güclənməsi və gələcəkdə bu təhlükənin region üçün ciddi problemlərin yaranmasına dünya ölkələrinin, beynəlxalq təşkilatların daha çox diqqətinin cəlb edilməsi əsas məqsədlərdəndir.