25 yanvar 2019 17:59
212

Ermənistanın sabiq prezidenti özünü siyasi məhbus adlandırıb

2008-ci ildə konstitusiya quruluşunu devirmək ittihamı ilə həbs olunmuş Ermənistanın sabiq prezidenti Robert Koçaryan yanvarın 25-də həmfikirlərinə müraciətlə çıxış edərək Nikol Paşinyanın hazırkı hakimiyyətini sərt tənqid edib və özünü siyasi məhbus adlandırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, respublikanın sabiq rəhbərinin bu barədə bəyanatı ona məxsus qeyri-rəsmi saytda dərc olunub.

“Ermənistanın hakimiyyət orqanları baş nazir Nikol Paşinyanın rəhbərliyi ilə siyasi və dövlət idarəçiliyində tam gücsüzlük nümayiş etdirir. Aydın görünür ki, yaxın zamanlarda biz böyük məyusluq dalğasının şahidi olacağıq. İqtisadi, daxili və xarici siyasətdə yol verilən kobud səhvlər isə bizə çox baha başa gələcək. Cinayət işimə gəldikdə isə, mən siyasi məhbusam”, - deyə Koçaryan müraciətində bildirib.

Ermənistanın sabiq prezidenti, həmçinin barəsində başlayan cinayət işini “perspektivsiz məşğuliyyət” adlandırıb və “bir neçə avantürist tərəfindən qurulan saxta işin artıq puça çıxdığını” deyib. “Mən hələ də bu işi hüquqi zibil hesab edirəm. Həbsxana məni siyasi fəaliyyətdən imtina etməyə məcbur edə bilməz”. – deyə o, sözlərinə əlavə edib.