05 iyun 2020 11:05
978

Ermənistanın terrorçu xislətinin növbəti dəfə ifşası

Prezident İlham Əliyev: Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər şoudur, təlxəklər tamaşasıdır

Prezident İlham Əliyev iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksi ilə tanışlıqdan sonra rayonun bir qrup idmançısı ilə görüşündəki çıxışında birmənalı olaraq qeyd edib ki, Ermənistan terrorçu dövlətdir.

Ölkəmizin başçısı 20 il bundan əvvəl Ermənistan parlamentindəki qətliamı xatırladaraq bu faşist xislətli ölkənin hələ də beynəlxalq aləm tərəfindən ciddi şəkildə cəzalandırılmadığını bildirib. Xüsusilə ermənipərəst Avropa Şurasının riyakar mahiyyəti barədə deyib ki, Dağlıq Qarabağda xunta rejimi tərəfindən keçirilmiş saxta seçkilər şoudur, təlxəklər tamaşasıdır. Bütün aparıcı ölkələr bu dırnaqarası «seçkiləri» qınayıb və tanımayıb. DağlıqQarabağdakı «seçki» şousu ilə bağlı Avropa Şurasının susmasının səbəbi odur ki, bu təşkilat Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda «beşinci kolon»u, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləmək yolunu seçib: «Avropa Şurası saxta seçkilərlə bağlı səsini çıxartmadığı təqdirdə bu təşkilatda hansı obyektivlikdən, hansı ədalətdən söhbət gedə bilər! Yəni Avropa Şurası tərəfindən Azərbaycan ilə əlaqədar qəbul edilmiş sənədlər kağız parçasından artıq deyil.»

Həmin çıxışında Prezident İlham Əliyev ermənilərin ölkəmizə qarşı törətdikləri silahlı terrorla bərabər, ekoloji terrorlarından da danışıb. Bildirib ki, hələ sovet dönəmində Azərbaycanın büdcə vəsaiti ilə tikilən «Sərsəng» Su Anbarının qarşısını kəsən ermənilər ölkəmizə ekoloji zərər vurmaqla əsl faşist xislətlərini göstərirlər: «Kiminsə suyunu kəsmək cinayətdir. Bu, faşizmin təzahürüdür və təsadüfi deyil ki, Ermənistanda faşistlərə abidələr ucaldılır. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, belə gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır.»

Ermənistanda faşist Qaregin Njdeye abidə qoyulaması faktını da kəskin şəkildə pisləyən Prezident İlham Əliyev bu barədə bildirib ki, kasıb Ermənistanda ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşistlərə 6 metrlik abidə ucaldırlar: «O adam ki, onun Hitlerlə əməkdaşlığı sənədlərlə təsdiq edilib. O adam ki, müharibə zamanı demişdir: «Almaniya uğrunda ölən, Ermənistan uğrunda da ölür”. O adam ki, Sovet İttifaqının müvafiq orqanları tərəfindən həbs olunub, ona 25 il hökm oxunub, həbsxanada da ölüb və reabilitasiya olunmayıb. O adama 6 metrlik abidə ucaldılır və bugünkü Ermənistan rəhbərliyi bu adamı qəhrəman kimi təqdim edir. Bu, nəyi göstərir?! Onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Bütün dünya bilməlidir.»

Ölkəmizin başçısı Azərbaycan dövlətinin geosiyasi nüfuzundan və ölkəmizin bütün beynəlxalq qurumlarda ləyaqətlə təmsil olunmasından danışaraq bildirib ki, bu gün beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe həqiqəti, ədaləti əks etdirir: «Bizim səylərimiz nəticəsində bütün aparıcı beynəlxalq təşkilatlar münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə əlaqədar müvafiq bəyanatlar vermişlər. Bizim bir çox ölkələrlə ikitərəfli formatda imzaladığımız strateji tərəfdaşlıq haqqında bəyannamələrdə ölkəmizin ərazi bütövlüyü dəstəklənir və münaqişənin məhz bu prinsiplər əsasında həll olunması təsbit edilir».

Ölkəmizin başçısı beynəlxalq aləmin diqqətini Ermənistandakı cinayətkar rejimin bütün milli azlıqları əzməsi faktına yönəldərək bu ölkədə şovinizmin hələ də mövcud olduğunu bildirib: «Orada bir dənə də olsun milli azlıq yoxdur, Azərbaycanın qədim torpaqlarında bir dənə də olsun azərbaycanlı qalmayıb, bizim tarixi abidələrimiz, məscidlərimiz dağıdılıbdır, azərbaycanlıların tarixi irsi silinibdi.»

Ancaq Ermənistandan fərqli olaraq Azərbaycanda bu gün multikultural dəyərlər hökm sürür, hər bir xalq normalşəraitdə yaşayışını davam etdirir. Bu barədə dövlətimizin başçısı deyib: «Azərbaycanda hökm sürən millətlərarası münasibətlər, dinlərarası dialoq dünya üçün nümunədir. Ermənistanda isə əhalinin 99,9 faizi ermənidir. Bu cinayətkar kriminal rejim bütün digər millətlərdən olan insanları müxtəlif yollarla qovub.»

Elçin Zaman,

«İki sahil»