07 aprel 2020 14:27
1539

Əsas məqsəd insanların sağlamlığını təmin etməkdir

Ölkə Prezidenti İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan xalqına müraciətində bildirmişdir ki, vaxt amili, həkimlərin peşəkarlığı, mövcud imkanların vəhdəti Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına şərait yaradır

Dünyanı bürüyən və ağır fəsadlara səbəb olan koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri daha da gücləndirilir. Dövlətimizin başçısı İlham Əliyev Sumqayıt Kimya Sənayesi Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı zamanı Azərbaycan xalqına müraciətində qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ölkəmizdə hal-hazırda koronavirus xəstəliyinin yayılmasının geniş vüsət almadığını bildirmiş, diqqəti dünyanın inkişaf etmiş ölkələrində gündə artan xəstəlik və ölüm hallarına yönəldərək qeyd etmişdir ki, heç bir ölkənin səhiyyə sistemi bu artan xəstələrin müalicəsini tam təşkil edə bilmir. Bu, bizim üçün də bir dərs olmalıdır. Ölkəmizdə qabaqlayıcı tədbirlərin görülməsi və vəziyyətə uyğun şəkildə bu addımların atılmasında məqsəd insanların həyatını, sağlamlığını qorumaq və bu xəstəliyin geniş vüsət almasına imkan verməməkdir.

İlk gündən görülən tədbirlər öz müsbət nəticəsini verir. Öncə gigiyena və özünütəcrid qaydalarına əməl edilməlidir. Əllərin tez-tez yuyulması, maskalardan və əlcəklərdən istifadə olunması, insanlar arasında məsafənin qorunması, ən əsası lazım olmadığı təqdirdə küçəyə çıxmamaq kimi daxili məsuliyyət hissimizi formalaşdırmaqdır.

Son aylar koronavirus infeksiyasına qarşı mübarizə ilə əlaqədar olaraq apteklərdə tibbi maska çatışmazlığı günümüzün probleminə çevrilmişdir. “Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır” söyləyən ölkə Prezidenti İlham Əliyev xalqa müraciətində Azərbaycanda bu sahədə daim idxaldan asılılığın olduğunu önə çəkərək vurğulamışdır ki, amma qısa müddətdə yerli istehsal təşkil edildi. Bu istehsal imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.

Dövlətimizin başçısı bu mühüm addımda sahibkarların rolunu xüsusi qeyd etdi. Daim bu fikir önə çəkilir ki, ölkənin hərtərəfli inkişafında kiçik və orta sahibkarlığın rolu böyükdür. İnkişaf etmiş ölkələrə diqqət yetirsək, onların dayanıqlı inkişafında kiçik və orta sahibkarların rolunu aydın görmək mümkündür. Cənab İlham Əliyev qeyd edir ki, əgər inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyiriksə, təbii ki, Azərbaycanda da bu sahənin inkişafı prioritet olacaq.

Sahibkarlığın inkişafına geniş imkan yaradan regional inkişaf proqramlarından irəli gələn vəzifələrin uğurlu icrası daim dövlətimizin başçısı İlham Əliyevin diqqət mərkəzindədir. Həmin proqramların icrası sayəsində 2004-cü ildən 2019-cu ilin ötən dövrü ərzində 2,3 milyon yeni iş yeri yaradılıb. Təkcə sonuncu IV Dövlət Proqramının icrası nəticəsində 98 min yeni iş yeri açılıb. Yeni iş yerlərinin bir hissəsi regionlarda açılan çoxsaylı istehsal, emal, sənaye, xidmət və sosial obyektlərin payına düşür. Sahibkarlığın inkişafı istehsalın artımı ilə bərabər, həm də yeni iş yerləri deməkdir. Buna görə də dövlət regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən proqramlarda bölgələrdə sahibkarlığın inkişafına xüsusi diqqət yetirir. Belə hal həm iqtisadi inkişafı, həm də əhalinin sosial müdafiəsini stimullaşdırır. Son dövrlər regionlarda yeni istehsal, emal və xidmət müəssisələrinin açılması əhalinin paytaxta axınının qarşısını demək olar ki, alıb. Bəzi hallarda isə paytaxtdan bölgələrə qayıtma halları üstünlük təşkil edir.

Dördüncü Dövlət Proqramının icrasına uyğun olaraq bölgələrdə sahibkarlığı inkişaf etdirmək məqsədilə davamlı tədbirlər həyata keçirilir. İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə önəmli dəstək verməsi sayəsində Qəbələdə, Abşeronda, Füzulidə, Sumqayıtda, Şəkidə, Şamaxıda Kiçik və Orta Biznes mərkəzləri fəaliyyətə başlayıb. Hədəf mikro, kiçik və orta sahibkarlığın inkişafının stimullaşdırılmasıdır.

Ölkə Prezidenti İlham Əliyev xalqa müraciətində də bu mühüm məqamı xüsusi qeyd etmişdir ki, koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı. Dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri də bunu etiraf edirlər. qeyd edirlər. Beynəlxalq Valyuta Fondu qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009-cu illərin böhranından daha ağır olacaq.

Azərbaycan koronavirus pandemiyasının iqtisadi və sosial fəsadlarını aradan qaldırmaq üçün müxətlif istiqamətləri əhatə edən proqramlar hazırlayaraq, yaxın zamanlarda icrasına başlanacaq. Bu istiqamətlər sırasında təbii ki, sahibkarlığın inkişafına dəstək əsas yer tutur. İş yerlərinin bağlanmaması üçün zəruri addımların atılması, kiçik və orta sahibkarlara maddi dəstəyin göstərilməsi və sair kimi məsələlərin yer aldığı həmin yardım proqramları ekspertlər, iqtisadçılar tərəfindən geniş şərh olunmaqdadır. Ümumi qənaət budur ki, Azərbaycan görülən tədbirlər nəticəsində koronavirus bəlasından az itki ilə çıxan ölkə olacaq. Bugünkü renallıqları 2008-2009-cu illərin iqtisadi və maliyyə böhranı ilə müqayisə edən ekspertlər, beynəlxalq maliyyə qurumlarının təmsilçiləri də etiraf edirlər ki, Azərbaycan həmin böhrandan az itgi ilə çıxmışdır. Həmin dövrdə ölkəmizdə iqtisadi artım nəinki azalmış, artımı ilə dünyanın diqqətində olmuşdur. Bu uğuru şərtləndirən amil ölkəmizin öz iqtisadi strategiyasını müəyyənləşdirərkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinad etməsi, ən əsası iqtisadiyyatın şaxələndirilməsi siyasətini uğurla həyata keçirməsidir. Bu gün Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib çıxması uğurlu iqtisadi islahatların nəticəsidir. Ümumi daxili məhsulda özəl bölmənin payı 75 faiz təşkil edir. Bu bir daha bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi olan sahibkarlığın inkişafının prioritetliyini, ölkəmizdə güclü sahibkarlar sinfi formalaşdığını təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışı da deyilənlərin bariz nümunəsidir. Dövlətimiz daim sahibkarların yanındadır, onlara maddi dəstəyini əsirgəmir. Xalqa müraciətində “Əgər biz koronavirusun ən çox təsir etdiyi sahələri və eyni zamanda, fərdi sahibkarlıqla məşğul olan insanları nəzərə alsaq, 600 min insan bu vəziyyətdən daha çox əziyyət çəkir, çünki orada iş yerləri bağlanıb. Sahibkarlara mənim çağırışım, birmənalı tələbim artıq hər kəsə bəllidir ki, bu dövrdə heç bir ixtisara getmək olmaz, ancaq biz sahibkarlara da imkan yaratmalıyıq ki, onlar da əziyyət çəkməsinlər” fikirləri də deyilənlərin təsdiqdir. 600 min işçi, o cümlədən fərdi sahibkar dövlət hesabına maliyyələşəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb, artıq bu ödəmələr başlayır.

Bu kimi məqamları diqqətə çatdıran dövlətimizin başçısı, eyni zamanda, bildirmişdir ki, insanların sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı bizim üçün hər şeydən üstündür: “Bütün Azərbaycan vətəndaşlarına bir daha çağırış edib demək istəyirəm: Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”

Azərbaycanda ilk gündən görülən tədbirlər öz müsbət nəticəsini verir. İnsanların sağlamlığının təmin edilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Ölkəmizdə bu günə qədər 45 mindən artıq test keçirilib. Aprelin 5-dən qüvvəyə minən yeni karantin qaydalarının bir məqsədi var ki, bu da xəstəliyin Azərbaycanda geniş yayılmasına imkan verməməkdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, vaxt amilinin, həkimlərin peşəkarlığının və mövcud imkanların vəhdəti Azərbaycanın az itkilərlə bu vəziyyətdən çıxmasına şərait yaradır. Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Ən müasir xəstəxanalar koronavirus xəstələrinin müalicəsi ilə məşğuldur.

Cənab İlham Əliyev qeyd olunan müraciətində yaxın zamanlarda Bakıda və bir neçə bölgədə müasir xəstəxanaların yaradılmasının nəzərdə tutulduğunu bildirib. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin regionların, həmçinin Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə təsdiqlədiyi Dövlət Proqramlarına uyğun olaraq paytaxt və rayonlarda tikilib istifadəyə verilən, dünya standartlarına cavab verən müalicə-diaqnostika mərkəzləri vətəndaşlara hər cür xidməti göstərir. Son 16 ildə Azərbaycanın yalnız bölgələrində 22 yeni xəstəxana, 15 diaqnostika müalicə mərkəzi inşa edilib, 28 Mərkəzi Rayon Xəstəxanası əsaslı təmir olunub. Beş xəstəxananın tikintisi isə davam edir. Bölgələrdə 70 müasir tibb ocağı istifadəyə verilib. Son 16 ildə Azərbaycanda 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub. Son illər müayinədən keçən vətəndaşların sayı 5 milyona çatıb. “Mən 10 il bundan əvvəl vətəndaşlara belə bir tövsiyə etmişdim ki, ildə bir dəfə hər bir vətəndaş müayinədən keçsin, öz sağlamlığı haqqında onda da, həkimlərdə də məlumat olsun, lazım olan halda müalicə alsın, cərrahiyyə əməliyyatından keçsin” söyləyən dövlətimizin başçısı onu da vurğulayır ki, ancaq o vaxt lazımi şərait yox idi, bu gün isə bu şərait var. Ona görə belə gözəl tibb mərkəzinin yaradılması bizim siyasətimizin göstəricisidir. Azərbaycanda əhalinin sağlamlığının qorunması istiqamətində aparılan məqsədyönlü siyasət hər bir vəziyyətdən uğurla çıxmağa əsas yaradır.

Yeganə Əliyeva, “İki sahil”