10 iyul 2020 14:05
976

Əsli Kazımova: Dünya ölkələri Azərbaycan Prezidentinin  təşəbbüsünü yüksək qiymətləndirir

“Xüsusi sessiyanın keçirilməsi pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək”

 

“Prezident İlham Əliyev təkcə bütün regional məsələlərdə deyil, dünya miqyasında baş verən qlobal hadisələr zamanı qətiyyətli mövqe nümayiş etdirir. Dövlət başçımızın koronavirus pandemiyasına qarşı müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də digər dünya dövlətlərinin müdafiəsinə yönəlmişdir. Koronavirus pandemiyası real təhdidə çevrilməyə başlayanda buna qarşı birgə tədbirlər görmək üçün ilk dəfə Prezident İlham Əliyev beynəlxalq tədbirin keçirilməsi təşəbbüsü ilə çıxış edərək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri statusunda bu təşkilatın dövlət və hökumət başçıları səviyyəsində aprel ayında fövqəladə Zirvə görüşünü keçirdi. Eyni zamanda, cənab Prezident İlham Əliyevin 120 ölkəni özündə birləşdirən və beynəlxalq aləmdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatının (QH) sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVID-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə görüşü təşkil edildi. Prezident İlham Əliyev həmin onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etməsi məsələsi çox önəmlidir. Çünki bu onu göstərirdi ki, artıq Azərbaycan beynəlxalq arenada öz sözünü deyə bilən, öz təkliflərini irəli sürə bilən, öz təşəbbüsləri ilə dünya ölkələrini birliyə və bərabərliyə səsləyən bir dövlət statusuna sahibdir. Dünya ölkələrinin Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir. Cənab Prezidentin təşəbbüsünün yüzlərlə ölkənin yekdilliklə qəbul etməsi  ölkəmizin beynəlxalq nüfuzu üçün də olduqca mühüm hadisədir.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyası sədrinin birinci müavini Əsli Kazımova deyib.

Ə.Kazımova dünyada COVİD-19 pandemiyasının vüsət aldığı gündən   etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslərin irəli sürülməsi ilə bağlı da fikrinə əlavə etdi: “Pandemiya ilə mübarizə tədbirlərinin həyata keçirildiyi bir zamanda dünya ölkələri ilə mövcud durumun müzakirəsinə çox ehtiyac var. Cənab Prezidentin bu kimi həssas davranışı hər kəs tərəfindən müsbət qarşılanmaya bilməzdi. Çünki xüsusi sessiyanın keçirilməsi pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcəkdir. Bu gün beynəlxalq həmrəylik yolunda BMT-nin görməli olduğu missiyanı  cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyata keçirir. Etiraf etmək lazımdır ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür. Prezident İlham Əliyevin dünya müharibəsi ilə müqayisə ediləcək dərəcədə qlobal dünya problemi olan pandemiyanın hökm sürdüyü bir zamanda  beynəlxalq həmrəylik yolunda mütəmadi olaraq, başqa qurumların onlayn video konfransını təşkil etməsi dünya birliyi adına böyük töfhədir. Bu kimi missiyalar əslində BMT kimi böyük beynəlxalq təşkilatların işidir. Ona görə də, hesab edirəm ki, cənab İlham Əliyevin bu missiyası  beynəlxalq sülh və təhlükəsizlik adına addım olaraq, Azərbaycanın beynəlxalq arendakı nüfuzuna olduqca böyük divident qazandırmasına nail olacaq!”

Yaqut Ağaşahqızı, “İki sahil”