20 sentyabr 2019 12:03
1109

“Əsrin müqaviləsi” - 25

Misilsiz tarixi xidmət nümunəsi “Əsrin müqaviləsi”nin imzalanmasında Ümummilli Liderin xalq, dövlət naminə göstərdiyi qətiyyət dahi rəhbərin misilsiz tarixi xidmətlərinin ən çətini və ən şərəflisidir

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın tanınmış neft şirkətləri arasında sazişin imzalanmasından artıq 25 il keçir.

Bu tarixi hadisə xalqımızın yaddaşında əbədi yaşayacaq. Çünki məhz bu tarixi addımla müstəqilliyini bir daha sübut edən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. Dünya birliyinin həsəd apardığı Azərbaycanın dinamik, davamlı inkişafına gedən yolun təməli bu tarixdən başlanır. Həmin vaxt müharibə şəraitində yaşayan, iqtisadiyyatı böhran içərisində olan Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması, ölkəmizə investisiya axınının reallaşması çox çətin idi. İndi haqlı olaraq deyilir ki, “Əsrin müqaviləsi”nin imzalanmasında Ümummilli Liderin xalq, dövlət naminə göstərdiyi qətiyyət dahi rəhbərin misilsiz tarixi xidmətlərinin ən çətini və ən şərəflisidir.

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün böyük tədbirlər görməyə başladı. Bütün siyasi gedişlərində ilk növbədə Azərbaycanın milli və dövlətçilik maraqlarını əsas götürən ulu öndər Heydər Əliyevin hazırladığı neft strategiyasının təməli olan müqavilənin reallaşmasında əsas məqsəd Azərbaycanı o dövrdə üzləşdiyi siyasi, iqtisadi, ideoloji blokadadan çıxarmaq, ölkəmizin dünya birliyinə inteqrasiyasında xalqımızın milli sərvəti olan zəngin neft yataqlarından bugünkü və gələcək nəsillərin rifahı naminə istifadə etmək idi. Müqavilə ilə əlaqədar aparılan və mütəxəssisələrin birgə fəaliyyətinin nəticəsi kimi hazırlanan layihələrə, irəli sürülən təkliflərə xüsusi diqqət, məsuliyyət, uzaqgörən siyasətlə yanaşan ulu öndər Heydər Əliyevin səyi ilə sənədlərə Azərbaycanın milli mənafelərini əks etdirən müddəa və bəndlər əlavə olundu. Azərbaycanın o dövrdə üzləşdiyi vəziyyəti nəzərə alaraq tam əminliklə demək olar ki, dünya birliyinin maraq göstərdiyi ilk belə nəhəng layihənin hazırlanması, tanınmış neft şirkətlərinin “Əsrin müqaviləsi”ndə iştirakı lider qətiyyətinin məntiqi nəticəsi idi. “Çox iri bir layihə hazırlanır. Azərbaycan belə müqaviləni ilk dəfə bağlayır. Mən Azərbaycan iqtisadiyyatını və onun sənaye potensialını, xüsusilə neft-qaz sənayesini yaxşı bilən bir adam kimi hazırlığın necə getməsi ilə maraqlanmaya bilməzdim” söyləyən ümummilli lider Heydər Əliyev ən incə detallara belə diqqətlə yanaşır, SOCAR-ın mütəxəssisləri, konsorsiumda iştirak edəcək tərəflərin nümayəndələri ilə söhbətlər aparır, maraqlı təklifləri dəfələrlə araşdırırdı.

Bu müqavilə imzalanan gündən ölkəmizdə müasir neft-qaz və nəqliyyat layihələri realizə edilməyə başlandı. Bu layihələr Azərbaycanın enerji təhlükəsizliyini və iqtisadi sabitliyini təmin edən əsas faktora çevrildi.

“Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (“Amoko”, “bp”, “McDermott”, “Yunokal”, ARDNŞ, “Lukoyl”, “Statoyl”, “Ekson”, “Türkiyə petrolları”, “Penzoyl”, “İtoçu”, “Remko”, “Delta”) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına yol açdı.

“Əlbəttə ki, bizim iqtisadi vəziyyətimizin əsas təməli 1994-cü ildə qoyulmuşdur. Biz bunu unutmamalıyıq və yadda saxlamalıyıq. Bizim bütün uğurlarımızın başlanğıcı məhz 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra başlamışdır. Biz isə bu vəziyyətdən çox böyük səmərə ilə istifadə etdik. Biz neft kapitalını insan kapitalına çevirdik. Bu gün Azərbaycan tərəfindən qoyulan investisiyalar ölkəmizin ümumi inkişafını təmin edir. Bizim maliyyə vəziyyətimiz çox sabitdir. İqtisadi islahatlar baxımından Azərbaycan son illər ərzində uğurlu yol keçmişdir” söyləyən Prezident İlham Əliyev daim vurğulayır ki, qazanılan uğurlar üçün keçmişə böyük hörmətlə yanaşırıq.

Dünyanın neft-qaz nəhəngləri ilə əməkdaşlıq edən Azərbaycan planetin yanacaq-energetika sistemində qısa müddət ərzində öz layiqli yerini tutdu. Müqavilənin bağlanması Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın inkişafına və regional iqtisadiyyatların qlobal iqtisadiyyata inteqrasiyasına da təkan oldu. “Əsrin müqaviləsi” yalnız resursların həcminə görə deyil, eləcə də investisiya yatırımlarına görə də ən iri enerji müqavilələrinin sırasına daxil oldu.

Dünyada elə dövlət yoxdur ki, müəyyən qədər təbii sərvətlərə malik olmasın. Azərbaycan isə payına düşən sərvətlərin sayına, strateji əhəmiyyətinə görə fərqlidir. Ancaq bir hikməti də unutmaq olmaz ki, təbii ehtiyatlardan düzgün istifadə edildikdə o, zəngin sərvətə çevrilir. Azərbaycanın neft strategiyasının əsasını da bu prinsiplər təşkil edir. Bu uğurlara isə “Əsrin müqaviləsi”nin imzalanması ilə nail olunub.

Ölkə iqtisadiyyatının inkişafında əsas rol oynayan SOCAR neft sənayesi üzrə peşəkar kadrların yetişdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Son illər ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü ilə gələcək tərəqqiyə yönəlmiş uğurlu bir siyasət həyata keçirilir. Gənclərin müasir biliklərə yiyələnmələri, yaradıcı fəaliyyətə həvəsləndirilmələri, onların istedad və bacarıqlarını hərtərəfli inkişaf etdirmələri üçün əlverişli imkanlar yaradılır. Cənab Prezident İlham Əliyevin bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir möhkəm ideya durur: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”. Bu mənada bütün dövrlərdə Azərbaycan sənayesinin flaqmanı olmuş SOCAR-da həyata keçirilən proqram və layihələr xüsusilə diqqətəlayiqdir.

Azərbaycanın iqtisadi inkişafı reallıqdır. Bu inkişaf səviyyəsi kadr hazırlığını günün tələbinə çevirir. Gənclərə diqqət və qayğı, onların təhsilinin inkişafına yönələn addımlar SOCAR-ın da fəaliyyətinin əsas tərkib hissələrindəndir. Bu günün əsas tələblərindən biri kadr hazırlığını iqtisadi inkişafa uyğunlaşdırmaqdır. Ölkə iqtisadiyyatının tərəqqisində neft-qaz amilinin rolunu xüsusi vurğulayan dövlət başçısı İlham Əliyev bildirir ki, qeyri-neft sektorunun inkişafı da uğurlu neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilməlidir. İqtisadiyyatın çoxşaxəliliyi hərtərəfli inkişaf üçün başlıca amillərdəndir. Neft kapitalı insan kapitalına çevrilməlidir. Cənab Prezident İlham Əliyev SOCAR qarşısında müasir, güclü və rəqabətə davamlı transmilli şirkətə çevrilmək vəzifəsi qoyub. 2005-ci ildən başlayaraq SOCAR-ın prezidenti Rövnəq Abdullayev Dövlət Neft Şirkətində kadrların hazırlanması üzrə strategiyanı müəyyənləşdirdi və bu istiqamətdə işlər xeyli gücləndirildi. Neftçi ixtisaslarına əvvəlki marağı artırmaq, bu peşələrin əvvəlki şöhrətini bərpa etmək üçün çoxşaxəli fəaliyyət proqramı həyata keçirilməyə başlandı. Bu fəaliyyət orta təhsil, peşə təhsili, ali təhsil və xarici ölkələrdə təhsil proqramlarını əhatə edir.

Cəmiyyət qarşısında sosial məsuliyyətini dərindən dərk edən SOCAR ölkənin ictimai həyatında da fəal iştirak edir, respublikada həyata keçirilən mühüm sosial-iqtisadi layihələrə layiqli töhfələr verir. Hər il SOCAR-ın maliyyə vəsaiti hesabına ölkənin müxtəlif rayon və kəndlərində əhalinin rifahının gücləndirilməsi məqsədilə inşa olunan yeni məktəblər, kitabxanalar, xəstəxana və tibb məntəqələri, idman qurğuları, istirahət obyektləri, körpülər, park və xiyabanlar neftdən əldə olunan gəlirlərin sosial infrastrukturun bərpasına yönəldildiyini təzahür etdirir. Bütün bunlar isə bir daha göstərir ki, ölkəmizin iqtisadi inkişafının davamlılığının təmin edilməsinə xidmət SOCAR-ın fəaliyyətinin əsas istiqamətlərindəndir.

Cavid Əkbərov,

“İki sahil”