20 sentyabr 2019 12:54
2023

“Əsrin müqaviləsi”-25

Prezident İlham Əliyev: “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi

“Azərbaycan xalqının da azadlıq və müstəqillik uğrunda mübarizəsində öz təbii sərvətlərinin sahibi olmaq arzusu əsas məqsədlərdən biri idi. Bu gün iftixar hissi ilə deyə bilərik ki, Azərbaycan xalqı uzun illər boyu ürəyində gəzdirdiyi arzusuna çatmışdır və təbii sərvətlərinin, o cümlədən neftinin tam sahibidir və ondan necə istifadə olunmasını sərbəst surətdə müəyyən edir” söyləyən ümummilli lider Heydər Əliyev bir xilaskar kimi illərdən bəri həsrəti ilə yaşadığı suverenliyin əvəzedilməz nemət olduğunu bu sözləri ilə ifadə etmişdi.

İstəkləri uğrunda mübarizədən qalib çıxmağı həyat amalı hesab edən Ulu Öndər arzusunu reallaşdırmağı da bacardı. “Bizim bütün təbii sərvətlərimiz xalqa məxsusdur və bu sərvətlərdən istifadə olunmasında heç kimin müstəsna haqqı yoxdur. 1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyanın əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir” söyləyən Ümummilli Lider xalqımızın xilaskarı olduğunu qətiyyəti ilə təsdiqləməklə kifayətlənmədi. Azərbaycan xalqının gələcək rifahının özünün də qeyd etdiyi kimi, təbii sərvətlərdən düşünülmüş istifadəsindən çox asılı olduğunu müdrik, uzaqgörən siyasəti ilə təsdiqlədi.

Dahi şəxsiyyət Heydər Əliyev dünyanın ən böyük enerji layihəsi olan, regional müstəvidən çıxaraq beynəlxalq əhəmiyyətli, ilk mərhələdə çoxlarına xəyal kimi görünən Bakı -Tbilisi-Ceyhan neft kəmərinin reallaşmasını nəzərdə tutan “Əsrin müqaviləsi”ni gerçəkləşdirməklə dünya siyasətçiləri arasında böyük zəkaya və nufuza malik olduğunu bir daha təsdiqlədi, müasir Azərbaycanın xilaskarı, yaradıcısı və qurucusu olduğunu tarixi xidmətləri ilə bəyan etdi.

...1990-cı illərin sonlarında ölkəmizə edilən təsir və təzyiqlərə baxmayaraq Azərbaycan xalqının yenilməzliyinə, birliyinə, cəsarətinə güvənərək neft strategiyasını müdrikcəsinə hazırlayan Ulu Öndərin ideyaları çoxları üçün əlçatmaz olsa da, zəkası ilə fərqlənən Heydər Əliyev fenomen biliyi ilə düşüncələrinin reallığa əsaslandığını təsdiqlədi.

O illərdə Ulu Öndərin çəkdiyi zəhmətləri respublikamızın qüdrətlənməsi, iqtisadi inkişafı, Azərbaycan xalqının gələcəyi üçün böyük fədakarlıq adlandıran Prezident İlham Əliyev bu sözləri ilə müqavilənin hansı şəraitdə imzalandığını və çətinlikləri xarakterizə edir: “O vaxt Azərbaycan gənc müstəqil dövlət idi və bayaq qeyd etdiyim kimi, çox ağır çağırışlarla üz-üzə qalmışdı, iqtisadiyyat demək olar ki, tamamilə dağıdılmışdı, sənaye istehsalı iflic vəziyyətdə idi, inflyasiya min faizlərlə ölçülürdü, kütləvi işsizlik hökm sürürdü, yoxsulluq dərəcəsi artırdı. Belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi və Heydər Əliyev neft strategiyası bax, bu çağırışlara cavab verdi. Xarici tərəfdaşlarla 1994-cü ildə imzalanmış “Əsrin kontraktı” bizim üçün bir çıxış yolu idi, bizə bir güc verdi, nəfəs verdi, investisiya gətirdi.”

Neft strategiyasının hazırlanması, müqavilənin imzalanması Ulu Öndərin Azrbaycanın müstəqilliyi, ölkə iqtisadiyyatının inkişafı, xalqın rifahı naminə keçirdiyi həyəcan, üzərinə götürdüyü məsuliyyət millətinə bağlı bir müdrikin fədakarlığı idi. Tarix sübut etdi ki, “Əsrin müqaviləsi”ni reallaşdırmaq, xarici ölkə başçılarını, tanınmış şirkətlərin rəhbərlərini inandırmaq yalnız müdrik siyasətçi Heydər Əliyev uzaqgörənliyi sayəsində mümkün ola bilərdi.

“Mən o illəri yaxşı xatırlayıram. Dövlət Neft Şirkətinin bir qrup rəhbər işçisi 1994-cü ildə danışıqlar aparmaq üçün Amerikanın Hyuston şəhərinə ezam edilmişdi. Orada bir aydan çox danışıqlar aparıldı. Xoşbəxt müəllim o danışıqların çox fəal iştirakçısıdır. Bu danışıqlar nəticəsində sentyabr ayında kontrakt imzalandı. Bu kontrakt o vaxt üçün ən məqbul və əlverişli şərtlərlə imzalanmışdı. Biz bunu elə o vaxt - 1994-cü ildə deyirdik. O vaxt bizdə kontraktın şərtlərini təhlil edə biləcək mütəxəssislər demək olar ki, yox idi. Ancaq biz deyirdik və bilirdik ki, Azərbaycanın maraqları maksimum dərəcədə təmin edildi və bugünkü reallıq onu göstərir” söyləyən Prezident İlham Əliyev 1997-ci ildə Azərbaycan nümayəndələrinin müqavilə ilə bağlı danışıqlarını ölkə iqtisadiyyatının inkişafı üçün dönüş mərhələsi adlandırır.

ABŞ-da Azərbaycanın karbohidrogen ehtiyatları ilə bağlı keçirilən konfranslarda, görüşlərdə SOCAR-ın birinci vitse-prezidenti kimi iştirak edən, müsahibələr verən cənab İlham Əliyev həm də ölkəmizin xarici siyasətinin qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslandığını diqqətə çatdırırdı. “Mən o tarixi günləri yaxşı xatırlayıram. Çünki o vaxt mən Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük” söyləyən cənab İlham Əliyev vurğulayır ki, yalnız müstəqillik illərində təbii resurslarımızdan xalqın mənafeyi naminə istifadə etməyə nail olduq. Həmin görüşlərdə ölkəmizi layiqincə təmsil edən, “Əgər məndən soruşsanız ki, Azərbaycana, ölkəmizin xüsusən neft-qaz sektoruna sərmayə qoymaq imkanı vardırmı, cavab verərəm ki, bəli vardır” söyləyən cənab İlham Əliyev o zaman verdiyi vədini qətiyyəti ilə reallaşdırdı. Arxada qalan illərdə neft strategiyasının uğurlu davamı, cənab İlham Əliyevin o zaman söylədikləri bu günlərə hesablanmış həqiqəti əks etdirir: “Belə ki, respublika gələcəkdə neftin nəqli mərkəzinə çevrilə bilər...” O illərdə gələcək zamanı ifadə edən bu vəd artıq reallaşıb. Ölkəmizlə strateji əməkdaşlığa böyük önəm verən Amerika Birləşmiş Ştatları Azərbaycanın müəllifi olduğu enerji və nəqliyyat layihələrinin çəkilişində respublikamıza siyasi, maddi, mənəvi dəstəyini əsirgəmədi.

Bu dəstək, eyni zamanda Bakı-Tbilisi-Ceyhan (BTC), Bakı-Tbilisi-Ərzurum (BTQ), Cənub Qaz Dəhlizi, TANAP, tikintisi başa çatmaqda olan TAP layihələrinin reallaşmasını, Azərbaycan-Amerika münasbətlərinin möhkəmlənməsini şərtləndirir.

BTC-nin əsas ixrac kəməri kimi çəkiləcəyinin tam müəyyənləşməsi 26 aprel 1998-ci ildə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentlərinin Trabzon görüşündə bəlli oldu. Hər üç dövlət başçısı aydın şəkildə bildirdi ki, Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri beynəlxalq əhəmiyyətli layihədir. Ankarada Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistan prezidentləri və ABŞ-ın energetika naziri tərəfindən Bakı-Tbilisi-Ceyhan marşrutu ilə Əsas İxrac Kəmərinin çəkilməsini dəstəkləyən Ankara Bəyannaməsinin imzalanması ilə bu layihənin çəkilişini əsaslandıran ilkin razılaşma əldə olundu. İstanbulda keçirilən ATƏT-in zirvə toplantısında xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsi ilə nəql edilməsinə dair Saziş imzalandı.

Bu prosesin məntiqi davamı kimi 2002-ci il sentyabrın 18-də Səngəçalda Bakı-Tbilisi-Ceyhan kəmərinin inşasına başlandı. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ən mühüm uğuru olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimi keçirildi.

13 iyul 2006-cı ildə Heydər Əliyev adına BTC-nin tam bir sistem kimi işə düşməsi Türkiyənin Geyhan şəhərində təntənə ilə qeyd olundu. Ölkə iqtisadiyyatının yüksək templə inkişafına təsir edən kəmərin açılışı münasibətlə Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev Ulu Öndərin neft strategiyasını misilsiz xidmət adlandırdı. O illərdən xeyli keçsə də BTC kəmərinin strateji əhəmiyyəti ən yüksək səviyyələrdə etiraf olunur. Bu gün yeddi neft-qaz kəməri ilə karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxaran Azərbaycanın mövqe və rolunun artması, tək neft yox, qaz hasil və nəql edən, zəngin ehtiyatlara malik ölkə kimi önəm daşıması neft strategiyasının qələbəsi, uğuru və təntənəsidir.

O illərdə bəlkə də pıçıltı ilə deyilən proqnozlar hazırda ən yüksək səviyyəli tribunalardan səslənir. İstismar müddəti 2050-ci ilədək uzadılan Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycanın, eyni zamanda, digər ölkələrin nefti də nəql edilir. Respublikamız etibarlı tranzit ölkə kimi tərəfdaşlarına da öz imkanlarını təqdim edir.

Cənub Qaz Dəhlizinin, onun seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, TAP-ın inşasının sürətləndirilməsi təsdiqlədi ki, Azərbaycan yalnız xarici sərmayədarların köməyi ilə neftin istehsal olunduğu ölkə deyildir. Hazırda dünyanın ən qüdrətli dövlətləri, iri neft şirkətləri ölkəmizlə əməkdaşlığa və Azərbaycan neftinin ixracına böyük maraq göstərirlər. Çoxformatlı əməkdaşlıq münasibətlərini eyni məqsəd naminə birləşdirən Cənub Qaz Dəhlizinin icrasında yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə bu layihəyə qoşulacaqlar.

Cənab İlham Əliyev “Güman edirəm ki, Azərbaycanın zəngin təbii sərvətləri Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəkdir” vədini də yerinə yetirib. Neft amilini insan amilinə çevirmək üçün islahatların tətbiqini sürətləndirən, islahatlar ölkəsi adlandırılan, çağırışlara, hədəflərə zamanın tələbləri baxımından cavab verən Azərbaycanın dünyanın enerji bazarının yeni xəritəsində yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Neft ixracından əldə olunan gəlirlər ölkə iqtisadiyyatının inkişafına, infrastruktur layihələrinin tətbiqinə, əhalinin rifanını yüksəlməsinə yönəldilir. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. “İnternet istifadəçiləri” göstəricisinə görə MDB-də liderdir. Ölkəmiz dünya ictimaiyyətini düşündürən siyasi, iqtisadi, humanitar məsələlərin müzakirəsi üçün əlverişli platformadır. Sivilizasiyalararası dialoq məkanı kimi tanınan, siyasi sabitliyi ilə seçilən Azərbaycanın tolerantlıq, multikultural təcrübəsi təbliğ olunur.

Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir. Bu, bizim üçün enerji təhlükəsizliyidir. Çünki Azərbaycan beynəlxalq bazarlara böyük həcmdə təbii qazı ixrac etmək imkanı qazanacaq. Bu, həm də istehlakçı və tranzit ölkələr üçün enerji təhlükəsizliyidir. Çünki bu gün enerji təhlükəsizliyinə istənilən ölkənin milli təhlükəsizliyindən ayrı baxıla bilməz” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, enerji və nəqliyyat layihələri ölkələr arasındakı uğurlu əməkdaşlığın bariz nümunəsidir. Enerji layihələri ilə bağlı müzakirələr də göstərir ki, Xəzər dənizindən hasil olunan Azərbaycanın enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq.

“Əsrin kontraktı”nın nəticələri, sadəcə olaraq, Neft Fonduna gələn gəlirlərlə ölçülmür. Ölkədə “qara qızıl”ı insan kapitalına çevirə bildik. Biz neft gəlirlərimizdən çox səmərəli şəkildə istifadə etdik və bu gün dünya miqyasında bu, xüsusilə qeyd edilir. Bir çox ölkələrin zəngin neft yataqları var, ancaq o ölkələr səfalət içindədir, yoxsulluq şəraitində yaşayırlar. O ölkələrdə sabitlik pozulur, neft o ölkələrə fəlakət gətirir. Azərbaycanda isə neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır. Bunu hər kəs bilməlidir” söyləyən cənab İlham Əliyev bütün dünyaya xarici sərmayədarlarla iş aparmaq təcrübəsini, etibarlı tərəfdaşlıq prinsiplərini nümunə göstərir. Reallaşan layihələrin təşəbbüskarı olan Azərbaycan kimi tərəfdaşlar da gəlir əldə edir, faydalanırlar. Bu əməkdaşlığın möhkəmlənməsində xidmətləri olan cənab İlham Əliyevin liderlik təşəbbüsləri bütün səviyyələrdə etiraf olunur.

...Tarix sübut edir ki, görkəmli şəxsiyyətlər, dahilər liderliklərini yüksək ideyalara əsaslanan proqramları ilə müəyyənləşdirirlər. Ardıcılları isə uğura aparan yollarda cəsarətlə irəliləyir, davamçıları olurlar. İstəyi həyata keçirmək bacarığı, qətiyyəti, iradəsi isə zirvələrə uzanan ən düzgün yoldur.

Bu fəlsəfəni siyasi həyatının bütün dönəmlərində fəaliyyəti ilə təsdiqləyən ulu öndər Heydər Əliyevin başqalarından fərqli dahiliyi özü qədər inandığı davamçısını yetişdirməsidir. Dövlət başçısı kimi ona etibar olunan məsuliyyəti fəaliyyəti ilə doğruldan cənab İlham Əliyev siyasi hazırlığını, Ulu Öndərin layiqli davamçısı olduğunu respublikaya rəhbərliyə başlamamışdan əvvəl də göstərmişdir. Azərbaycanın dünyada liderlik səviyyəsinə yüksləməsini əməli fəaliyyəti ilə göstərən cənab İlham Əliyev bu gün də dünyaya etibarlı tərəfdaş və Azərbaycan xalqının əvəzedilməz lideri olduğunu milyonların etimadını qazanmaqla təsdiqləyir.

Xuraman İsmayılqızı,

“İki sahil”