19 sentyabr 2019 10:15
1196

«Əsrin müqaviləsi»-Azərbaycanın yüksəlişinin möhtəşəm təməli» - FOTO

Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın İcra Katibliyində bu mövzuda təşkil olanan «dəyirmi  masa»da bildirdi ki,   ötən 25 ildə Azərbaycan    müstəqilliyini əldə edən gənc dövlətlər arasında  bütün dünya birliyi tərəfindən ən uğurlu dövlət kimi qəbul olunub

    Dünən Yeni Azərbaycan Partiyasının (YAP)  İcra Katibliyində «Əsrin müqaviləsi» - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli» mövzusunda «dəyirmi masa» keçirildi.

   Milli Məclisin deputatlarının, iqtisadçıların, YAP fəallarının və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Baş nazirin müavini, YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov bildirdi ki, bu gün Azərbaycanın müasir tarixinin ən önəmli hadisələrindən biri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparmaq imkanımız olacaq: «Bir neçə  gündən sonra  tarixə «Əsrin müqaviləsi» kimi daxil olan neft sazişinin imzalanmasının 25-ci ildönümü qeyd ediləcək. 1994-cü il sentyabrın 20-də  təkcə  Azərbaycanın iqtisadiyyatı və enerji sektoru deyil,  bütövlükdə dünyanın enerji   siyasəti üçün çox böyük əhəmiyyət kəsb edən saziş ölkəmizdə imzalandı. Eyni zamanda, diqqəti çəkən cəhət bundan ibarətdir ki, həmin layihə «Əsrin müqaviləsi» adını aldı. Bu sazişin imzalanması ulu öndər  Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün oldu.   Azərbaycan dövlət müstəqilliyini yenicə  bərpa etmişdi.  Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkəmizin qüdrətlənməsi,  müstəqil dövlət quruculuğu prosesinin həyata keçirilməsi,  sabitliyin və əmin-amanlığın təmin olunması, iqtisadi tənəzzülün aradan qaldırılması istiqamətində  böyük fədakarlıq göstərərək  biri-birindən mühüm addımlar atdı. Bütövlükdə Ümummilli Liderin  xidmətləri sırasında  yeni neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi əsas yer tutur.  O zaman  Azərbaycan iqtisadiyyatına investisiyaların yatırılması ilə bağlı  tərəddüdlər var idi.  Azərbaycanda sabitlik tam təmin edilməmişdi, ölkə müharibə vəziyyətində idi. Bütün bunlara baxmayaraq,  ulu öndər Heydər Əliyev  risklər şəraitində  Azərbaycanın, ümumilikdə,  dünyanın enerji siyasəti üçün  əhəmiyyətli olan  sazişin imzalanmasına nail oldu. Ən başlıcası isə bu layihənin həyata keçirilməsi  üçün   xarici şirkətləri ölkəmizə dəvət etdi.  Hesab edirəm ki,  bu, ulu öndər Heydər Əliyevin dühasının və  iradəsinin  sayəsində mümkün oldu. «Əsrin müqaviləsi»  ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.»

    «Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki,  «Əsrin müqaviləsi»nin imzalanmasından öncə də Azərbaycanın malik olduğu təbii resursların hasil edilməsi və dünya bazarlarına çıxarılması ilə bağlı  cəhdlər  olmuşdur. Lakin onlar müəyyən təzyiqlərin  səbəbindən, yaxud digər amillərdən reallaşa  bilmədi» söyləyən Ə.Əhmədov qeyd etdi ki, yalnız ulu öndər Heydər Əliyevin böyük qətiyyəti sayəsində bu sazişin imzalanması gerçəkləşdi: «Artıq 25 ildir ki, «Əsrin müqaviləsi» Azərbaycana xidmət edir. Bu layihənin ən böyük əhəmiyyəti ölkə iqtisadiyyatına böyük investisiyaların  cəlb olunmasını stimullaşdırmasıdır. Bu maliyyə resursları hesabına ölkə iqtisadiyyatının inkişafı təmin edildi.  İnsanların  rifah halı yaxşılaşdı.  Bütövlükdə ölkənin infrastrukturu yeniləşdirildi.»

     YAP Sədrinin müavini qeyd etdi ki, əlbəttə,  «Əsrin müqaviləsi»nin əhəmiyyəti geosiyasi  baxımından da geniş təhlil olunur: «Azərbaycanın həm  regionda, həm dünya birliyində siyasi mövqeyinin möhkəmlənməsi, nüfuzunun artması, beynəlxalq aləmdə yer tutmasında   bu sazişin rolu inkaredilməzdir.»

      «Zəngin ehtiyatların olması hələ o ehtiyatlardan istifadə etmək imkanlarının olması demək deyildi» söyləyən Ə.Əhmədov vurğuladı ki,   «Əsrin müqaviləsi»nin imzalanması bu imkanları təmin etdi: «Dövlətimizin başçısı İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi,  neft strategiyasının qazandırdığı  dividentlər sayəsində  Azərbaycan müasirləşdi, yeniləşdi, gücləndi, iqtisadi inkişafı təmin edildi, insanların yaşayış səviyyəsi daha da yüksəldi.  Azərbaycanın uğurlu gələcəyi üçün böyük ümidlər verən əsaslar yaradıldı. Ötən 25 ildə  Azərbaycanın həyatı bütün sferalarda dəyişdi. Ölkəmiz  müstəqilliyini əldə edən gənc dövlətlər arasında  bütün dünya birliyi tərəfindən ən uğurlu dövlət kimi qəbul olunur.  Zaman keçdikcə bu fakt açıqlanır ki, Azərbaycanın neft ehtiyatları daha çoxdur. Bu da gələcəkdə yeni-yeni layihələrin gündəmə gətiriləcəyinə və uğurlu icrasına əsaslar yaradır. İki il bundan öncə Bakıda «Azəri», «Çıraq» və «Günəşli» yataqları üzrə yeni Sazişin imzalanması  «Əsrin müvaqiləsi»nin  əhəmiyyətini bir daha açıqladı, ölkəmizin qarşısında açılan imkanlara işıq saldı.»

   SOCAR-ın I vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirdi ki,  «Əsrin müqaviləsi»nin 25 illiyi təkcə neftçilərin deyil, bütün  Azərbaycan xalqının bayramıdır.   «Əsrin müqviləsi»  Azərbaycanın iqtisadi qüdrətinin artmasına,  əhalinin sosial müdafiəsinin gücləndirilməsinə,  ölkəmizin beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə yol açdı.

 «Müqavilənin imzalanması heç də asan başa gəlmədi» söyləyən X.Yusifzadə qeyd etdi ki, sazişin imzalanması böyük müqavimətlərlə  üzləşdi. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər  sahələr kimi, neft sənayesinin bərpası və inkişafı ilə də  məşğul olmağa başladı: «O vaxt «Azəri», «Çıraq», «Günəşli» yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək.»

Akademik vurğuladı ki, həmin illərdə ölkənin sosial-iqtisadi vəziyyəti çox gərginləşmişdi. Neft-qaz sənayesi də dərin böhran içində idi.  Xarici neft şirkətləri ilə işbirliyinin qurulması zamanın tələbi idi. Beynəlxalq təcrübə  bunun üstünlüklərini geniş şəkildə nümayiş etdirirdi: «O da məlumdur ki, dənizdə neft hasilatı riskli və böyük sərmayə qoyuluşunu tələb edən işdir. Buna görə də dünyanın hətta ABŞ, Böyük Britaniya, Fransa kimi qüdrətli dövlətləri də bu məsələdə hasilatın pay bölgüsü prinsipi əsasında əlbir işləməyə, beləliklə də riskləri mümkün qədər azaltmağa çalışırlar. Azərbaycan da bu təcrübədən  səmərəli şəkildə istifadə  etməli idi. Lakin xarici neft şirkətlərinin ölkəmizə sərmayə qoymasına qarşı çıxan qüvvələr də mövcud idi. Bu qüvvələr həm respublikanın özündə, həm də xaricdə fəaliyyət göstərirdilər. Buna görə də ulu öndər Heydər Əliyev   neftçi mütəxəssisləri ətrafına toplayıb, onlarla məsləhətləşdi.  Xarici neft şirkətlərini ölkəmizə dəvət etmək qərara alındı. Beləliklə də Azərbaycanın ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasına start verildi. Xarici şirkətlərlə danışıqlar bərpa olundu.»

X.Yusifzadə qeyd etdi ki, danışıqlar 1994-cü ilin martında Bakıda başlandı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi: «Danışıqların həlledici mərhələsi Amerikanın Hyuston şəhərində keçirildi. Hyustonda  45 gün ərzində aparılan danışıqlar çox ağır keçdi.  Bir məqamı da nəzərə almaq lazımdır ki, o vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Aparılan danışıqların uğurla başa çatmasında o zaman SOCAR-ın Birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolu olub. Belə ki,  Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirən cənab İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi. Nəhayət, tərəflərin birgə işləmək, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından ədalətlə bəhrələnmək istəyi üstün gəldi.»

«Əsrin müqaviləsi»nin  Azərbaycan üçün əhəmiyyətindən bəhs edən X.Yusifzadə bildirdi: «Siyasi cəhətdən müqavilənin əhəmiyyəti ondadır ki, dünyanın aparıcı dövlət və şirkətləri bir daha əmin oldular ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Heç də təsadüfi deyil ki, bu saziş imzalandıqdan sonra xarici şirkətlərlə daha 35 saziş bağlandı. Müqavilənin iqtisadi əhəmiyyəti isə ondadır ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən,  1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı.»

X.Yusifzadə qeyd etdi ki, «Əsrin müqaviləsi»nin ən böyük nailiyyətlərindən biri də odur ki, bu müqavilə yalnız «Azəri», «Çıraq», «Günəşli» yataqlarının işlənməsi ilə məhdudlaşmadı. Bu böyük layihənin törəmələri meydana gəldi ki, onların da birincisi Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri oldu.  Əgər «Əsrin müqaviləsi»  ümummilli lider  Heydər Əliyevin birinci şah əsəri idisə, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri onun ikinci şah əsəri oldu.

«30 il müddətinə imzalanmış «Əsrin müqaviləsi» 2024-cü ildə başa çatacaq. Bəs sonra» sualı ətrafında fikirlərini açıqlayan akademik bildirdi ki, qarşımızda bir neçə variant var idi: «Birinci variant BP şirkətinin operatorluq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə əməkdaşlığı davam etdirmək idi. İkinci fikir  bəlkə  başqa xarici şirkətlərlə əməkdaşlığa gedək, onlarla müqavilə bağlayaq, üçüncüsü  isə  o idi ki, 2024-cü ildən sonra «Azəri», «Çıraq», Günəşli»ni özümüz işlədək.  BP şirkəti və onun tərəfdaşları ilə işin təklif etdiyimiz kommersiya şərtləri əsasında davam etdirilməsini üstün tutduq. Aparılan  danışıqlar 2017-ci il sentyabrın 14-də Bakıda Heydər Əliyev Mərkəzində «Azəri-Çıraq-Günəşli» yataqlarının birgə işlənməsi haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş müqavilənin imzalanması ilə nəticələndi. Bu müqavilə  «Əsrin müqaviləsi»nin ömrünü 2050-ci ilə qədər uzatdı.»

   ««Əsrin müqaviləsi»nin 25 illik yubileyində  «Şahdəniz»dən   danışmaya bilmərik» söyləyən X.Yusifzadə qeyd etdi ki, çünki «Əsrin müqaviləsi» olmasaydı, «Şahdəniz» də olmayacaqdı. «Şahdəniz» ulu öndər Heydər Əliyevin üçüncü şah əsəridir. «Əsrin müqaviləsi» Azərbaycanı dünyaya yenidən neft ölkəsi kimi,  «Şahdəniz» yatağının kəşf edilməsi isə  qaz ixrac edən bir ölkə kimi tanıtdırdı.

   Bildirildi ki, «Şahhdəniz-2» layihəsi çərçivəsində Azərbaycan qazının Avropaya nəql edilməsi  məqsədilə  Cənub Qaz Dəhlizinin çəkilməsi  müasir qaz epopeyamızın ən parlaq fəslidir. 2018-ci ilin mayında  Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində  TANAP adı ilə məşhur olan Trans-Anadolu Təbii Qaz Boru Kəmərinin təntənəli açılışı oldu. Cənub Qaz Dəhlizinin növbəti mərhələsi olan TAP-ın da  tikintisi  tamamlanmışdır.

X.Yusifzadə qeyd etdi ki, Azərbaycan  və onun neft-qaz sənayesi «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 25 ildə  uğurlu yol keçib. Bu əminlik ifadə edildi ki,  bu  tərəqqi yolunda  hələ çox qələbənin, yeni parlaq nailiyyətlərin şahidi olacağıq. Kəşfiyyat işləri davam edir.  Gələcəkdə neft və qaz ehtiyatlarımız daha da artacaq, yeni-yeni layihələrə yol açılacaq.

   Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrafil Məmmədov bildirdi ki,  qədim neft diyarı kimi tanının Azərbaycan malik olduğu təbii resurslardan müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yararlanmağa başladı: « Bu əsasda 1994-cü il sentyabarın 20-də imzalanan «Əsrin müqaviləsi»nin əhəmiyyəti olduqca böyükdür.  Belə ki, bu saziş təkcə iqtisadi səmərəlilik deyil,  yeni müstəqillik əldə edən və müharibənin fəsadları ilə üz-üzə qalan dövlət üçün siyasi  baxımdan da əhəmiyyətli rola malik idi.  Bu, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının birinci istiqaməti idi.  İkinci istiqamət isə biri-birindən önəmli  layihələrin həyata keçirilməsi,  müasir infrastrtukturun yaradılmlası idi.» 

    İ.Məmmədov çıxışında əsas diqqəti neft gəirlərinin səmərəli istifadəsinə, həyata keçirilən sosial-iqtisadi layihələrə yönəltdi.  Bildirdi ki,  üçünçü istiqamət olaraq Dövlət Neft Fondu yaradıldı: «Neft strategiyasının növbəti mərhələsi ölkənin neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən neft gəlirlərinin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin öncül sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi. Ulu öndər Heydər Əliyev bu çağırışı edirdi ki, neft-Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur. Neft ilə zəngin olan ölkələrdə neft fondlarının, suveren sərvət fondlarının və yaxud digər bu kimi qurumların təsis edilməsi bu dövlətlərdə neft sərvətlərinin nəsillər arasında bərabər bölgüsünə, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır. Hazırda Dövlət Neft Fondu institusional cəhətdən çox yüksək səviyyədə formalaşmaqla bərabər, ölkə daxilində,  eləcə də beynəlxalq səviyyədə tanınmış və vəsaitlərin idarə edilməsi, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan bir quruma çevrilib.  Yaradıldığı gündən şəffaflıq Fondun fəaliyyətinin əsas prinsiplərindən biridir.»

      İ.Məmmədov Dövlət Neft Fondunun  vəsaitlərinin  yönəldildiyi istiqamətlərdən biri kimi qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan bəhs etdi. Bildirdi ki,  Dövlətimizin başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq  çadır şəhərçikləri ləğv edildi, orada  yaşayan insanlar üçün  müasir  infrastruktur yaradıldı, yeni qəsəbələr salındı.

  «Dövlət Neft Fondu tərəfindən maliyyələşən  istiqamətlərdən biri də insan kapitalının təkmilləşdirilməsi məqsədilə  Azərbaycan gənclərinin xaricdə təhsilidir» söyləyən İ.Məmmədov vurğuladı ki, cənab  İlham Əliyevin «neft kapitalını insan kapitalına  çevirək» tezisinə xidmət edən bu proqram çərçivəsində 3 min 500-ə qədər gəncin dünyanın 32 ölkəsinin nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə təmin edilib.  Bu da Fondun ölkənin gələcək inkişafında əsas amil olan kadr hazırlığına  yönəltdiyi  ən böyük sərmayədir. 

   Çıxışda o da vurğulandı ki, Dövlət Neft Fondunun fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflığın qorunmasıdır.  Fond  Şərqi Avropa və MDB məkanında  BMT-nin «Dövlət xidmətində şəffaflıq,  cavabdehlik və məsuliyyətin artırılması üzrə» mükafatını alan ilk dövlət qurumudur. Dövlət Neft Fondu dünyanın 60 suveren fondu arasında   şəffaflıq  və hesabatlılıq  indeksi üzrə dördüncü yerdədir. Fond 2018-ci ildə «Dövlət vəsaitlərinin effektli idarə olunması»  göstəricisi üzrə dünyanın  100 investoru arasında 10-cu yerdə qərarlaşıb.     

  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd etdi ki,  ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin nəticəsi olaraq ölkəmizdə  1993-cü ildən bəri sabitliyin və normal biznes mühitinin yaradılması bugünkü uğurlarımızı şərtləndirən əsas amillərdir.

  O da vurğulandı ki, Azərbaycan postneft mərhələsinə qədəm qoyub, amma neft strategiyasından imtina etməyib. Ulu öndər Heydər Əliyev  neft sənayesini Azərbaycan iqtisadiyyatının onurğa sütunu kimi dəyərləndirirdi. Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı addımların atılması  Azərbaycanın iqtisadi inkişafının dayanıqlığını təmin edir.

   Çıxışda  qeyd edildi ki, ölkəmizin iqtisadi imkanlarının genişlənməsi güclü sosial siyasətə əsas verir. Dövlətimizin başçısı İlham Əliyevin təkcə   cari ilin ötən aylarında  təsdiqlədiyi iki sosial paketə diqqət yönəltmək kifayətdir.  Bu sənədlər  4,2 milyon insanı əhatə edib, 3,9 milyard manat vəsait xərclənib: «Göründüyü kimi, islahatlar dərinləşir, qeyri-neft sektoru inkişaf edir, bu sektordan dövlət büdcəsinə daxil olan   vəsaitlər artır və onların  hesabına xalqın sosial  müdafiəsinə xidmət edən addımlar sistemli xarakter alır. Bu vəhdətlik qorunacaq.  Azərbaycan həm regionun, həm də Avropa coğrafiyasının çox mühüm bir ölkəsi olaraq mövqeyini möhkəmləndirəcək.»    

 

  Milli Məclisin deputatı Tahir Mirkişili  bildirdi ki,  Azərbaycan «Əsrin müqaviləsi»nin imzalanması ilə  bir neçə strateji hədəfə nail oldu:  «Azərbaycan ilk olaraq Xəzər dənizini dünyaya açdı.  Azərbaycan bu gün Xəzərdə daha çox haqqı olan ölkədir.  Məhz  Azərbaycan ilk dəfə olaraq Xəzər dənizinə investisiyalar  cəlb etdi. Ölkəmiz  bu sazişin imzalanması ilə regional  inkişafın aparıcı qüvvəsinə çevrildi, həyata keçirilən layihələr təkcə ölkəmizin deyil, eyni zamanda, iştirakçı dövlətlərin uzunmüddətli iqtisadi inkişafını təmin etdi.  Azərbaycanan «Əsrin müqaviləsi»ndən əldə etdiyi üçüncü mühüm uğur  neft gəlirlərinin şəffaf şəkildə idarə olunmasına nail olmasıdır.  Ötən dövr ərzində ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq investisiya yatırılıb.»

 

   T.Mirkişili YAP nümayəndə heyətinin  bu günlərdə yekunlaşan Çin səfərinə diqqəti yönəldərək bildirdi ki,  səsləndirilən fikirlərdə bu mühüm məqamlar öz əksini tapmışdır ki,  Azərbaycanı Çin üçün əhəmiyyətli edən iki faktordan biri dövlətimizin başçısı İlham Əliyevə hörmət və onun həyata keçirdiyi siyasətə dəstək, ikinci amil isə   Azərbaycanda  yaradılan müasir  infrastrukturdur.  

    Millət vəkili  fikirlərini «Azərbaycan haradan hara gəlib çıxıb» sualı ətrafında belə ümumiləşdirmə apardı ki,  ölkəmiz  bu gün Cənubi Qafqaz regmonu  iqtisadiyyatının 60 faizinə sahibdir. Ən əsası  islahatçı ölkə kimi nüfuz qazanır.   

   BAXCP sədri, Milli Məclisin deputatı  Qüdrət Həsənquliyev bildirdi ki, «Əsrin müqvviləsi» ulu öndər Heydər Əliyevin gərin səylərinin və qətiyyətinin nəticəsidir. Bu gün  Azərbaycan bu sazişin bəhrələrini görməkdədir. 

   Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı  qeyd etdi ki, dövlətimizin  başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının ölkəmizə qazandırdığı uğurları önə çəkərək bildirir ki, biz bütün imkanlardan istifadə edib daim irəliyə baxmalıyıq. Hər bir sahə üzrə proqramların mövcudluğu, onların xalq tərəfindən dəstəklənməsi gələcək uğurlara böyük yol açır. Ümummilli Liderin qətiyyəti sayəsində  Azərbaycan düzgün yol seçdi və bu yolun düzgün olmasını bügünkü Azərbaycanın inkişafında görürük. 25 illik yol Azərbayanın davamlı uğurları ilə yadda qalıb.  

 Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanan bugünkü uğurlarında ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft stregiyasının rolundan geniş bəhs edərək “Yeni əsrin müqaviləsi”ni şərtləndirən amillərə diqqəti yönəltdi.

  Çıxışlarda ümumi fikir bu oldu ki, arxada qalan dövrdə  Azərbaycan özünü  etibarlı  tərəfdaş kimi təqdim edib. Hər bir layihənin uğurlu sonluqla baş çatması yeni layihənin gündəmə gətirilməsini şərtləndirib. Bu isə öz növbəsində Azərbaycanın dövlətlər, xalqlar arasında körpü roluna yeni əlavələr edir.  Dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə   «Yeni əsrin müqaviləsi»nin imzalanması mərasimində  söylədiyi bu fikirlər bir daha xatırladıldı: «Əsrin kontraktı» ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biridir. Bu gün bütün Azərbaycan xalqı bu kontraktın gözəl nəticələrini öz həyatında görür. Hesab edirəm ki, bugünkü mərasimin Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində keçirilməsi də rəmzi xarakter daşıyır. 1994-cü il sentyabrın 20-də Gülüstan sarayında, o tarixi gündə ulu öndər Heydər Əliyev öz çıxışında kontraktın əhəmiyyətini qeyd etmişdir. Qeyd etmişdir ki, bu kontraktın Azərbaycana çox böyük xeyri, faydası olacaq. 23 ildən sonra biz bunun əyani sübutunu görürük. 23 ildən sonra Ulu Öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq.»

Yeganə Əliyeva,

Vüsal Cahanov (foto),

“İki sahil”