21 sentyabr 2020 13:10
674

“EU Politics” Prezidentin yerli KİV-lərə müsahibəsindən sitatlar verib

“EU Politics” Azərbaycan Prezidenti İlham Əliyevin yerli KİV-lərə müsahibəsindən sitatlar verib

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 19-da ölkə televiziyalarına müsahibəsində səsləndirdiyi fikirlər dünyada böyük əks-səda doğurub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa İttifaqının “EU Politics” informasiya-analitik nəşri Azərbaycan dövlətinin başçısının müsahibəsi barədə məlumat yayıb (bax: https://eu-politics.jimdofree.com/promoted-content/abscheron). Materialda Prezident İlham Əliyevin qonşu Ermənistanın təcavüzkar siyasəti barədə açıqlamaları sitat gətirilir.

Nəşr Prezidentin bu sözlərini diqqətə çatdırır: “Ermənistan Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Bu, onların konstitusiyasında öz əksini tapıb, təsbit edilib. Ermənistan indi Sevr müqaviləsini canlandırmaq istəyir. Sən səfalət içində, özü də özünə aid olmayan yerlərdə dövlət qurmuş balaca bir ölkə Türkiyə boyda ölkəyə necə iddia qaldıra bilərsən, onu necə ittiham edə bilərsən?! Sən heç olmasa öz potensialına da bax, Türkiyənin potensialına da bax”.

“EU Politics”, həmçinin Prezident İlham Əliyevin Türkiyə və Azərbaycan arasındakı yaxın münasibətlər barədə fikirlərinə də yer ayırıb: “Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək. Ulu öndər Heydər Əliyev demişkən, “bir millət, iki dövlət” prinsipi əsasında, bütün məsələlərdə bir yerdəyik. Hər bir məsələdə bir-birimizin yanındayıq”.