30 yanvar 2019 10:21
723

Ev almaq asanlaşdı

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev “Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında” Fərman imzalayıb. Fərmanın birinci bəndinə əsasən “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə verməsi Qaydası” təsdiq edilib.

Vətəndaşlar mənzili kirayə götürdükdən ən tezi 3 il sonra ona sahib ola biləcəklər

Bununla da ölkə vətəndaşları ipoteka kreditləri ilə yanaşı, həmçinin evləri 25 ilə kirayə götürmək yolu ilə də mənzil əldə etmək hüququna malik olacaqlar. Yeni mexanizmə əsasən, vətəndaşlar mənzili kirayə götürdükdən ən tezi 3 il sonra ona sahib ola biləcəklər. Söhbət ondan gedir ki, mənzili kirayə hüququ ilə əldə edən şəxsin aylıq ödənişləri evin xərcindən çıxılır ki,  bu zaman o daha çox ödəniş etməklə daha tez mənzilə sahib ola bilər. Lakin bu müddət 3 ildən tez ola bilməz.  

Qaydaya görə, sözügedən mənzillər İpoteka və Kredit Zəmanət Fondunun kapitalı və Fondun emissiya etdiyi istiqrazlardan daxil olan vəsait hesabına alınan, eyni zamanda, onun fəaliyyəti ilə əlaqədar mülkiyyətinə keçmiş yaşayış sahələri ola bilər. Lakin nəzərdə tutulmuş yaşayış sahələri tam təmirli, habelə elektrik enerjisi, qaz və su ilə tam təchiz olmaqla Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələri və ya binanın Mülki Məcəlləyə uyğun olaraq mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış paylarla bağlı tərkib hissəsi olmalıdır.

Qaydaya əsasən, yaşayış sahəsinin bazar qiymətini müstəqil qiymətləndirici müəyyən edəcək. Ancaq istənilən halda mənzillərin aylıq kirayə haqları  Fondun ev üçün çəkdiyi xərclərə əsasən müəyyənləşəcək. Bununla da aylıq ödəniş məbləği Fondun satın aldığı qiymət, habelə yaşayış sahəsinin satın alınması ilə bağlı digər xərclər, bu məqsədlər üçün cəlb etdiyi vəsaitin dəyəri, kirayə müqaviləsi üzrə mümkün ola biləcək zərərlərin qarşılanması məqsədi ilə yaradılan ehtiyatlar üzrə ayırmalar və yaşayış sahəsini Fondun saxlaması, sığortalaması və idarə etməsi ilə bağlı bütün xərclərə əsasən hesablanacaq.

Mənzilə sahib olmaq istəyənlərin Azərbaycan vətəndaşı olması şərtdir. Bundan başqa, kirayə mənzil üçün müraciət edənin vaxtı keçmiş öhdəlikləri (bank kreditləri və digər məcburi ödənişlər üzrə) olmamalıdır.

Fond 5 iş günü müddətində kirayə müqaviləsinin 
bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək

Təsdiq olunmuş Qaydaya görə, müraciətlər elektron sistemlə həyata keçiriləcək. Müraciətlər növbəlilik əsasında qeydiyyata alınıb baxılacaq. Fond 5 iş günü müddətində kirayə müqaviləsinin bağlanmasına dair razılıq və ya əsaslandırılmış imtina barədə qərar qəbul edəcək, 10 iş günü müddətində isə kirayə müqaviləsinin rəsmiləşdirilməsi yekunlaşacaq. Bundan sonra 3 iş günü müddətində kirayəçi aylıq ödənişin ən azı 12 mislini, yəni 1 illik kirayə haqqını əvvəlcədən Fondun hesabına ödəməli olacaq. Bu məbləğ Fondun hesabına ödəndiyi andan kirayə müqaviləsi qüvvəyə minəcək. Lakin Fond razılıq barədə qərarını elektron sistemdə yerləşdirdiyi gündən 10 iş günü müddətində kirayəçi tərəfindən kirayə müqaviləsinin rəsmiləşdirilməsi həyata keçirilmirsə o zaman elektron sistem tərəfindən avtomatik olaraq müqavilənin bağlanılmasından imtina ediləcək. Bu qayda ödənişə də aiddir və belə halda müqavilənin hüquqi qüvvəsi olmur və Fond tərəfindən müqavilədən imtina olunur. Bununla belə, kirayə müqaviləsi bağlamaqdan imtina edilən şəxs yenidən müraciət etmək hüququna malikdir.

Yaşayış sahəsinin təmir səviyyəsinin yaxşılaşdırılması və əlavə təmir
kirayəçinin vəsaiti hesabına həyata keçiriləcək

12 aylıq ilkin ödənişdən sonra kirayə müqaviləsi üzrə aylıq ödəniş hər ay bərabər hissələrlə ödəniləcək. Kirayəçinin istifadəsinə verildikdən sonra yaşayış sahəsinin təmir səviyyəsinin yaxşılaşdırılması və əlavə təmirlə bağlı xərclərə gəldikdə isə bu, kirayəçinin vəsaiti hesabına həyata keçiriləcək. İstənilən halda, yaşayış sahəsində yenidənqurma və ya yenidənplanlaşdırma, habelə əsaslı təmir işləri yalnız Fondun yazılı razılığı ilə həyata keçirilə bilər. Kommunal xərcləri və digər məcburi ödənişləri də birmənalı olaraq kirayəçi ödəyəcək.

Qaydaya əsasən, kirayəçi kirayə müqaviləsi üzrə alış qiymətini tam ödədikdə və yaşayış sahəsi kirayəçinin mülkiyyətinə keçdikdə, kirayə müqaviləsi üzrə kirayə hüququ münasibətlərinə xitam verilir. Yəni, bu zaman artıq kirayəçi mənzilə sahib olur və “kupça” alır.

Qaydaya görə, kirayəçi mənzili rəsmi olaraq başqa şəxsə də ötürə bilər.  Lakin bu, Fondun yazılı razılığı da olmaq şərti ilə  müqavilənin qüvvəyə minməsindən 3 il sonra reallaşa bilər. Mənzilə mülkiyyət hüququ digər şəxsə keçdikdə də kirayə qüvvədə qalacaq.

Kirayəçi aylıq ödənişi 60 gün müddətində
ödəmədikdə Fond müqaviləyə vaxtından əvvəl xitam vermək hüququna malikdir

Eyni zamanda, kirayəçi vəfat etdikdə, öhdəlikləri kirayəçinin vərəsələrinə keçir. Kirayəçi aylıq ödənişi, eyni zamanda, yaşayış sahəsinin saxlanılması üzrə kommunal xərcləri və digər məcburi ödənişləri 60 gün müddətində (Kirayəçi kirayə hüququnu başqa şəxsə ötürmək barədə Fonda müraciət etdikdə, bu müddət 30 günə qədər uzadıla bilər) ödəmədikdə isə Fond kirayə müqaviləsinə vaxtından əvvəl xitam vermək hüququna malikdir. Fonda ödənilmiş aylıq ödənişlər isə Fondun gəliri hesab olunur və geri qaytarılmayacaq.

Bundan əlavə, Fond kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə, kirayəçi yaşayış sahəsini üçüncü şəxsin qeyri-hüquqi istifadəsinə verdikdə də müqaviləyə xitam verəcək.

Yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə isə sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürüləcək.

Qaydaya görə, Fond satmaq öhdəliyi ilə kirayəyə verdiyi yaşayış sahələrinə dair məlumatları (binanın və ya yaşayış evinin ünvanı, yaşayış sahəsinin sayı, yerləşdiyi mərtəbə, mənzilin sahəsi, otaqların sayı və s.) rəsmi internet saytında və “Elektron ipoteka və kredit zəmanət” sistemində yerləşdiriləcək.

Ümumilikdə, Qaydada bu mənzillərin əldə edilməsi üçün məhdudiyyətlərin olmaması onun mənzilə ehtiyacı olan böyük kütləyə  şamil olunacağını deməyə əsas verir. Bununla bağlı İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda da vurğulanıb ki, satmaq öhdəliyi ilə kirayə mexanizminin tətbiqi ilk növbədə həm ilkin ödənişi olmayan, həm də gəlir səviyyəsi ipoteka kreditinin götürülməsi üçün kifayət etməyən vətəndaşların öz mənzil şəraitlərini yaxşılaşdırmasına imkan yaradacaq. Bu isə onu deməyə imkan verir ki, satmaq öhdəliyi ilə kirayə mənzilə sahib olmaq  ilkin ödəniş, gəlir səviyyəsinə qoyulan tələb baxımından ipoteka kreditindən daha asan olacaq.

Ceyhun Piriyev, “İki sahil”