10 yanvar 2020 18:53
497

“ExxonMobil” Rumıniyanı tərk edir

ABŞ-ın “ExxonMobil” enerji şirkəti Rumıniya şirkətlərindən biri ilə yaratdığı birgə müəssisəni tərk etməsi, potensial alıcılar barədə informasiya toplamağa başlaması barədə məlumatı açıqlayıb.

Belə ki, şirkət Qara dənizdə yerləşən “Neptun” dərinsulu ofşor layihəsindəki 50 % payını satmaq qərarına gəlib.

“ExxonMobil”in layihəni tərk etməsi ilə bağlı söz-söhbətlər ötən ildən yayılsa da nə Rumıniya hökuməti, nə də şirkət özü məlumatları təsdiqləmirdi.

Bu həftənin əvvəlində Rumıniyanın baş naziri Ludovic Orban məlumatı təsdiqləyib və “Romgaz”, “Lukoil” kimi şirkətlərin “Neptun Deep” layihəsində “OMV Petrom” ilə əməkdaşlığa maraq göstərdiyini açıqlayıb. “ExxonMobil” satış qərarına gəlib və biz regiondan, elə Avropa Birliyindən olan ciddi bir partnyor arzusundayıq”,-deyə Digi 24” kanalında çıxışı zamanı nazir bildirib.

“ExxonMobil” şirkətinin səhmlərinin satılması, bu neft istehsalçısının 2021-ci ilə qədər aktiv satışından 15 milyard dollar gəlir toplamaq məqsədinə çatmasına kömək edəcəkdir. Şirkətin “Neptun” layihəsində payı 250 milyon dollar həcmində qiymətləndirilir. “Exxon” divestisiya kampaniyası etməklə ABŞ-da şist enerji yataqlarına, emal və kimya sahəsinə, Qayana və Braziliyada dərinsulu neft kəşfiyyatına diqqəti artırmaq istəyir. Bu yaxınlarda şirkət Norveçdəki aktivlərini də “Var Energi AS” şirkətinə satmışdı.