28 oktyabr 2020 22:38
715

Fahrettin Koca: Pandemiya təkcə səhiyyə işçilərinin həll edə biləcəyi problem deyil

İlk dəfədir ki, Türkiyənin koronavirus üzrə elmi şurasının iclası İstanbulda, ümumiyyətlə Ankaradan kənarda keçirilir. Bu adi hal deyil. Səbəb isə ölkə üzrə hər 10 COVID-19 xəstəsindən dördünün İstanbulda olmasıdır.

"İki sahil" xəbər verir ki, bu fikirləri Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ölkənin koronavirus üzrə elmi şurasının İstanbulda keçirilən iclasından sonra açıqlamasında bildirib.

Bütün Türkiyənin İstanbulla təmasda olduğunu vurğulayan nazir bu şəhərdə xəstəliyin nəzarət altına alınmamasının hər bölgə üçün təhlükə yarada biləcəyini deyib: “İstanbul dünyanın əhali baxımından ən sıx şəhərlərindəndir. Şəhərin sərnişindaşıma da daxil olmaqla bütün ictimai yerləri yoxlamalardan keçirildi. Ən kiçik ehtiyatsızlıq böyük problemlərə yol aça bilər. Burada əsası test nəticələri müsbət çıxanların təmasda olduğu şəxsləri əksiksiz aidiyyəti qurumlara bildirməsidir”.

Türkiyə, eləcə də İstanbul səhiyyəsinin çox güclü təməllər əsasında qurulduğunu qeyd edən F.Koca deyib: “İstanbulda ümumilikdə təxminən 48 min xəstə üçün müalicə imkanı var ki, onlardan da 9 minə yaxını reanimasiya şöbələrinin payına düşür. Hazırda İstanbulda xəstəxanalarda doluluq səviyyəsi 55 faizdir. Reanimasiya şöbələrində bu rəqəm 66 faiz təşkil edir, nəfəs cihazlarının isə 33 faizi istifadə olunur. Xəstə sayının iki və ya üç dəfə artması təqdirdə özəl xəstəxanaların da 25 faizinin bu istiqamətdə istifadə olunması ilə bağlı müzakirələr aparılır. Unutmayaq ki, pandemiya təkcə səhiyyə işçilərinin həll edə biləcəyi problem deyil”.

Oktyabrın 28-nə COVID-19 nəticələrini açıqlayan nazir deyib: “Bu gün 128 min 312 nəfər testdən keçirilib. Onlardan 2305-də xəstəlik aşkarlanıb. 77 nəfər virusdan dünyasını əyişib. Bu gün Türkiyədə 1662 nəfərin sağalması ilə ölkə üzrə ümumi sağalanların sayı 319 min 181-ə yüksəlib”.