11 dekabr 2019 13:01
1016

Faiq Qarayev: Covanni Kapraranın fəlsəfəsi yığma ilə uzlaşmırdı

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının üzvləri Leyla Parşkova və Odina Bayramova 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turnirində zədə üzündən çıxış etməyəcək. 

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Voleybol Federasiyasının İ vitse-prezidenti Faiq Qarayev məlumat verib.

O, Parşkovanın Türkiyədə "Acıbadem" klinikasında əməliyyat olunacağını əlavə edib.

Qarayev əvvəlki baş məşqçi Covanni Kapraranın fəlsəfəsinin yığma ilə uzlaşmadığını bildirib. O, Yuliya Kərimova ilə Kaprara arasında problemin olduğunu da diqqətə çatdırıb. Qarayevin sözlərinə görə, bu problemin də yığmanın çıxışına təsiri olub.

Qeyd edək ki, Qarayev 2018-ci ildə Qızıl Avropa Liqasından sonra baş məşqçi postunu tərk etmiş,  bu il onu Kaprara əvəzləmişdi. Lakin italiyalı mütəxəssislə başa çatan müqavilənin müddəti uzadılmadı.