KÖŞƏ

Mənsumə Babayeva

Faktlar qarşısında aciz qalan Paşinyan gah nala vurdu, gah da mıxa...

01 oktyabr 2020 18:38
2302

Tarixin bütün dövrlərində Azərbaycana qarşı etnik təmizləmə, dövlət terrorizmi, soyqırımı və işğalçılıq siyasəti həyata keçirən Ermənistan terrorçu niyyətindən, faşist ideologiyasından əl çəkmir. Son 17 ildə bütün beynəlxalq təşkilatların toplantılarında, mühüm siyasi arenalarda, son illər savaş meydanında Azərbaycana uduzan təcavüzkar ölkə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan bütün danışıqları pozaraq mövcud status-kvonun saxlanması üçün istənilən təxribata əl atır. Belə ki, bir neçə ay əvvəl Tovuz rayonu ərazisində təxribatlar törədən, sərhədboyu əraziləri artilleriya atəşinə tutan, hərbçilərimizi və mülki əhalini qətlə yetirən, yaşayış məntəqələrinə ciddi ziyan vuran Ermənistan ordusu Silahlı Qüvvələrimizin sarsıdıcı zərbələri qarşısında davam gətirə bilmədi və böyük itkilər verərək geri çəkildi.

Gözlənilən o idi ki, düşmən bu ağır məğlubiyyətdən  ibrət dərsi götürəcək və işğalçılıq siyasətinə son qoyacaq. Amma hər şey gözləntilərin əksinə oldu. Belə ki, bir neçə gün əvvəl Ermənistan ordusu genişmiqyaslı hücuma keçərək yeni ərazilərimizi ələ keçirmək istədi. İşğalçı ölkənin budəfəki hücumu bir daha təsdiqlədi ki, onlar bu əməliyyata qabaqcadan hazırlaşıblar. Hətta Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında da açıq şəkildə qeyd etdi ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır: “Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir”. Dövlətimizin başçısının bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəsində, eyni zamanda, BMT tribunasından çıxış edərkən öz fikirlərini bildirmişdi. Ancaq həmişə olduğu kimi, bu dəfə də dünyada baş alıb gedən ikili standart Ermənistanın xeyrinə işlədi və işğalçı ölkə  müharibəyə başladı.

Belə ki, sentyabr ayının  29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırarkən dövlətimizin başçısı son günlər baş verən hadisələr barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev Rusiya ictimaiyyətini Ermənistanın təxribatları, işğalçılıq və təcavüz siyasəti haqqında məlumatlandırdı. Dövlət başçısı bildirdi ki, ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb: “Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır”.

Ümumilikdə götürsək, ölkəmizin başçısı həm münaqişənin mahiyyətini Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı, həm də faktlarla Ermənistanın təxribatçı siyasətini ifşa etdi.

Həmişə olduğu kimi, bu dəfə də faktlar qarşısında aciz qalan Nikol Paşinyan isə, necə deyərlər, gah nala, gah da mıxa vurdu. Göründüyü kimi, təcavüzkar ölkənin 30 ilə yaxındır ki, Azərbaycanın ərazisinin 20 faizini işğal altında saxlaması, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salması göz önündədir. Bunu necə inkar edə bilərdi? Ona görə də onun budəfəki çıxışı həm özünü, həm də erməniləri rəzil vəziyyətinə  saldı. Sözsüz ki,  ermənilər belə cılız, qeyri- ciddi, yalançı və riyakar dövlət başçılarının olmasından xəcalət çəkirlər.

Lakin ölkə başçısı İlham Əliyev məntiqli, tutarlı, peşəkar və səlis cavabları tamaşaçılarda  diplomatiya məharətinin zirvəsi  təəssüratı yaratdı. Bunun fonunda Nikol Paşinyanın sönük, faktoloji bazadan məhrum olan, dolaşıq və təkrarlanan fikirləri onun həm siyasi cəhətdən zəif olduğunu, həm də müdafiə etdiyi mövqenin heç bir tənqidə dözmədiyini aydın göstərdi.