13 mart 2019 10:38
1027

Faydalı əməkdaşlıq öz bəhrəsini verir

Martın 12-də SOCAR-ın “Azərikimya” İstehsalat Birliyində (İB) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, texnika elmləri doktoru, professor Mustafa Babanlının başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

“Azərikimya” İB-nin aparıcı mütəxəssislərinin də iştirak etdikləri görüşü giriş sözü ilə açan Birliyin baş direktoru İmran Arzumanzadə qonaqları səmimi salamlayaraq növbəti dəfə belə bir təşəbbüsdə olduqları üçün ADNSU-nun rəhbərliyinə minnətdarlığını bildirib. İ.Arzumanzadə qonaqlara təqdimat vasitəsilə “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda həyata keçirilən yenidənqurma və modernizasiya layihələri, perspektiv planlar haqqında məlumat verib, kadr hazırlığı məsələləri, respublikamızın aparıcı ali təhsil ocaqları ilə qurulan əlaqələr və bu qarşılıqlı faydalı əməkdaşlığın ali təhsil ocaqlarına, kimya sənayesinə, ümumilikdə isə respublikamıza verəcəyi töhfələrdən söhbət açıb.

Qeyd olunub ki, “Azərikimya” İB-nin ADNSU ilə birbaşa əməkdaşlığı 2015-ci ildə ilk dəfə universitetin 5 nəfər tələbəsinin birliyin vasitəçiliyi ilə əvvəlcə Etilen-polietilen zavodunda, sonra isə Türkiyənin “Petkim Petrokimya Holding A.Ş.”də ödənişsiz yay təcrübəsində iştirakı ilə başlanıb. Bu əlaqələr sonrakı illərdə də davam etdirilib.

Ümumilikdə isə 2015-2018-ci illər ərzində “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda ADNSU-nun 19 tələbəsinin və 9 məzununun ödənişli, 200 nəfər tələbəsinin isə ödənişsiz istehsalat təcrübəsi təşkil edilib. Bu təcrübələrin və qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda işlə təmin olunan və müvəffəqiyyətlə çalışan ADNSU məzunlarının sayı da kifayət qədərdir. Hazırda universitetin 119 nəfər müxtəlif ixtisaslardan olan tələbəsi Etilen-polietilen zavodunda ödənişsiz istehsalat təcrübəsi keçir.

Səmimi qəbula, tələbələrə göstərilən diqqət və qayğıya görə “Azərikimya”nın rəhbərliyinə minnətdarlığını ifadə edən Mustafa Babanlı ADNSU-da həyata keçirilən islahatlar haqqında geniş məlumat verib. Bu islahatların daha faydalı xarakter alması üçün “Azərikimya” İB-nin mütəxəssislərinin davamlı olaraq universitetin auditoriyalarında çıxışlarının, tədris proqramlarının, həmçinin müdafiə mövzularının hazırlanmasında yaxından iştirakının vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki tərəfdən işçi qrupun yaradılması və birgə fəaliyyət proqramının hazırlanaraq həyata keçirilməsi təşəbbüsü irəli sürülüb və bu istiqamətdə işlərə start verilməsi üçün ümumi razılığa gəlinib.

Orxan Vahidoğlu, “İki sahil”