16 may 2020 18:49
632

FENA yazır: Azərbaycan Bosniya və Herseqovinanın səmimi dostudur

Bosniya və Herseqovinanın Federal Xəbər Agentliyinin (FENA) saytında “Caferoviç: Azərbaycan Bosniya və Herseqovinanın səmimi dostudur” adlı məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, məqalə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin açıqlaması əsasında hazırlanıb. Qeyd olunur ki, Rəyasət Heyətinin sədri Şefik Caferoviç koronavirus pandemiyası zamanı Azərbaycandan ölkəsinə göndərilən yardıma görə təşəkkür edib. Bildirilir ki, Bosniya və Herseqovina pandemiyanın ən çətin anlarında müxtəlif yerlərdən dəstək alıb. Vətəndaşlara və qurumlara kömək üçün xüsusi iradə nümayiş etdirən ölkələrdən biri, əlbəttə, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikasıdır.

Diqqətə çatdırılır ki, Bosniya və Herseqovinaya Azərbaycandan çoxsaylı yardım daxil olub. Belə ki, əvvəlcə tibbi avadanlıqdan ibarət təyyarə gəlib, iki həftə sonra isə pandemiya ilə mübarizə üçün Nazirlər Şurasının xüsusi hesabına ianə edilib.

Məqalədə, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən Bosniya və Herseqovinaya edilmiş tibbi avadanlıqlardan ibarət yardıma da diqqət yetirilir.

Rəyasət Heyətinin açıqlamasına istinadən qeyd edilir ki, əsl və səmimi dostlar çətin anlarda tanınır və bu son həftələrdə Azərbaycan Respublikası bunu nümayiş etdirdi. Rəyasət Heyətinin bu açıqlaması ölkə KİV-ləri tərəfindən geniş işıqlandırılıb.