27 sentyabr 2020 19:27
867

Fərəc Quliyev: MDHP-nin bütün üzvləri Ali Baş Komandanın əmrindədir və əsgər kimi ordu sıralarına qatılmağa hazırıq

«İnanıram ki, hər bir əli silah tutan Azərbaycan övladı hazırdır ki, dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulsun və nəhayət ki, bu münaqişə öz həllini tapsın, işğal altında olan torpaqlarımız azad olunsun. Xalq, ordu, dövlət birliyi, Vətən uğrunda milli mücadilə sayəsində işğal olunan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, üçrəngli bayrağımız Şuşada dalğalanacaq. Çünki, bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir.»

Bu fikirləri "İki sahil" qəzetinə açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev bildirib.

Fərəc Quliyev qeyd edib ki, məlum olduğu kimi, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib. Təbii ki, bu vəziyyətdə hər bir təşkilatın və vətəndaşın əsas vəzifəsi dövlət ətrafında birləşmək və mərkəzi hakimiyyətin qərarlarına tabe olmaqdı. Biz hakimiyyətin siyasi kursunu ən sərt şəkildə tənqid edən müxalifət partiyalarından biri olsaq da, hazırkı vəziyyətlə bağlı xalqa səslənirik ki, düşmən hücumları və yaratdığı təxribatlar hakimiyyətə qarşı deyil, dövlətimizə və xalqımıza qarşıdır. Ona görə də dövlətimizin-ordumuzun gücünə güc qatmaq xalq olaraq əsas qayəmizdir. Bunun üçün isə mərkəzi hakimiyyətin addımları diqqətlə izlənilməli və maksimum dəstək nümayiş etdirilməlidir. Ona görə də biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq bütün üzvlərimizi dövlət ətrafında sıx birləşməyə çağırırıq.

F.Quliyev vurğulayıb ki, MDHP-nin bütün üzvləri Ali Baş Komandanın əmrindədir və əsgər kimi ordu sıralarına qatılmağa hazırıq.Dəfələrlə təkrarlanan təcrübədən isə bilməliyik ki, Ermənistanın Azərbaycana qarşı təcavüzündə maraqlı olan digər dövlətlərin, ölkəmizdəki cəsusları təxribat xarakterli məlumatlar yaymaqda maraqlı olacaqlar. Ona görə də xalqı mərkəzləşmiş məlumat mənbələrindən yararlanmağa və təxribat xarakterli şaiələrə uymamağa çağırırıq. KİV-ni isə, xəbər qaydalarına və xəbər mədəniyyətinə riayət etməyə səsləyirik. Müdafiə Nazirliyinin yaydığı xəbərlərdən başqa, cəbhədən gələn şaiələrin bir hissəsi dedi-qodu, bir hissəsi isə isə düşmən agenturasının yaydığı yanlış informasiyalar ola bilər.

F.Quliyev diqqətə çatdırıb ki, bunlardan əlavə, aktiv müharibə vəziyyətindən «5-ci kolonun» siyasi nümayəndələrinin və ya mənfəətçilərin kiçik siyasi maraqlar naminə yararlanmaqları yolverilməzdir. Xalq olaraq cəbhədəki gərginlikdən siyasi yararlar çıxarmağa çalışanlara qarşı olmalıyıq və bu cür halları təxribat kimi qiymətləndirməyi bacarmalıyıq. Bütün sınaqlarında olduğu kimi, bu gün də bir dövlət və xalq kimi, birliyimiz müşahidə olunur ki, biz bu birliyi qorumağı bacarmalıyıq və təxribatlara uymamalıyıq. Reallıq budur ki, bu gün cəbhədə gedən döyüşlər Azərbaycan ordusunun nəzarətindədir. Ordumuz düşmənin hücum təxribatına layiqli cavab verərək, əks hücuma keçib. Ordumuzun düşmənə ağır zərbələr vurduğunu qarşı tərəf gizlətməyə çalışsa da artıq erməni mətbuatına bu bərədə xeyli xəbərlər sızmışdır. Təbii ki, kimdən hansı dəstəyi almasından asılı olmayaraq, çökmüş Ermənistanın qandan qorxan erməni əsgəri, anadan əsgər doğulan xalqın qüdrətli ordusunun qarşısında məğlub olmağa və qaçmağa məhkumdur! Ən qısa zamanda xalqımızı BÖYÜK QƏLƏBƏ GÜNÜ münasibəti ilə təbrik edəcəyimizə əminik!

Şəmsiyyə Əliqızı,
"İki sahil"