22 yanvar 2021 19:11
981

Filmlərdə gördüyümüz hadisələri real həyatımızda yaşadıq FOTO/VİDEO

Qarabağda 44 gün davam edən Vətən müharibəsi şanlı ordumuzun parlaq qələbəsi ilə başa çatdı. 2855 hərbiçinin qəhrəmancasına şəhid, minlərlə döyüşçümüzün qazi olduğu müharibədə hər bir iştirakçı var gücü ilə, son damla qanına qədər əsl vətənpərvərlik nümunəsi göstərdi. Belə igidlərdən, xüsusi cəsurluq göstərərək erməniyə qan udduran döyüşçülərdən biri də gənc əsgər Salman Hüseynovdur. “İki sahil” qəzeti olaraq biz də bir neçə gün öncə Vətən müharibəsi veteranları igid əsgərin ailəsində olub döyüş təəssüratlarını öyrəndik.

Hüseynov Salman Seymur oğlu 1999-cu ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2017-ci ildə “N” saylı hərbi hissədə həqiqi hərbi xidmətə başlayıb. Xidmətdən qayıtdıqdan sonra II Qarabağ müharibəsi başlanan günə kimi Bakı şəhərindəki Dərnəgül qəsəbəsində yerləşən bazarda günəmuzd işləməyə başlayıb.

Müharibənin ilk günləri bizə yuxu kimi gəlirdi

İlk gündən son günə kimi döyüşlərdə iştirak edən Salman müharibəyə çağırış əsasında getdiyini bildirdi: “Sentyabrın 20-si axşam saatlarında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsindən zəng edərək Hərbi Komissarlığa çağırdılar. Heç bir tərəddüd etmədən səhər tezdən şöbəyə getdim. Oradan bizi Ağcabədiyə apararaq bir neçə gün təlim keçdilər, ayın 26-da isə Füzuli rayonuna getdik. Müharibənin ilk günündən döyüşlərə başladıq. İlk günlər müharibədə olduğumuza inanmırdıq, nəsə yuxu kimi gəlirdi, əvvəllər filmlərdə gördüyümüz hadisələr real həyatımızda baş verirdi, sonra yavaş-yavaş öyrəşdik. Amma şəxsi heyətdə heç kimdə qorxu, həyəcan yox idi, bütün döyüşlərə yüksək əhval-ruhiyyədə gedirdik.

Üç gün ac qaldıq, yalnız kanaldan içdiyimiz su ilə qidalanırdıq

Bir neçə post və yüksəkliyi aldıqdan sonra növbə Hadrut qəsəbəsinə çatmışdı. Ciddi hazırlıqdan sonra hava qaralan kimi əməliyyata başladıq. Digər ordu birliklərimizlə müxtəlif istiqamətlərdən qəsəbəni mühasirəyə alaraq həlledici hücuma keçdik. Xeyli şəhid və yaralılarımız bahasına Hadrutu azad etdik. Bir gün orada qaldıqdan sonra dağ, dərə və meşəlik ərazilərlə irəliləməyə başladıq. Çox yorulmuşduq, intensiv atışma sahəsində olduğumuzdan ərzaq təminatı da gələ bilmirdi. Ehtiyat ərzağımız bitdi, üç gün ac qaldıq, yalnız kanaldan içdiyimiz su ilə qidalanırdıq. Əraziləri müəyyən qədər təmizlədikdən sonra ərzaq gəldi, amma biz olan ərazidən 5-6 kilometr uzağa gəlirdi təminat. Piyada gedərək ərzaq və lazım olan ləvazimatları olduğumuz yerə gətirirdik.  

Aramızda 100-150 metr məsafə var idi, hamı şokda idi, heç kim köməyə gedə bilmirdi

Füzuli rayonunda səyyar hamama gəlmişdik, sayımız çox idi. Yerimizi təyin edən düşmən bizi top və minaatanlarla vurmağa başladı. Hamımız səngərlərə girdik, bu zaman əsgər Saleh Şəfizadə baş nahiyəsindən qəlpə yarası alaraq yerə yıxıldı. Aramızda 100-150 metr məsafə var idi, hamı şokda idi, heç kim köməyə gedə bilmirdi. Onun orda yaralı vəziyyətdə qalmasına dözə bilmədim, səngərdən çıxıb sürünərək yanına getdim, yarası ağır idi, sürüyərək səngərə tərəf gətirməyə başladım. Sonra digər döyüş yoldaşım Elşən Süleymanov da köməyə gəldi, birlikdə Saleh  Şəfizadəni səngərə gətirdik. Sonra isə tibb məntəqəsinə apardıq. Hazırda Saleh Bakıdakı hərbi hospitalda koma vəziyyətindədir, hələ də özünə gəlməyib. Allah köməyi olsun”.

Qəhrəman döyüşçümüz bildirir ki, müharibədə ən qorxduğu şey düşmənə əsir düşmək olub, hətta onlar hər zaman ehtiyat güllə saxlayırmışlar ki, əsir düşmə ehtimalı olduqda özlərini öldürərək şəhid olsunlar: “Müharibədə ən arzuolunmaz hal düşmənə əsir düşməkdir. Bunu həm müharibənin gedişində, həm də mülki həyatımızdan bilirdik. Ermənilərin əsirlərə necə davrandıqlarını, necə işgəncə verdiklərini hər kəs bilir. Bu səbəbdən də hər zaman üzərimizdə ya bir qumbara, ya da bir güllə mütləq saxlayırdık ki, əsir düşmə ehtimalımız olanda özümüzü öldürərək şəhid olaq. Allaha şükürlər olsun ki, belə hal olmadı.

17 nəfərlə mühasirəyə düşdük

Füzuli istiqamətində gedən döyüşlərdən birində 17 nəfərlə mühasirəyə düşdük. Uzaq məsafədən xeyli atışdıq, sonra sakitlik yarandı, öldüklərini zənn edib düşmən səngərinə girdik. Xeyli meyit var idi, sonra gördük ki, kənardakı təpələrin arxasından atmağa başladılar. Sən demə, bizi pusquya salmaq istəyirmişlər. İki-üç saat atışmadan sonra hücumu dəf edərək pusqudan çıxdıq, lakin bir şəhidimiz oldu. Təbii ki, bizdən bir şəhid olurdusa, onlarda bu say dəfələrlə artıq idi.

Bir dəfə 15-dən artıq düşmən tankının üzərimizə gəldiyini gördük. Dərhal artilleriya birliyinə məlumat verdik, onlar da bildirdilər ki, geri çəkilərək  düşməni artilleriyanın effektiv atış məsafəsinə çəkin. Elə də etdik, xeyli geri çəkildik. Sonra qəribə bir şey oldu, sanki onlar bizim erməni əsgəri olduğumuzu zənn etdilər, çünki çox yaxında idilər və bizə əl edərək yanımızdan keçib getdilər. O anda 6 nəfər idik, nə olduğunu tam anlamadıq, özümüzü məhv etmək üçün qumbaranı əlimizdə hazır saxlamışdıq. Necə oldusa yanımızdan keçib getdilər və bundan sonra artilleriya birliyimizə dəqiq koordinatları ötürdük. Bir neçə dəqiqə davam edən atışmadan sonra bütün erməni texnikası və canlı qüvvəsi məhv edildi.

Erməninin əl-qolunu bağlayıb  komandanlığa təhvil verdik

Xocavənd ərazisində düşmən postunu ələ keçirərək mövqe qurmuşduq, birdən gördük ki, uzaqdan bir erməni əsgəri gəlir. Sonra anladıq ki, gələn əsgər deyil, mülki vətəndaşdır. Bizə yaxınlıqda olan fermanı göstərərək rus dilində “bu yerlər mənimdir, nə olar oranı dağıtmayın, mallarımı tələf etməyin” deyirdi. Onun əl-qolunu bağlayıb zərərsizləşdirdikdən sonra komandanlığa təhvil verdik.

Ermənilərin texnikası, silah-sursatı bizdən çox zəif idi, istifadə etdikləri silahların əksəriyyəti də köhnə idi. Dəfələrlə olurdu ki, atdıqları minaatan, top mərmiləri partlamırdı, eləcə düşdüyü kimi də qalırdı. Bir dəfə lap yaxınlığımıza düşdü, partlasa ən azından yaralanmağımıza heç bir şübhə yox idi, amma partlamadı.

Müharibə bitdikdən sonra özümüzə istehkam və çadır quraraq Xocavənd rayonundakı mövqeyimizdə sığınacaq yaratdıq. İlk bir neçə gün təminat gələ bilmirdi. Həmin müddətdə ərazidəki iribuynuzlu heyvanlardan bir neçəsini kəsib ərzaq ehtiyacımızı təmin etdik. Sonra təminat gəlməyə başladı”.

Bizimlə söhbətində Salmanın əmisi, Samit Abdullayev qardaşı oğlu ilə fəxr etdiyini bildirdi: “Fəxr edirəm ki, belə bir qardaşım oğlu var. Vətənin səsinə, harayına gedərək torpaqlarımızın azad olunmasında fəal iştirak edib. Həqiqətən qürurverici haldır ki, Salman öz canı, qanı ilə Vətənimizə xeyirli bir övlad oldu. Şükürlər olsun ki, sağ-salamat ata-anasının yanına qayıdıb. Arzu edirəm ki, bütün övladlarımız hər zaman bu ruhda, Vətən sevgisi ilə böyüsün, hər zaman dövlətimizin keşiyində olsunlar. Allahdan kəndimizdən şəhid olan Səməndər İsgəndərovun timsalında bütün şəhidlərə rəhmət, qazilərə tezliklə şəfa diləyirəm”.

Döyüşçünün babası Məmmədhəsən dayı sevincinin həddi-hüdudu olmadığını bildirdi: “Sevincimin həddi yoxdur, Salman mənim sevimli, ağıllı, sözəbaxan nəvəmdir. Baba kimi onunla fəxr edirəm, qürur duyuram. Cənab Ali Baş Komandanımız İlham Əliyevin və qəhrəman əsgər və zabitlərinmizin sayəsində biz 30 illik Qarabağ həsrətinə son qoyduq. Allah bütün şəhidlərə rəhmət eləsin, onların yeri hər zaman ən yüksəkdədir, qazilər də qısa bir zamanda öz sağlamlığına, ailələrinə qovuşsunlar, inşallah”.

Gülsara nənə də sevincini bizimlə bölüşdü: “Şükürlər olsun ki, qısa bir zamanda torpaqlarımız alındı, sülh oldu. Allah cənab Prezidentimizin canını sağ eləsin, canlarından keçən şəhidlərə rəhmət eləsin, qazilərə şəfa versin. Allah mənim də nəvəmin canını sağ eləsin, torpaqların alınmasında iştirakçılardan biri oldu, elinə-obasına üzüağ, qalib əsgər kimi qayıtdı. Arzu edirəm ki, bundan sonra da bütün əsgərlərimiz dövlətimizin sərhədlərini belə qəhrəmancasına qorusunlar”.

Son olaraq qalib əsgərin atası Seymur Hüseynov da öz ürək sözlərini dedi: “Mənim üçün böyük fəxrdir ki, belə oğul böyütmüşəm. Onlar yağı düşmənə göz açmağa imkan vermədilər, həm birinci, həm də ikinci Qarabağ müharibəsində şəhid olan əsgərlərimizin qisasını aldılar, 30 illik həsrətə son qoydular. Allah cənab Ali Baş Komandanımız İlham Əliyevdən razı olsun ki, əks-hücum əmri verdi və 44 gün ərzində Qarabağ məsələsi daimi olaraq həll olundu”.   

Taleh Bağırov, “İki sahil”