27 noyabr 2020 11:08
278

Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu

Ermənistanın agır məglubiyyəti ilə əlləri üzülmüş Fransa indi də regiona burnunu soxmaq istəyir. Ötən gün Fransa Senatının qondarma Qarabagla bağlı qəbul etdiyi bədnam qətnamə və bu sənədin niyyəti bu deyilənlərin bariz nümunəsidir.

Vətən müharibəsinin ilk günlərində Fransanın regionda münagişənin qızışdırılmasında, eləcə də birbaşa Tovuz təxribatının arxasında rəsmi Parisin dayandığı barədə öz fikirlərimi paylaşmışdım. İşğalçı Ermənistanın işğalçılıq siyasətinin arxasında Fransanın durması Vətən müharibəsi dövründə Makronun görünməmiş canfəşanlığı fonunda öz təsdiqini tapmış oldu. Məqsəd, Ermənistan tərəfindən torpaqlarımızın işğalını tam dayanıqlı etmək, iqtisadi-siyasi, geostrateji əhəmiyyətini sadalamağa ehtiyac duyulmayan enerji xəttlərinin vurulması ilə Azərbaycana, həm də Türkiyəyə ağır zərbələr endirmək idi. Fransanın məqsədi Qarabağ ətrafında region ölkələrinin qarşıdurmasını yaratmaqla, həm düşmən saydığı Türkiyəni, həm də Avropanın başağrısına çevrilmiş Rusiyanı taqətdən salmaq, eyni zamanda Ankara-Moskva müttəfiqliyini  parçalamaq idi.

ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Fransa tərəfindən münaqişənin qızışdırılması və münaqişə tərəfi kimi Ermənistanı birtərəfli və açıq-aydın dəstəkləməsi Prezident Makronun şüvənliyi fonunda qeydlərimizin həqiqət payını daha da artırdı.

Sülh prosesini tənzimləməli olan ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi Fransa bu gün Yerevandan daha çox hay-həşirdədir. Rəsmi Paris öz doğma, müqəddəs torpaqlarını azad etmək iradəsini ortaya qoymuş və məqsədinə nail olmuş Azərbaycana qarşı  dəlilsiz, sübutsuz, arsız-həyasız bəyanatlar səsləndirir. Fransa Senatının noyabrın 25-də qəbul etdiyi bədnam qətnamə isə bu ölkənin vasitəçilik missiyasının obyektivliyi qarşısına böyük sual işarəsi qoydu. Fransa parlamentarilərinin məlum mövqeyi rəsmi Parisin vasitəçilik missiyasında bir daha təmsil olunmayacaq anlamını qətiləşdirdi. 

Məşhur Azərbaycanlı Əhmədiyyə Cəbrayılov II Dünya Müharibəsi dönəmində Fransanın azadlığı uğrunda alman faşizminə qarşı döyüşlərdə qəhrəmanlıq göstərən zaman indi həmin fransızların bərk-bərk qucaqladıqları ermənilər harada idi. Bu gün Fransa Senatında əyləşənlər, eləcə də, bu ölkənin siyasi kursunu istiqamətləndirən kəslər bilməmiş deyillər ki, bugünki ermənilərin ataları və babaları faşist Almaniyasının cəza dəstələrinin tərkibində Fransanın işğalında iştirak ediblər.

Afrikanın ucsuz-bucaqsız çöllərindən qovalanmış Fransa müstəmləkəçiləri bu gün Yaxın Şərqdə səlib yürüşünə başlayıb. Bu gün fransızlar şiş burunlarını Qafqaza soxmaq istəyirlər. Ancaq unutmasınlar. Azərbaycan öz haqq işi uğrunda- BMT- nin, ATƏT-in, Avropa Şurasının, Avropa İttifaqının, Avropa Parlamentinin, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların, eləcə də, dünya ölkələrinin tanıdığı ərazi bütövlüyünün bərpası uğrunda   mübarizə aparır. Azərbaycan öz müqəddəs torpaqlarını havadarlarının kimlərin olmasından aslı olmayaraq, mənfur erməni işğalçılarından azad etdi və bu missiyanı sonadək davam etdirəcəkdir.

Fransanın vasitəçi statusu artıq qəbirə  gömülmüşdür.

Yaşasın Qarabağ!

Qarabağ Azərbaycandır!

Hüseyn PAŞAYEV,

YAP-ın Mətbuat Xidmətinin rəhbəri, əməkdar jurnalist