06 fevral 2019 10:58
627

Fransada birinci ümumi tətildə 300 min nəfər iştirak edib

Fevralın 5-də Fransa Ümumi Əmək Konfederasiyası Həmkarlar İttifaqının (CGT) təşkilatçılığı ilə Əyilməz Fransa siyasi partiyasının və “sarı jiletlər” etiraz aksiyaçılarının birgə keçirdiyi ilk ümumi tətil 200 şəhəri əhatə edib.

AZƏRTAC xəbər verir ki, Daxili İşlər Nazirliyi nümayişçilərin sayını açıqlamasa da, CGT həmkarlar ittifaqı onların 300 min olduğunu bildirib.

Yerli mətbuatda Parisdə şəhər meriyasından başlayaraq Yelisey çölləri prospektinə qədər davam edən nümayişdə CGT 30 min nümayişçinin, polis prefekturası 18 min, bir neçə media qurumunun sifarişi ilə Occurrence kabinetinin məlumatına əsasən 14 min nümayişçinin iştirak etdiyi bildirilir.

Nümayişçilər əməkhaqqının artırılması, ədalətli vergi sisteminin yaradılması, liseylərlə bağlı islahatlar aparılmaması və universitetlərdə təhsil haqqının artırılmaması, nümayiş hüququ kimi tələblərlə küçələrə axışıblar.