08 fevral 2019 19:59
140

Fransadan erməni faşizminə növbəti “jest”

Son zamanlar erməni lobbisi və diaspor təşkilatları daha da fəallaşaraq, qondarma “erməni soyqırımı” ilə bağlı müxtəlif kampaniyalara, tədbirlərə start verirlər. Belə fəallaşmanın fonunda özlərini demokratiyanın beşiyi adlandıran Fransanın bu dəfəki addımı heç də təəccüb doğurmadı.

Məqsəd isə tarixdə baş verməmiş bir hadisədən istifadə edərək Türkiyə əleyhinə kampaniya aparmaqdır. Sözsüz ki, Fransanın ermənipərəst olduğunu sübut etməyə ehtiyac yoxdur. Bu ölkə qondarma “erməni soyqırımı”nı tanıyan ilk dövlətlərdən biridir. Görünür, Prezident Emmanuel Makron erməni məsələsində daha da irəli gedib. Əvvəlki prezidentlər balansı nisbətən qorumağa çalışdıqları halda, ancaq Makron açıq şəkildə ermənipərəst mövqeyini ortaya qoyur. Onun bu ikili siyasəti təkcə qardaş Türkiyəyə qarşı deyil, eyni zamanda, Azərbaycana qarşı da atılan addım oldu.

Göründüyü kimi, Makronun uğursuz siyasəti nəticəsində xeyli müddətdir ki, ölkəni etiraz aksiyaları bürüyüb. Hətta “sarı jiletlilər” adlandırılan aksiyaçılar güc strukturlarının zorakılığı, qeyri-insani rəftarına məruz qalıblar. Aksiyaları dağıtmaq üçün hətta qadağan edilmiş vasitələrdən də istifadə edilib. Ölənlər, xeyli yaralananlar və həbs edilənlər var. Aksiyaçılar ölkədəki duruma, o cümlədən vergilərin artmasına, qiymətlərin bahalaşmasına etiraz edirlər. Lakin Makron ölkəsini düşdüyü vəziyyətdən çıxarmaq əvəzinə, qondarma “erməni soyqrımı” ilə bağlı qərar verməklə məşğuldur. Makronun hakimiyyətdə olduğu müddətdə  təkcə Türkiyəyə qarşı deyil, Azərbaycana qarşı da münasibətlərə xələl gətirən siyasət aparması açıq-aydın ortadadır.

Milli Məclisin deputatı Sahib Alıyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, içində heç bir dəyər gəzdirməyən, psixikası pozuq adamlara “siyasi sığınacaq” verərək onlardan mənəviyyat terrorçusu düzəldib Azərbaycanın üzərinə qısqırtmaq demokratiya və söz azadlığına dəstək sayılır, Makronun yeritdiyi siyasətə etiraz edənlərin təmsilçisi ilə görüş isə təxribatmış: “Özü də söhbət o etirazçılardan gedir ki, Fransa polisi indiyədək aralarından yüzlərlə adamı həbsə atıb, neçə başı dağıdılan, gözü çıxarılan və hətta öldürülənləri də var.  Yaxşı, tutaq ki, İtaliya Baş nazirinin müavininin “sarı jiletlilər”in təmsilçisi ilə görüşü “təxribat”mış, bəs onda həmin Fransanın Prezidenti Makronun aprelin 24-nü ölkəsində ağlaşma günü kimi elan etməsi nədir? Makron axı yaxşı bilir ki, belə bir soyqırımı olmayıb, bu, uydurmadır. Söhbət əsl soyqırımından gedirsə, onda onu törədənlərin başında məhz öz ölkəsi gəlir. Makronun təbirincə desək, “tarixin düz gözünə baxan Fransa” Əlcəzair, Ruanda və digər Afrika ölkələrində törətdiyi soyqırıma gələndə nədən kora çevrilir? Yoxsa, soyqırımına uğratdıqlarının yaraşıqlı və yarı çılpaq törəmələri ilə qucaqlaşıb həm də şəkil çəkdirməklə Makron tarixin o qanlı anlarını unutdurduğunu düşünür? Bəlkə, bu həmin xalqlara qarşı Fransanın törətdiyi soyqırımın Makroncasına tanınmasıdır? Xeyr, bu cür şəkillər ancaq Makronun özünü unutduğunu göstərir və tanımayanlara onun kimliyini tanıdır”.

Deputat, həmçinin onu da qeyd etdi ki, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi ola bilməz, çünki vasitəçi tərəfsiz olmalıdır: “Fransa bütün müstəvilərdə erməniləri müdafiə edir. Əslində rəsmi Parisin həmsədrlik məsələsinə çoxdan baxılmalı idi. Şəxsən 20 ilə yaxındır təklif edirəm ki, nəinki Fransa, ümumiyyətlə, üç vasitəçi dövlətin hamısı həmsədrlikdən uzaqlaşdırılsın. Çünki hər üç ölkə birmənalı şəkildə ermənilərə dəstək verir. Bunu gizlətməyin nə faydası var? Həqiqəti açıq söyləmək lazımdır. Axı, ATƏT-in Minsk qrupu sadəcə üç dövlətdən ibarət deyil, orada 10-dan çox ölkə var”.

Politoloq Elxan Şahinoğlu isə açıqlamasında bildirdi ki, indi isə Emmanuel Makron “erməni soyqırımını” aprelin 24-də Fransada xatirə günü kimi qeyd etməyi qərara aldı: “Makronun bu qərarı obyektiv olaraq həm Türkiyədə, həm də Azərbaycanda narazılıqla qarşılandı. Fransa ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətindən biridir. Fransa neytral olmaq əvəzinə erməni lobbisinin istəklərini yerinə yetirir. Bu isə Fransanın münaqişənin həllində neytarllığına gölgə salır. Çünki həmin erməni lobbisi Dağlıq Qarabağın işğalına dəstək verir. Emmanuel Makronun qərarına və türkiyəli rəsmilərin sərt açıqlamalarına baxmayaraq Ankaranın və Bakının Parislə münasibətlərinə yenidən nəzərdən keçirməsi bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Politoloq, həmçinin qeyd etdi ki, Türkiyənin və Azərbaycanın Fransa ilə sıx iqtisadi və ticarət əlaqələri var: “Fransa-Türkiyə və Fransa-Azərbaycan iqtisadi əlaqələri Fransa-Ermənistan iqtisadi əlaqələrini dəfələrlə üstələyir. Ona görə də əgər Bakı və Ankara Parislə əlaqələrini zəiflədərlərsə bu, erməni lobbisinin və Ermənistan hakimiyyətinin maraqlarına xidmət edəcək. Avropanın bir sıra ölkəsinin parlamenti “erməni soyqırımını” tanıyan qətnamələr qəbul ediblər. Rusiya parlamenti də istisna deyil. Buna rəğmən, həm Türkiyənin, həm də Azərbaycanın bu dövlətlərlə, o cümlədən Rusiya ilə sıx münasibətləri var. Makronun “erməni soyqrımını” tanıması və ya xatirə kimi anması o demək deyil ki, Türkiyə və Azərbaycan buna görə yas saxlamalıdır. Biz Makronun yanlış qərar verdiyini deməli, bunu əsaslandırmalı, eyni zamanda, bu ölkə ilə əlaqələri zəiflətməməliyik. Erməni lobbisinin sevincinə əsas verən intuitiv qərar verməyin əleyhinəyəm. Əksinə, çalışmalıyıq ki, Fransa şirktələrinin Azərbaycana yatırımları artsın. Mümkündür ki, gələcəkdə Azərbaycan Fransadan hərbi texnika alsın. Əgər bu, baş verərsə, Fransadakı erməni lobbisinə güclü zərbə olacaq. Ermənilərə xoş görünən qətnamələr kağız parçasıdır, əsas məsələ real rəqəmlərə dayanan iqtisadi və ticari əlaqələridir”.

Mənsumə Babayeva, “İki sahil”