25 fevral 2020 11:14
1533

Fransalı tədqiqatçı: Ədalət tam bərqərar olmalı

Azərbaycan torpaqları geri qaytarılmalıdır

2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası həyata keçirilir. Bu kampaniya çərçivəsində görülən işlər nəticəsində dünya ictimaiyyəti erməni qəsbkarlarının insanlığa sığmayan vəhşilikləri barədə daha dolğun məlumatlar əldə edirlər. İllər keçdikcə dünyanın nüfuzlu beynəlxalq təşkilatları, aparıcı dövlətləri bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini daha dərindən öyrənir, qətliamı kəskin şəkildə pisləyir, təcavüzkarla təcavüzə məruz qalanı tanımaq imkanı əldə edirlər.

Elə fevralın 22-də bütün dünya azərbaycanlılarının Almaniyanın Berlin şəhərində Ümumavropa Qarabağ mitinqini keçirmələri də məhz bu səbəbdən qaynaqlanır. Dünyanın əksər ölkələrində yaşayan soydaşlarımızın qatıldıqları Ümumavropa Qarabağ mitinqi kütləviliyi baxımından Avropada keçirilən ikinci aksiya idi. Qeyd edək ki, keçən il Belçikada, bu il isə Almaniyanın paytaxtı Berlin şəhərində bir araya gələn dünya azərbaycanlıları dünya birliyindən, beynəlxalq qurumlardan Xocalıya ədalət, bu soyqırımı həyata keçirənlərin tezliklə ədalət mühakiməsinə cəlb olunmasını tələb ediblər.

Xocalı soyqırımının 28-ci il dönümü ərəfəsində keçirilən mitinqin iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Biz terrora yox deyirik”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına dur de!”, “İşğalı dayandırın!”, “Qarabağ haqqımızdır!” kimi şüarlarla beynəlxalq təşkilatlara çağırışlar ediblər. Mitinq zamanı yerli sakinlərə, turistlərə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı maddi və mənəvi itkiləri əks etdirən tarixi vəsaitlər paylanılıb.

Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı Parisdə keçirilən anım tədbirində Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin tədqiqatçısı Karim İfrak bildirib ki, XXI əsrin astanasında bu cür soyqırımı aktının törədilməsi qəbuledilməzdir: “Bir gecədə qəflətən mülki şəxslərə edilən hücum nəticəsində 613 insanın - qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı eşitdiklərim mənə çox pis təsir etdi. Həmin qətliamdan 28 il keçməsinə baxmayaraq qatillər, cəlladlar hələ də cəzalandırılmayıb. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ədalət tam bərqərar olmalı, Azərbaycan torpaqları geri qaytarılmalıdır”. 

Karim İfrak, həmçinin bildirib ki, “Xocalıya ədalət!” kampaniyası beynəlxalq ictimaiyyəti məlumatlandırmaq baxımından çox önəmlidir. Dünya birliyi ermənilər tərəfindən törədilmiş bu barbarlığı, Ermənistanın əsl üzünü görməlidir. Ermənistan heç bir təşkilata, onların qəbul etdikləri qərar və qətnamələrə məhəl qoymur, münaqişənin sülh yolu ilə həlli istiqamətində heç bir addım atmır. İnanırıq ki, sülhpərvər, tolerant və inklüziv Azərbaycan xalqı tezliklə torpaqlarını azad edəcək və ədalət öz yerini tutacaq.

Mənsumə Babayeva, “İki sahil”