11 iyun 2019 11:02
242

Gədəbəydə 22.2 km-lik avtomobil yolları yenidən qurulur

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, əhalinin həyat şəraitinə müsbət təsir edən kənd təsərrüfatı və turizmin inkişafına gətirib çıxaracaq yol infrastrukturu layihələrinin işlənilməsi istiqamətində dövlət başçısının tapşırıq və sərəncamları əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən ölkə boyu kompleks tədbirlər həyata keçirilir. Bu çərçivədə Gədəbəy rayonunda 22.2 km uzunluğa malik avtomobil yolları yenidən qurulur.

Başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur. Bu 16 km uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6.2 km uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yollarıdır. Sözügedən yollar 4-cü texniki dərəcəyə uyğun inşa edilir.

Mövcud problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib.

Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında 1090 paqon-metr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Təbii ki, hər iki istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirməkdir.