09 sentyabr 2019 17:31
131

Gələn ay keçiriləcək əhalinin siyahıyaalınması ilə bağlı BU YENİLİKLƏR edilib

2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasının keçirilməsi ilə bağlı tətbiq ediləcək siyahıyaalma və sorğu vərəqələrində bir sıra yeniliklər öz əksini tapıb.

Trend-in məlumatına görə, bunu Dövlət Statistika Komitəsi sədrinin birinci müavini, iqtisad üzrə fəlsəfə doktoru Vahab Məmmədov deyib.

Onun sözlərinə görə, siyahıyaalınmada istifadə olunacaq sorğu vərəqəsinə ilk dəfə olaraq əlilliyə dair suallar əlavə edilib. Bu suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə, məşğulluğuna və əhalinin siyahıyaalınması çərçivəsində toplanan digər göstəricilərə dair məlumatlar şəhər və rayonlar, eləcə də yaş qrupları üzrə əldə ediləcək. Bu da öz növbəsində, əlillərin sosial müdafiəsi və onların cəmiyyətə inteqrasiyası ilə bağlı dövlət siyasətinin inkişafı üçün zəruri məlumatlara olan tələbatın ödənilməsi səviyyəsini artıracaq.

V.Məmmədov qeyd edib ki, inzibati ərazi vahidləri üzrə əmək ehtiyatlarının istifadəsini və əmək bazarında mövcud vəziyyəti daha dolğun təhlil etmək məqsədilə beynəlxalq metodoloji yanaşmalara əsaslanaraq sorğu anketinə işçi qüvvəsinin tərkibi və əhalinin məşğulluğuna dair bir sıra suallar daxil edilib:

“Sorğu vərəqələri elə tərtib olunub ki, alınacaq məlumatlar bundan əvvəlki siyahıyaalmanın göstəriciləri ilə müqayisə aparılmasına imkan yaratsın. 2019-cu il əhali siyahıyaalınması bütün əhali üçün vahid olan siyahıyaalma proqramı əsasında, sayıcılar tərəfindən bütün yaşayış yerlərini (müvəqqəti yaşayış yeri də daxil olmaqla) əhatə etməklə sorğu yolu ilə aparılacaq. Bu yanaşma nəticəsində əhalinin faktiki məskunlaşması barədə də mühüm məlumatlar əldə ediləcək”.

Qeyd edək ki, bu il oktyabrın 1-10-da həyata keçiriləcək əhalinin siyahıyaalınması müstəqil Azərbaycanın tarixində sayca üçüncü olacaq.