13 dekabr 2019 17:11
1053

Gənc alim və mütəxəssislərin iştirakı ilə elmi-praktiki konfrans 

Aqrar sahədə fəaliyyət göstərən gənc alim və mütəxəssislərin iştirakı ilə elmi-praktiki konfrans keçirilib. Konfrans  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Elm və İnnovasiya Mərkəzi (AEİM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutlarının təşkilatçılığı ilə keçirilib.

Konfransı AEİM-in direktor müavini Fərman Kərimov giriş sözü ilə açaraq iştirakları salamlayıb. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev çıxış edərək bildirib ki, gənc kadrların yetişdirilməsi, onların elmi-tədqiqat işlərinə cəlb edilməsi qarşıda duran ən vacib məsələlərdən biridir. “Gənc alim və mütəxəssislər arasında elmi əməkdaşlığın gücləndirilməsi, müəssisələrin bu işə müsbət yanaşması son dərəcə vacibdir, ona görə də qarşılıqlı əlaqələrin gücləndirilməsi məqsədi ilə  elmi konfransların keçirilməsi təmin olunacaq”,- deyə o qeyd edib. Hər iki qurumda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası bu cür konfransların mütəmadi keçirilməsi haqda razılığa gəlib.

Konfransda elmi məruzələr dinlənilib. AEİM-in şöbə müdiri Faiq Xudayev “Aqrar sahənin inkişafında gənclərin qarşısında duran vəzifələr” mövzusunda, Əkinçilik Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Rəhilə İslamzadə “Dəmyə şəraitində gübrə normalarının müəyyən olunması” mövzusunda, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Çingiz Balazadə “Calaqaltıların mikroklonal üsulla çoxaldılması” mövzusunda, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Vüsalə Mirzəli “Qarpız bitkisində məhsuldarlığın artırılması yolları” mövzusunda, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Məlahət Qarayeva “Heyvanların infeksion xəstəliklərinə qarşı mübarizə tədbirləri” mövzusunda, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Ceyhun İbrahimov “Ətraf mühitin çirklənməsində pestisidlərin rolu” mövzusunda, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun elmi işçisi Şəlalə Əliyeva “Heyvandarlıqda yem bazasının yaradılması” mövzusunda təqdimatla çıxış ediblər.

Konfrans çərçivəsində AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu, o cümlədən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutları arasında əməkdaşlıq müqavilələri imzalanıb. İştirakçılar institutun laboratoriyalarına və torpaq muzeyinə baxış keçiriblər.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.