14 iyun 2019 17:20
198

Gəncədə 3226 məzun üçün “Son zəng” çalınıb

Bu gün respublikamızın hər yerində olduğu kimi, Gəncədə də orta məktəb məzunları “Son zəng” həyəcanını yaşayıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncənin 46 tam orta məktəbi üzrə 3226 şagird üçün “Son zəng” çalınıb.

Bu özəl gündə Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbər işçiləri və ictimaiyyət nümayəndələri şəhərin ayrı-ayrı məktəblərində olub, məzunların sevincini bölüşüb, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.

Çıxışlarda bildirilib ki, inkişaf etmiş dövlətin qurulması üçün birinci amil təhsil səviyyəsinin yüksək olmasıdır. Vaxtilə Ulu Öndərin rəhbərliyi ilə təhsil sistemində islahatların əsasını təşkil edən mühüm sərəncamlar, fərmanlar imzalanıb. Bu gün isə Prezident İlham Əliyev tərəfindən bu sahədə sistemli islahatlar aparılır, Ulu Öndərin təhsil sahəsindəki siyasəti uğurla davam etdirilir.

Vurğulanıb ki, Gəncədə də təhsil sahəsində mühüm işlər görülüb. Belə ki, şəhərdə təhsil infrastrukturu müasirləşdirilib, məktəblərin maddi-texniki bazası zənginləşdirilib. Bütün məktəblər lazımi tədris vəsaitləri ilə təchiz olunub.

Daha sonra tədris ili ərzində idman və fənn olimpiadalarında qalib gələn, nümunəvi şagirdlərə, habelə fərqlənən müəllimlərə diplom və fəxri fərmanlar təqdim edilib.

Sonra məzunlar məktəbə, müəllimə həsr olunan şeir və mahnılar söyləyib, maraqlı rəqslər ifa ediblər.

Sonda on birincilər üçün “Son zəng” çalınıb.