04 fevral 2019 10:51
393

Gənclər gələcəyimizdir

Dövlətin mövcudluğunun təməl prinsiplərindən biri də məhz sağlam gənclikdir. Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, gələcəyin təminatı intellektual gənclərin yetişdirilməsindən asılıdır. Gəncliyin sağlam ruhlu, savadlı, yüksək tərbiyəyə malik olması  çox önəmlidir.

“Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Gənclər Günü ilə bağlı qəzetimizə açıqlamasında bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin kökündə dayanan amil 90-cı illərin əvvəllərində vətəndaş qarşıdurmasından çıxan gəncliyin vətəndaş cəmiyyətinin formalaşması prosesinə cəlb olunmasıdır: “Həmin dövrdən formalaşmağa başlayan Azərbaycan gəncliyi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində daha da inkişaf etmiş, müasir çağırışlara cavab verən gəncliyə çevrilmişdir”.

Bəhruz Quliyev, həmçinin əlavə etdi ki, Azərbaycanda gənclərin inkişafı istiqamətində atılan addımların başlıca məqsədi əhalinin bu təbəqəsinin enerjisindən dövlət idarəçiliyində, qanunvericilik orqanlarında və mühüm platformalarda istifadə etməkdir: “Bu gün müstəqil Azərbaycanın töhfəsi olan gənclərimiz ölkəmizi müxtəlif beynəlxalq tribunalarda, mühüm yarışlarda, elm auditoriyalarında təmsil edə bilirsə, bu, Azərbaycan gəncliyinin inkişafının göstəricisi, dövlətin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir”.

Digər həmsöhbətimiz YAP Gəncə şəhər təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev isə bildirdi ki, gənclər yalnız gələcəyin yox, bu günün də liderlərinə çevrildilər. Onların fikirləri, ideyaları, enerjiləri həm bu günümüzə, həm də gələcəyə yeni pəncərədən baxmağa imkan yaratdı: “Gənclərimizin mətanətli, qüdrətli, məqsədyönlü, daim axtarışda olmaq xarakteri onların Vətən məhəbbətində, əməyə vicdanlı münasibətində də öz təcəssümünü tapıb. Azərbaycan gəncləri dünya miqyasında, beynəlxalq tədbirlərdə layiqincə təmsil olunurlar. Onlar mötəbər kürsülərdən xalqımızın haqq səsini dünyaya yayır, dünya ictimaiyyətinin əsl həqiqəti bilməsi üçün yorulmadan, usanmadan fəaliyyət göstərirlər. Bu gün xalqımızın qəhrəmanlıq tarixini, mübarizlik salnaməsini də şərəflə yazan gənclərimizdir. Mübariz, Fərid, Murad, Samid kimi yüzlərlə, minlərlə igid, mərd qəhrəmanlarımızla, Vətən oğulları ilə fəxr edirik. Müstəqilliyimizin qorunub saxlanılmasında və əbədi olmasında gənc nəslin çiyinlərinə daha ağır yükün düşdüyünü qeyd edən ulu öndər Heydər Əliyevin arzuları bu gün yerinə yetirilib. “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azəbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” deyən dahi şəxsiyyət zamanın gənclərinə böyük ümidlə baxıb, onları Azərbaycanın milli sərvəti hesab edib. Məhz bunun üçün bu günün vətənpərvər gəncləri özlərini müstəqil Azərbaycan dövlətinin əsl sahibi hiss edir, gündən-günə gözəlləşən, tərəqqi edən ölkəmizin inkişaf etdirilməsində, beynəlxalq aləmdə qazandığı nüfuzun qorunub saxlanmasında üzərlərinə düşən məsuliyyəti yaxşı dərk edirlər.”

“İki sahil”  eyni zamanda, müasir Azərbaycan gənclərinin dövlətin gənclər siyasəti haqqında, gələcək arzuları ilə bağlı fikirlərini öyrəndi:         

Bakı Dövlət Universitetinin tələbəsi Nərgiz Hüseynova: “Artıq 22-ci ildir ki,  fevralın 2-si ölkəmizdə Gənclər  Günü kimi qeyd olunur. Azərbaycan Respublikası müstəqillik tarixini yazdıqdan sonra gördüyü tədbirlər sırasında gənclər və onların sağlam rifahı, azad gələcəyi, savadlı intellekti, demokratik idarəetmə bacarığının  formalaşdırılması əsas yer tutub. Düşünürəm ki,  bu  heç də təsadüfi  deyil.  Ulu öndər Heydər Əliyevin  və onun  siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin  uzaqgörənliyinin, humanistliyinin, müdrikliyinin başlıca nəticəsidir.”

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Aslan Əzimzadə: “Hər il Gənclər Günü münasibətilə müxtəlif sahələr üzrə öz biliyi, bacarığı, fəaliyyəti ilə seçilən gənclərə müxtəlif mükafatlar, nominasiyalar təqdim olunur. Düşünürəm ki,  gənclərin öz işində daha da stimullaşması və ruhlanması  üçün çox mükəmməl bir tədbirdir. Dövlətimin gənclər üçün yaratdığı bütün  şəraitdən çox razıyam. Həmyaşıdlarıma məsləhətim odur ki, gəlin  hər birimiz bu  şəraitdən səmərəli şəkildə istifadə edək. Öz borcumuzu layiqincə yerinə yetirək. Bilməliyik ki, rəqabətə davamlılıq səviyyəsinin əsasında məhz innovasiya dayanır. İnnovasiyanın əsas generatoru isə  bilikdir. Biz təhsili hər zaman ön planda saxlamalı, onun inkişafı üçün öz töhfəmizi verməliyik.”

Azərbaycan Dillər Universitetinin tələbəsi Könül Şakirqızı: “Bu gün innovativ düşüncəli cəmiyyətin yetişməsi, var olması bütün Azərbaycanın inkişafıdır. Bu səbəbdən də elə dövlətimiz biz gənclərə hər bir şəraiti yaradır. Bu imkanlar sırasına dövlət hesabına xaricdə təhsil alan, iş təcrübəsi keçən, digər sosial, ictimai, dünyəvi hadisələrin birbaşa iştirakçısı olan gəncləri, həmçinin respublika daxilində təhsil, səhiyyə, sosial-ictimai proseslərin önəmli parçasına çevrilən, bunun sayəsində özlərinə yüksək dərəcəli mövqelər qazana bilən gəncləri göstərmək olar.”

Azərbaycan Dillər Universitetinin tələbəsi Şahin Sərdarlı: “Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti son illər nəzərəçarpan dərəcədə yüksələn xətlə inkişaf edir. Bir çox dövlət qurumuna gənc və potensiallı şəxslərin rəhbər təyin edilməsi bunun bariz nümunəsidir. Gənclər üçün yaşayış şərtlərinin daha da yaxşılaşdırılması çox vacibdir. Hesab edirəm ki, hökumət bu istiqamətdə də ciddi layihələr həyata keçirəcək. Bakıda minlərlə istifadəyə yararlı, satışa çıxarılan, amma yaşayış olmayan mənzillər var. Dövlət lazımi addım ataraq həmin mənzillərin ödənişini edib güzəştli kredit şərtlərilə gənclərə təklif etsə, bu həqiqətən alqışlanası addım olar.”

Yaqut Ağaşahqızı, “İki sahil”