08 avqust 2019 14:59
89

Gənclər Naxçıvan şəhərindəki muzeylərlə tanış olublar

12 Avqust – Beynəlxalq Gənclər Gününün qeyd olunması, gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların tarixi abidələr və muzeylərlə daha yaxından tanış olması məqsədilə gənclərin Naxçıvan şəhərindəki muzeylərə ekskursiyası təşkil edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi tərəfindən təşkil olunan ekskursiyada 45 gənc iştirak edib.

Heydər Əliyev Muzeyində ekskursiya iştirakçılarına məlumat verilib ki, Naxçıvan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Muzeyi 1999-cu il mayın 10-da 420 eksponatla fəaliyyətə başlayıb. Muzeydə hazırda yüzlərlə eksponat var. Bu gün Ümummilli Liderimizin həyat və fəaliyyətini əks etdirən çoxsaylı muzeylər fəaliyyət göstərir. Muxtar respublikamızın paytaxtındakı Heydər Əliyev Muzeyi isə Ulu Öndərimizin dünyaya gəldiyi və ilk əmək fəaliyyətinə başladığı şəhərdə yaradılıb. Bu, həm də o deməkdir ki, dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsindən bəhrələnmək məhz ilk dəfə Naxçıvanda reallaşdırılıb.

Naxçıvan Dövlət Tarix Muzeyində qeyd olunub ki, bu gün muzeydə on şöbəni əhatə edən Naxçıvanın qədim və zəngin tarixi ilə bağlı 49 mindən çox eksponat qorunub saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Dövlət Tarix Muzeyinin xalqımızın tarixi-mədəni irsinin toplanması, qorunması, tədqiqi və təbliğindəki əhəmiyyətini nəzərə alaraq, “Naxçıvan Dövlət Tarix Muzeyinin 95 illik yubileyinin keçirilməsi haqqında” 2019-cu il 2 avqust tarixli Sərəncam imzalayıb.

Döyüş Şöhrəti Muzeyində olan gənclərə bildirilib ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular - haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, “Mi-8T” döyüş-nəqliyyat vertolyotu, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur. Hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib.

Gənclər mədəniyyət müəssisələrindəki eksponatlarla yaxından tanış olublar.