15 may 2019 10:39
204

Gənclərə qayğı dövlət siyasətinin prioritetidir

Bir millətin mövcudluğu və inkişafı sözsüz ki, onun sağlam gəncliyinin olmasını şərtləndirir. Çünki hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin “2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında” Sərəncamı gənclərə göstərilən diqqət və qayğının ən böyük nümunəsi idi. Təqdirəlayiq haldır ki, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Azərbaycanda Gənclər Günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başlanılmışdır. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si “Gənclər Günü” elan edilib.

Gənclər Gününün 10 illiyi münasibətilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsini də olduqca əlamətdar hadisə kimi xarakterizə etmək lazımdır. Bundan başqa, dövlət başçısı İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” və “Azərbaycan Gəncliyi (2011-2015-ci illərdə) Dövlət Proqramı”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007- 2012-ci illər)”, “2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”, “2007-2013-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsinə dair Dövlət Proqramı” və bir sıra digər mühüm sənədlərin qəbul olunması, uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsinə, onların faydalı məşğulluğunun təmin edilməsinə öz töhfəsini verməkdədir. Qəbul olunan sənədlərin yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətinin ən ümdə hissəsini elm və təhsilin inkişafı təşkil edir. Ölkə başçısı 28 oktyabr 2014-cü il tarixində Bakıda Gənclər Siyasəti üzrə Birinci Qlobal Forumunun rəsmi açılış mərasimindəki nitqində demişdir: “Yalnız təhsil, bilik və texnologiya bütün bəşəriyyətin aparıcı qüvvəsidir. Bütövlükdə bəşəriyyət innovasiyalardan, müasir texnologiyalardan faydalanır. Buna görə də təhsil Azərbaycanda prioritetlərdən biridir. Hesab edirik ki, beynəlxalq təhsil mərkəzləri ilə sıx əməkdaşlıq edərək biz daha böyük nailiyyətlər qazana bilərik. Bu səbəbdən uzun illər ərzində hökumətimiz gənc nəsillərimiz üçün dünyanın aparıcı universitetlərində təhsil proqramlarını maliyyələşdirir. Bu il təqribən 40 milyon avroya yaxın vəsait gənclərimizin xaricdə təhsili üçün sərf edilib. Eyni zamanda, biz Azərbaycanda təhsilin səviyyəsini artırmaq üçün bu sahəyə böyük sərmayələr yatırırıq və universitetlərimizlə dünyanın aparıcı təhsil ocaqları arasında beynəlxalq əlaqələri daha da artırmağa çalışırıq.”

Gənc nəslin hərtərəfli inkişaf potensialının artırılması təkcə dövlət siyasətinin tərkib hissəsi olmayıb, eyni zamanda, müxtəlif şirkətlərə gənclər üçün əlverişli layihə və proqramların yaradılması üçün fürsətlərin yaradılması da dövlət qayğısının əyani göstəricisidir. Məhz bu şəraitdən faydalanaraq 2008-ci ildə mən də “Work and Travel” proqramında iştirak etmək imkanı əldə etdim. Tələbələrin 3 ay müddətində Birləşmiş Ştatları səyahət edib, dil öyrənib, iş təcrübəsi qazandığı bu proqram artıq yay tətilinin səmərəli təşkilinin ən yaxşı metoduna çevrilmişdir. Bu zaman çərçivəsində, həmçinin öz faydalı iş əmsalımı artıraraq Con Kennedi Dövlət Kitabxanasında tədqiqat aparmaq fürsəti əldə etdim.

Ölkə əhalisinin təqribən 30 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin prioritetidir. Gənclərə diqqət yalnız elm və təhsil sahələrində deyil, həmçinin sosial və idman sahələrində də davam etdirilməkdədir. “ASAN” adlanan yeni dövlət xidmətləri sisteminin tətbiqi ilə təqribən 30 növ xidmət göstərilir. “ASAN” sistemində çalışanların və könüllülərin tam əksəriyyəti gənclərdir. Prezident İlham Əliyevin gənclər siyasətində idmana qayğı da xüsusi əhəmiyyət kəsb edir. Ölkəmizin idman uğurlarının sayı illər keçdikcə artmaqda davam edir. 2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan əvvəlki illərlə müqayisədə ən yüksək nəticəni əldə etdi. Azərbaycan demək olar ki, 200 ölkə arasında 30-cu oldu. Gənclər arasında Olimpiya Oyunları da Azərbaycan üçün əlamətdar oldu. Yığmamız təxminən 200 ölkə arasında 10-cu oldu. Bu onu göstərir ki, Olimpiya hərəkatının inkişafı, müasir idman qurğularının yaradılması siyasəti öz nəticəsini verir. 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçirilən ilk Avropa Oyunları da əlamətdar hadisə olaraq yadda qaldı. Panamerika, Asiya, Afrika Oyunlarından fərqli olaraq Avropa Oyunları əvvəllər heç zaman keçirilməmişdir. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparırdı.

2016-cı il sentyabrın 1-dən 14-dək paytaxt Bakıda  keçirilən 2-ci Şahmat Olimpiadası və 12-22 may 2017-ci il tarixlərindəki IV İslam Həmrəyliyi Oyunları da idman sahəsindəki növbəti uğurlarımız idi.

Gənclərin maariflənməsinə, savadlanmasına, elmi inkişafına göstərilən xüsusi diqqət və qayğının davamı olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin dünyanın məşhur universitetlərində təhsil almaq üçün göndərilməsi xüsusi diqqətəlayiqdir. Prezident İlham Əliyevin gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi. Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərəcək.

2019-cu il fevralın 14-də Prezident İlham Əliyevin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına əsasən martın 1-dən elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat təqaüdün verilməsi də biz gənc alimlər üçün də yüksək səviyyədə stimul oldu. Gənclər siyasətində qarşıya qoyulan vəzifələrdən biri də yeni nəslin nümayəndələrinə etimad göstərilməsi, məsul vəzifələrə, idarəetmə işinə irəli çəkilməsi, qabiliyyət və bacarıqlarını nümayiş etdirmək üçün şərait yaradılması, bir sözlə, onların dövlət quruculuğunda və ümumiyyətlə, ictimai-siyasi proseslərdə fəal iştirakını təmin etməkdir. Məhz bunun məntiqi nəticəsi kimi 2 oktyabr 2019-cu il tarixindən Bakı Dövlət Universitetinin Beynəlxalq proqramlar şöbəsində mütəxəssis vəzifəsində çalışıram. Gənc bir alim kimi Prezident İlham Əliyevin gənclər siyasətinin uğurlarını hər zaman üzərimdə hiss edirəm.

Hüseyn Hüseynli,

YAP Zahid Xəlilov 23 (BDU) ərazi partiya təşkilatının üzvü,
BDU-nun müəllimi