31 yanvar 2019 10:34
541

“Gənclərin Dostu” Milli Mükafatı təqdim olundu FOTO, VİDEO

Dünən “Pullman Hotel”də Azərbaycan Respublikası Gənclər Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə “Gənclərin Dostu” Milli Mükafatının təqdimat mərasimi keçirildi.

Milli Məclisin deputatlarının, tanınmış ictimaiyyət nümayəndələrinin, ziyalıların, KİV nümayəndələrinin iştirak etdikləri mərasim ulu öndər Heydər Əliyevin və ölkə başçısı cənab İlham Əliyevin gənclərlə bağlı fikirlərini əks etdirən qısa videoçarxın nümayişi ilə başlandı.

Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirdi ki, artıq on altıncı ildir ki, “Gənclərin Dostu” Milli Mükafatı öz sahiblərinə təqdim edilir.

Qeyd olundu ki, Azərbaycanın gənclər siyasəti dünyada örnək və uğurlu model kimi qəbul olunur. Prezident İlham Əliyevin son 15 ildə Azərbaycanda gənclərlə işin inkişaf etdirilməsi ilə bağlı verdiyi göstərişlər bunun bariz nümunəsidir. Ölkədə gənclərlə bağlı görülən bütün işlər dövlətin bu sahəyə olan qayğısının Prezidentin nəzarətindən kənarda olmadığını göstərir.

Sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov bildirdi ki, Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsi ilə üz-üzə qalanda ulu öndər Heydər Əliyev Bakıya gələrək xilaskarlıq missiyasını yerinə yetirdi:  “Amma ilk növbədə Ulu Öndərimiz Naxçıvanı xilas etdi. 1990-cı illərin əvvəlində Bakıda təzyiqlərlə üzləşən Heydər Əliyev Naxçıvana pənah  gətirdi. Mən deyərdim ki, bu, əslində Naxçıvanın şansı idi. Həmin dövrlərdə  Azərbaycanın əleyhdarlarının tərtib etdikləri planda təkcə Dağlıq Qarabağın yox, eyni zamanda, Naxçıvanın da işğal edilməsi  nəzərdə tutulmuşdu. Ulu öndər Heydər Əliyevin Naxçıvana gəlməsi bu ərazinin də işğal edilməsinin qarşısını aldı. Ulu öndər Heydər Əliyevin qayıdışı ilə xalqımızın Azərbaycanın  müstəqilliyinin  dönməzliyinin təmin olunması kimi arzusu yerinə yetdi.”

Daha sonra çıxış edən deputatlar - Aydın Mirzəzadə, Adil Əliyev, Musa Quliyev, Jalə Əliyeva, Musa Qasımlı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, professor Şahlar Əsgərov, “ASAN Radio 100 FM”-in rəhbəri Emin Musəvi Azərbaycanda gənclər siyasəti ilə bağlı görülən işlərdən söz açdılar. Bildirildi ki, vaxtilə ümummilli lider Heydər Əliyevin gənclərə göstərdiyi xüsusi diqqət və qayğı, Azərbaycan dövləti üçün qoyub getdiyi irs bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı hər zaman gəncləri maraqlandıran, onları narahat edən problemlərlə maraqlanır, görüşlər keçirir və bu istiqamətdə öz tövsiyə və tapşırıqlarını verir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri təkcə ölkə daxilində deyil, respublikamızın xaricində də ölkəmizi layiqincə təmsil edirlər. İldən-ilə artan uğurlar onu deməyə əsas verir ki, Azərbaycan dövləti gənc olmaqla yanaşı, həm də gənclər ölkəsidir.

Çıxışlardan sonra “Gənclərin Dostu” Milli Mükafatı öz sahiblərinə təqdim olundu.

Qeyd edək ki, “Gənclərin Dostu” Milli Mükafatı bir qrup deputata, gənc fəallara, ictimaiyyət xadimlərinə, həmçinin bir sıra jurnalistlərə verilib.

Şəfiqə Dadaşova, 
Vüsal Cahanov (foto), 
“İki sahil”