25 iyun 2020 11:23
214

Gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirici tədbirlər

"Virtual məktəb” layihəsi çərçivəsində "Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil imkanları” mövzusunda onlayn tədbir keçirilib.

"İki sahil" xəbər verir ki, tədbir mərkəzin peşəyönümü işlərinin planına uyğun olaraq, mərkəzin müəllim və pedaqoji-mühəndis heyətinin iştirakı ilə baş tutub. Məqsəd gənclərin peşəyə istiqamətləndirilməsi yönündə maarifləndirmə işlərinin aparılması və peşə təhsilinin vacibliyinin aşılanmasıdır.

Görüşdə mərkəzdə tədris olunan “Avtomobil diaqnostikası və təmiri üzrə usta”, “Veb dizayner və proqram təminatçısı”, “Avtomatika üzrə usta”, “İnşaat ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” , “Elektronika ustası” , “Torna və frezer dəzgahlarının operatoru” və “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasların təqdimatı nümayiş olunub,  bu ixtisaslara qəbul qaydaları barədə ətraflı məlumat verilib.

Bununla yanaşı, təşkil olunmuş tədbir çərçivəsində 2019-2020-ci tədris ilini uğurla başa vurmuş Təhsil Mərkəzinin təqdimatı həyata keçirilib. Tədris olunan 8 texniki ixtisas haqqında ətraflı məlumat verilib, zəngin maddi-texniki baza imkanlar təqdim edilib, strukturda mövcud olan emalatxana və laboratoriya otaqlarına virtual turlar təşkil olunub.

Eyni zamanda, görüşdə işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən söz açılıb. Qeyd olunub ki, Mərkəzin əsas missiyası müasir tələblərə və qlobal sənaye ehtiyaclarına hazır olan rəqabətqabiliyyətli kadrlar hazırlamaq və onları tərəfdaş şirkətlərdə iş imkanları ilə təmin etməkdir.

Görüşün sonunda ünvanlandırılan bütün suallar iştirakçılar tərəfindən cavablandırılıb.

Qeyd edək ki, 12, 18 iyun tarixlərində də Mərkəz tərəfindən “Virtual məktəb” layihəsi çərçivəsində peşəyönümü üzrə təbliğat xarakterli distant tədbirlər həyata keçirilib.