05 dekabr 2019 20:09
907

Gənclərin YAP-a etimadı yekdil və dəyişməzdir

Dekabrın 23-nə təyin olunan yerli özünüidarətemə  orqanlarına seçkilərə ciddi hazırlıq görülür.  Bütün siyasi kampaniyalara vahid siyasi qüvvə kimi başlayan Yeni Azərbaycan Partiyasının fəalları  bələdiyyə seçkilərinin əsas mərhələsi olan təbliğat-təşviqat kampaniyasını mütəşəkkilliklə  davam etdirir.  Seçiciləri ilə görüşünə “Xalq üçün” devizi ilə gələn YAP-ın namizədləri   son illərdə  respublikada aparılan quruculuq işlərində rolu artan bələdiyyələrin üzərinə düşən vəzifələrdən ətraflı danışır, seçici rəyini öyrənirlər.

YAP Mərkəzi Seçki Qərargahının Yasamal rayon təşkilatında keçirilən  görüşün iştirakçıları bu il ilk dəfə siyasi kampaniyada səs verəcək gənclər idi.

Görüşü YAP Yasamal rayon təşkilatının sədri  Tağı Əhmədov açaraq  müstəqil vətəndaş kimi  ölkənin siyasi həyatında ilk addımlarını atan gənclərə bələdiyyələrin həyatımızda artan rolundan danışaraq bildirdi ki,  yerli özünüidarəetmə orqanları yarandığı gündən müsbət təcrübə əldə etmiş, fəaliyyətlərini  vətəndaş rəyi əsasında  təkmilləşdirmişlər:

-  Dünya miqyasında  nüfuzu artan, diplomatiyası dəstəklənən, iqtisadi uğurları  nümunə göstərilən Azərbaycanın belə yüksək zirvələri fəth etməsində Yeni Azərbaycan Partiyasının rolu və xidmətləri böyükdür. Elə buna görədir ki,  bütün siyasi kampaniyalarda  seçicilərin əksəriyyəti  əsas fəaliyyət prinsipi xalqa xidmət olan YAP-na yüksək etimad göstərir, partiyanın namizədlərinə yekdilliklə səs verirlər.

Gənclər adından çıxış edən  Bakı Dövlət Universitetinin tələbələri Aytac Rüstəmli və  Qarabəy Kərimov bildirdilər ki, Prezident, YAP-ın Sədri İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı   bizi təhsildə, ölkəmizin ictimai, siyasi həyatında daha fəal olmağa  çağırır.

Qeyd olundu ki, dövlət başçımızın cari ilin əvvəlindən,  son aylarda həyata keçirdiyi islahatlardan   ən çox bəhrələnən  gənclərdir. Tələbələrin təqaüdlərinin artırılması,  məcburi qaçqın və köçkün ailələrinin  ali məktəblərə qəbul olunan övladlarının təhsil haqqını ödəməkdən  azad olunması, Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsillərinin davam etdirilməsi üçün yaradılan şərait  ölkəmizin gələcəyinin daha etibarlı təminatı üçün nəzərdə tutulan və heç bir ölkədə analoqu olmayan sosial qayğıdır. Son günlərdə ölkədə aparılan kadr islahatlarına uyğun   bacarıqlı gənclərin dövlət strukturlarında  yüksək vəzifələrə  təyin olunması  bu gün tələbə,  sabah isə  təcrübəli mütəxəssis kimi fəaliyyət göstərəcək  gəncləri daha da ruhlandırır.   Buna görə də, ölkə gənclərinin YAP-na rəğbəti, inamı, etimadı tükənməzdir.  23 dekabrda   respublikanın bütün  gəncləri   bələdiyyə seçkilərində  iştirak edəcək və YAP-nın namizədlərinə səs verəcəklər.

Namizədliyi YAP Yasamal rayon təşkilatı tərəfindən  irəli sürülən partiya fəalları adından çıxış edən Əli Əkbərli bildirdi ki,  ölkə üzrə  fəaliyyət göstərən bələdiyə sədrlərinin 20 faizdən çoxunu gənclər təşkil edir. Son illərdə bələdiyyələrdə gənclərin, qadınların sayının artması gələcəyimizi etibar edəcəyimiz  yeni nəslə göstərilən etimaddır.

Görüşdə iştirak edən gəncləri maraqlandıran sualları cavablandıran bələdiyyə üzvlüyünə namizədlər seçicilərin etimadını doğrultmaq üçün  daha fəal olacaqlarını bildirdilər.

Xuraman İsmayılqızı, “İki sahil”