16 noyabr 2020 18:43
1028

Gigiyenik qaydalara əməl edilməsi gündəlik həyatımızın əsas çağırışı olmalıdır

COVID-19-a birgə səyimizlə, qarşıdakı illərdə daha yaxın olmaq üçün bu gün məsafələri qorumaqla qalib gələk

Dünyada 54 milyon 818 min 004 nəfərdə koronavirus aşkarlanıb. 1.324.526 nəfər vəfat edib. Asiyada 15 .084.075, Avropada 13. 944.339, Şimali Amerikada 13. 400.932, Cənubi Amerikada 10. 358.67, Afrikada isə 1. 987.732 nəfərdə virus aşkarlanıb. Yoluxmanın ən çox müşahidə olunduğu statistikaya görə, ilk beşlikdə ABŞ, Hindistan, Braziliya, Fransa və Rusiyadır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin adları COVID -19 virusuna daha çox yoluxan dövlətlər arasında da yer alır. Region dövlətləri arasında yoluxmanın səviyyəsi bu cür müəyyənləşdirilib: İranda 762.068, Türkiyədə 414.278, Ermənistanda 117.337, Gürcüstanda isə 79.678 nəfər. Azərbaycanda isə koronavirusa yoluxanların sayı 75. 688 nəfər olub ki, onun 967 nəfəri ölüb, 55. 150-si sağalıb. 15 noyabrda 2259 yeni yoluxma qeydə alınıb. 1101 nəfər sağalaraq evə buraxılıb, 21 nəfər vəfat edib. Respublika üzrə aktiv xəstə sayı 19. 571 nəfərdir. Son sutka 13 min 377, bu günədək isə ölkəmizdə 1.516.084 test aparılıb, ölənlərin ümumi sayı 967 nəfərdir. Noyabrın 15-də yoluxanların sayının iki min nəfəri ötməsi həyəcan təbilidir.

«Virusun yayılmasının qarşısının alınması insanların tövsiyələrə nə dərəcədə riayət etməsindən asılıdır. Sadə gigiyenik qaydalara əməl etməklə, fiziki məsafə saxlamaqla özümüzü və yaxınlarımızı qoruya bilərik. Ümid edirik ki, Azərbaycanda koronavirusla bağlı hər kəs tövsiyələrə əməl edəcək və ölkə üzrə tam karantinə getməyə ehtiyac qalmayacaq» söyləyən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmançı ölkəmizdə pandemiyaya qarşı mübarizənin kompleks şəkildə aparıldığını dövlətimizin ölkə vətəndaşlarına qayğısı kimi qeyd edib. Amma reallıq budur ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də virusa yoluxma halları artmaqdadır.

Pandemiya ilə bağlı artan statistik rəqəmlərdən aydın olur ki, bu dəhşətli bəlanın sona çatması barədə danışmaq hələ çox tezdir. Yoluxma halları bizdən qabaq başlayan ölkələrdə də stabilləşmə müşahidə olunmur. Mütəxəssislər hesab edirlər ki, pandemiya pik nöqtəyə çatıb. Bu məqamda yoluxma sayı yüksək rəqəmlərlə davam edəcək, xəstəlikdən sağalanların da sayı artacaq. Bir müddət bu stabilləşmə dövrü davam edəcək, ondan sonra karantin tədbirlərinin lazımi səviyyədə yerinə yetirildiyi tədbirlər də azalacaq. Diqqəti cəlb edən əsas məqam odur ki, virusun simptomlarında heç bir dəyişiklik yoxdur. Yəni, xəstəlik müxtəlif adamlarda fərqli xüsusiyyətləri ilə hiss olunur. Orqanizmin immunitetindən, insanların xəstəliyə qarşı müqavimətindən asılı olaraq sağalma və müayinə müddətində də fərqlilik müşahidə olunur. Əvvəllər olduğu kimi, yüksək temperatur, quru öskürək, iy və dadbilmə qabiliyyətinin itirilməsi, ishalın başlaması koronavirusa yoluxmanın ilkin əlamətləridir. Qrip virusu ilə birgə müşahidə olunan virus daha qorxulu nəticələr verir. Mütəxəssislər bildirirlər ki, infeksiyanın xüsusiyyətlərinin yüngülləşməsi üçün virus kifayət qədər dəyişməli, əsaslı mutasiyaya uğramalıdır. Bu vəziyyətin yaranması isə qısa müddətdə mümkün deyil. Ən qorxulu hal odur ki, virus daşıyıcılarının xəstəliyi başqalarına ötürmə ehtimalı daha çox və təhlükəlidir. Xüsusilə xəstəliyi simptomsuz və yüngül keçirən uşaqlarda müşahidə olunan virus vasitəsilə yayılma hallarına diqqət artırılmalıdır. Təcrübə göstərir ki, immuniteti zəif uşaqların virusu ağır keçirməsi halları da müşahidə olunur.

 Göründüyü kimi, beynəlxalq aləmdə təhlükə mənbəyi olan pandemiya ya yoluxma nəinki azalmır, əksinə, mənfi istiqamətdə sürətlə davam edir. Statistik rəqəmlərdən də göründüyü kimi, dünyamız üçün qorxulu olan COVID-19 hələ ki, «söz sahibidir.»

 Ölkə vətəndaşlarının virusa yoluxma hallarının minimuma endirilməsi üçün ilk gündən respublikamızda kompleks tədbirlərin müəyyənləşdirilməsi, əlavə xəstəxanaların tikilməsi, modernləşdirilməsi, təcrübəli həkimlərin ölkəmizə dəvət olunması, karantin rejimlərinin, komendant saatının tətbiqi, paytaxtda hər şənbə, bazar günlərində genişmiqyaslı dezinfeksiya işlərinin aparılması, tibbi avadanlıqların, qoruyucu vasitələrin respublikamızda istehsalına başlanılması müsbət nəticəsini verir.

Dünyada sülhün, sabitliyin qorunması, xalqlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi üçün humanist təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən Prezident İlham Əliyevin COVID- 19-la mübarizə istiqamətində gördüyü işlər ölkədə həyata keçirilən tədbirlərlə məhdudlaşmır.

          Cari ilin iyul ayının 10-da Prezident İlham Əliyevin təşəbbüsü, Qoşulmama Hərəkatına üzv dövlətlərin iştirakı ilə video formatda keçirilən Zirvə görüşündə beynəlxalq səviyyədə pandemiyaya qarşı mübarizə məqsədilə BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi ilə bağlı qətnamə qəbul olundu. BMT Baş Assambleyasının noyabrın 5-də keçirilən plenar iclasında bu məsələ müzakirə edildi və bəyənildi. Qeyd edək ki, BMT Baş Assambleyası fəaliyyət göstərdiyi müddətdə fövqəladə hal kimi, 31 belə xüsusi sessiya keçirilmişdir. Bunlardan yalnız üçü dövlətlərin təşəbbüsü ilə çağırılmışdır. Qoşulmama Hərəkatına iki il müddətinə sədrlik edən Azərbaycanın təklifi ilə dekabrın 3-də dövlət və hökumət başçılarının iştirakı ilə BMT Baş Assambleyasının videoformatda təşkil olunacaq sessiyası da bu baxımdan əhəmiyyətlidir. Qlobal məsələlərlə bağlı mühüm çağırışların müəllifi olan Prezident İlham Əliyevin beynəlxalq səviyyədə təsdiqlənən bu təşəbbüsü dövlət başçımızın dünya diplomatiyası müstəvisində möhkəmlənən mövqeyidir. Prezident İlham Əliyevin dünya ictimaiyyətinin sağlamlığının qorunması naminə irəli sürdüyü təklif dünya dövlətləri tərəfindən dəstəklənsə də vandallığı, terrorizmi faşizm ideyalarını dəstəkləyən Ermənistan bu cür humanitar təşəbbüsə qarşı çıxmaqla bir daha ermənizmin əsl mahiyyətini göstərdi. «O ki, qaldı Ermənistana, əslində onlar özlərini çox gülünc vəziyyətə qoydular. Bizim təşəbbüsümüzü 130-dan çox ölkə rəsmən dəstəklədi, özü də fərdi qaydada. Baxmayaraq ki, Qoşulmama Hərəkatı bütövlükdə buna dəstək vermişdir, yenə də bütün ölkələr fərdi qaydada ya bizə, ya da ki, BMT-yə məktublarla bu haqda məlumat verdilər. Bir neçə ölkə səssiz qaldı, yəni, sadəcə olaraq, reaksiya vermədilər. Yeganə ölkə-Ermənistan bunun əleyhinə çıxıb» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, pandemiyadan ən çox zərər çəkən bu işğalçı dövlət olsa da, qeyri-səmimi hərəkəti ilə də humanizm prinsiplərindən kənar olduğunu sübut etdi.

Göründüyü kimi, təkcə Azərbaycan vətəndaşlarının həyatı üçün deyil, bəşəriyyətin bu qorxulu virusdan qorunması üçün əlindən gələni edən, Ümumdünya Səhiyyə Təşkilatına, müxtəlif ölkələrə yardımlar göstərən Azərbaycan həmişə olduğu kimi, yenə də multikultural ənənələrinə sadiq tolerant ölkə olduğunu sözdə deyil, real həyatda əməlləri ilə də təsdiqləyir.

Müharibə şəraitində belə ölkə vətəndaşlarının sosial müdafiəsi üçün əhəmiyyətli islahatların həyata keçirilməsi, nəqliyyatda, təhsil sahəsində, iaşə obyektlərində tətbiq olunan qaydalara riayət olunması daim diqqətdə saxlanılır. İctimai asayişə nəzarət edən polislərin, insanların toplum halında yerləşməməsi üçün intizam qaydalarına diqqətlə yanaşması da pandemiyanın qarşısının alınmasına yönələn tədbirlərdəndr. Amma bütün hallarda məsuliyyət öz sağlamlığının qorunması qayğısına qalan insanların üzərinə düşür. Pandemiyanın qarşısının alınması, yoluxma hallarının azalması üçün əsas şərt olan tibbi maskalardan istifadə, gigiyenik qaydalara əməl olunması, ara məsafələrin qorunması koronavirusa qalib gəlməyin ən səmərəli yoludur. Küçələrdə, daha çox insanın yığışdığı ərazilərdə yerləşdirilən reklamlarda göstərilən qaydalara əməl etməklə özümüzü və yaxınlarımızı, çalışdığımız kollektivin üzvlərinin həyatını təhlükədən qoruya bilərik. Gigiyenik qaydalara diqqət gündəlik həyatımızın əsas çağırışı, yerinə yetirməyə məcbur olduğumuz fəaliyyət prinsiplərimiz olmalıdır.

Xuraman İsmayılqızı, «İki sahil»