29 yanvar 2019 14:02
216

Gördüyümüz iş müsbət istiqamətə doğru gedir

Toplanışda əsas məqsədimiz komandanın fiziki hazırlığını pik nöqtəyə çatdırmaqdan ibarət idi. Bundan sonra taktiki mərhələ başlayırdı. Taktiki məşqlər gedir və demək olar ki, istədiyimiz bəzi taktiki gedişləri, sistemdəki dəyişiklikləri həyata keçirdik. Bəzi səhvlər var idi ki, son iki yoxlama oyununda onlara daha çox diqqət ayırdıq və sonrakı məşqlərdə üzərində işləməyə başladıq. Ümumilikdə götürsək, komandanın ikinci yoxlama matçında fiziki hazırlıq vəziyyəti qənaətbəxş idi və gördüyümüz iş müsbət istiqamətə doğru gedir.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Keşlə” futbol klubunun baş məşqçisi Tərlan Əhmədov komandanın mətbuat xidmətinə müsahibəsində deyib.

Qırx yeddi yaşlı mütəxəssis klubun yeni transferləri haqda danışarkən bildirib: “Bilirsiniz ki, bu günədək üç futbolçu ilə müqavilə imzalamışıq. Bunlardan ikisi yerli futbolçular - Emin Mehdiyev və Vüsal İsgəndərlidir. E.Mehdiyevi “Neftçi” futbol klubunda çıxış etdiyi zamandan tanıyıram. Onun oyununa bələdəm və azərbaycanlıdır, istəyirəm ki, bizə köməyi dəysin. V.İsgəndərli də “Zirə”ə çıxış edirdi və biz onu komandamıza dəvət etmişik. Üçüncü transferimiz legioneridir, Con Kamara, hansı ki, Qazaxıstanın “Kaysar” komandasında forma geyinib. Həmin mövqeyə bizə təklif edilən ən optimal oyunçu məhz C.Kamara idi. Məşqçilər korpusu onu komandaya dəvət etdi. İki əcnəbi futbolçu da, cəlb oluna bilər. Ən çox da istədiyimiz “pleymeyker”dir, onun axtarışları davam edir. Bu məsələdə tələsmək də, istəmirik, çünki həmin mövqeyə daha yaxşı futbolçu seçmək istəyirik. Yaxın günlərdə hansı futbolçunun komandaya cəlb olunacağı bilinəcək”.