12 fevral 2019 10:21
207

Görüş Azərbaycan qazından yararlanacaq ölkələr üçün yeni imkanlar yaradacaq

Fevral ayının 20-də Bakıda “Cənub Qaz Dəhlizi” (CQD) Məşvərət Şurasının sayca 5-ci iclasının yekunu üzrə tədbir keçiriləcək. Əvvəlki iclaslardan fərqli olaraq bu tədbirdə bir sıra yeni məsələlərin müzakirə olunacağı və müəyyən qərarların veriləcəyi bildirilir. Belə ki, CQD-nin mümkün genişləndirilməsi üçün “Abşeron”, “Ümid-Babək”, “Qarabağ”, “Şahdəniz-3” kimi bir neçə yatağın işlənməsi, yeni idxalçı ölkələrin layihələrə cəlb edilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir.

İclasın yekununda isə Azərbaycan, Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Yunanıstan, İtaliya, Türkiyə, Xorvatiya, Monteneqro, Rumıniya, San-Marino, Böyük Britaniya, ABŞ və Avropa İttifaqı nümayəndələri tərəfindən birgə bəyannamənin imzalanacağı nəzərdə tutulur.

“Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri İlham Şaban iclasın mahiyyəti və Azərbaycan üçün önəmi barədə qəzetimizə açıqlamasında bildirdi ki, bundan əvvəl keçirilən 4 görüşün hamısı layihənin tikinti, layihələndirmə mərhələsinə təsadüf edib: “2019-cu il isə artıq layihənin bazarlara çatdırılması və onun nəticələrinin əldə olunmasına təsadüf edir. Ən vacib olan mərhələlər də bundan sonra başlayır. Burada, həmçinin layihəyə yeni iştirakçıların qoşula biləcəyi də müzakirə mövzusu ola bilər. Sevindirici haldır ki, “Cənub Qaz Dəhlizi” layihə mərhələsindən özünün istismar mərhələsinə qədəm qoyur. Bu isə Azərbaycanın və onun  layihədəki tərəfdaşı olan ölkələrin uğurunun bir göstəricisidir. Bəyannamədə bu detallara toxunulması da təbiidir. Sənəddəki detallardan eyni zamanda görünür ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində hansı önəmli rolu oynayır. Bu səbəbdən də 5-ci görüş Azərbaycan qazından yararlanacaq ölkələr üçün yeni imkanlar yaradacaq. Təbii ki, həmin görüş, eyni zamanda, layihədə yer almayan, lakin ona meyil göstərən ölkələrə də qapıların açıq olması ilə bağlı mesajın verilməsi baxımından önəmli olacaq”.

Bəyannamədəki müddəalara əsaslanan ekspert İ.Şaban vurğuladı ki, “Cənub Qaz Dəhlizi” ilə bağlı əldə olunan nəticələrin davamlılığı əsas hədəflərdəndir: “”Şahdəniz-3”, “Abşeron”, “Ümid-Babək”, “Qarabağ” və digər yeni yataqların işlənməsi kimi perspektivlərin olduğu vurğulanırsa, deməli, biz qarşıdakı illərdə meqalayihənin daha da genişlənəcəyinin şahidi olacağıq. Bütün bunlar isə deməyə əsas verir ki, artıq Azərbaycan Avropanın enerji təminatı və təhlükəsizliyi məsələsinə ehtimal olunan ölkədən real təsir imkanları olan ölkəyə çevrilir”.

Taleh Bağırov, “İki sahil”