09 avqust 2019 21:31
129

Göygöl rayonunda taxıl biçini başa çatıb

Göygöl rayonunun tarlalarında bu ilin məhsulu üçün 8007,8 hektar sahədə biçin aparılıb. Ondan 5645,8 hektarını buğda, 2362 hektarını arpa təşkil edib.

Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə biçin sahəsi 375,6 hektar, o cümlədən buğda sahəsi 97,2 hektar, arpa sahəsi isə 278,4 hektar artıb.

Bütövlükdə taxıl məhsulu 1075,7 ton artaraq 20800 tona çatıb. Taxıl məhsulunun 14946 tonu buğda, 5854 tonu isə arpa məhsulları olub.

Təsərrüfat kateqoriyaları üzrə biçilmiş sahələr dövlət təsərrüfatlarında 294 hektar, qeyri-dövlət təsərrüfatlarında 103,8 hektar, fərdi sahibkar və ailə kəndli təsərrüfatlarında 7610 hektar təşkil edib. Cari ildə rayon üzrə taxılın məhsuldarlığı hər hektardan 26 sentner, buğdanın məhsuldarlığı 26,5 sentner, arpanın məhsuldarlığı 26,5 sentner olub. Bu ilin məhsuldarlığı əvvəlki ilə nisbətən hektara 0,2 sentner çoxdur.