23 sentyabr 2020 22:31
3787

Göz yaşları niyə duzludur?

Günün çox hissəsi bizim gözlərimiz açıqdır və bu səbəbdən də davamlı islanmağa, təmizlənməyə ehtiyac duyurlar. Bunu etmək üçün bədənimizdə müntəzəm olaraq duzlu bir dad verən, maye istehsal edən və gözləri quruluq və çirklənmədən qoruyan göz yaşı vəzləri vardır. İnsanlar ağladıqda xüsusilə daha çox göz suyu ifraz edirlər- hesab edilir ki, ağlamaq insanların streslə daha asan mübarizə aparmasına kömək edir.

Çətin vəziyyət yaxşılığa doğru dəyişməsə də, ağladıqdan sonra hər bir insan sehrli şəkildə özünü yaxşı hiss etməyə başlayır. Göz yaşları və ağlamaq hələ də elmi cəhətdən tədqiq edilməyib, amma elm adamları göz yaşlarının hər bir insanın emosional vəziyyətini yaxşılaşdırdığına dair çox güclü dəlillərə sahibdirlər.

Göz yaşlarının növləri

Göz yaşları və ağlamaq uzun illərdir ki, tədqiq edilir. Göz yaşlarının gözü mikroblardan təmizlədiyi və insanı yüngülləşdirdiyi bəllidir. Bəs bütün göz yaşları eynidirmi?  Əslində göz yaşları fərqli-fərqli olur. Situasiyadan asılı olaraq, göz suyu vəzləri müxtəlif cür göz yaşı ifraz edirlər. Göz yaşının əsasən üç növü olur:

Bazal göz yaşı- göz almasının qurumasının qarşısını almaq üçün lazımdır, gözü mikrob və zədələnmədən qoruyur.

Reflektor göz yaşı- soğan soyduğumuz zaman yaxud gözümüzə yad cisim düşdüyü zaman ifraz olunan sudur. Bu göz yaşı isə müdafiə üçündür.

Emosional göz yaşları-insanın emosional və ya fiziki bir gərginliyə qarşı reaksiyasıdır.

Göz yaşının tərkibi

Göz yaşının tərkibinin 99 %-i sudan ibarətdir. Digər hissəsi təbii olmayan maddələrdir. Onlardan biri də el arasında xörək duzu kimi tanınan natrium xloriddir. Tədqiqatçıların sözlərinə görə, məhz bu maddə göz yaşına duzluluq verir. Ancaq bu duz gözü yandırmır, çünki onun tərkibi çox zəifdir. Göz yaşının antibakterial xüsusiyyətlərinə tərkibindəki lizoçim adlı maddə cavabdehlik daşıyır. Bu maddə təhlükəli bakteriyaları 95 %-ə qədər məhv edə bilir.
Bəzi insanlar bəzən göz yaşlarının acı olduğunu da görə bilər. Bu dad ağlama zamanı bədən stress altında olduqda böyrəküstü vəzlərin aktivləşməsi və ürək döyüntüsünün sürətlənməsi səbəbindən baş verir. Bütün bu proseslər zamanı bədəndəki adrenalin və digər maddələrin miqdarı artır və sonra onlar göz yaşlarının tərkibinə daxil olurlar. Ümumiyyətlə, emosional göz yaşları bəzən iki növə bölünür: acı və şirin. Acı göz yaşları stress zamanı yaranır, şirin göz yaşları isə insan xoşbəxtlik və gülüşdən ağladıqda.
Psixiatr Uilliam Frey 1981-ci ildə göz yaşlarının tərkibinin vəziyyətə görə dəyişə biləcəyini bildirdi. Tədqiqatın bir hissəsi olaraq, psixiatr müəyyən etdi ki,  gözyaşardıcı maddələrin konsentrasiyası insan sağlamlığının vəziyyətindən də asılıdır. Bəzi elm adamları göz yaşları ilə yanaşı bir çox zərərli maddələrin bədəni tərk etdiyindən əmindirlər.

Bəs insanlar niyə ağlayırlar?

 İnsanların ağlamasının səbəbləri tam olaraq məlum deyil. Körpələrin diqqət çəkmək üçün ağladığı elm adamlarına çoxdan bəllidir. Yetkinlərin göz yaşı tökməsinin səbəbi də bəlkə də eynidir - özümüzü pis hiss etdiyimiz zaman diqqət çəkmək və dəstək almaq istəyirik. Ancaq heyvanlar ağlamaqla özlərinə diqqət çəkə bilmirlər, duyğularını ifadə edə və ağlamaqdan bir əlaqə vasitəsi olaraq istifadə edə bilmirlər. Alimlər ağlamağın sırf insan xüsusiyyəti olduğuna qətiyyətlə inanırlar.

Nubar Süleymanova, “İki sahil”