06 sentyabr 2019 11:16
106

“Gözlə məni”

Mənə elə gəlir ki, bütün müharibələrin ilk gülləsi gecənin qaranlığında atılır...

Müharibə ölüm-itimdi, qan-qadadı, can üzən, ruh sarsıdan intizardı. Ömrü illərlə uzanan həsrətin kəfəni bəzən gözləyənin son nəfəsi olur. Müharibəyə - döyüşlərə gedənlər əzizlərinə bir ömürlük ümid verib  gedir, “Gözlə məni” kəlmələrini sevdasına deyənlər də olur...

Döyüşlərə gedənləri gözləyirlər...

Gün dəyişir, ay dəyişir, il dəyişir - gözləyirlər, çəmənlərdə çiçək açır,  çiçək solur, gül dəyişir - gözləyirlər. Ağaclar tumurcuqlayır, tumurcuqlar yarpaq olur, yaz ötüşür, yay sovuşur, payız gəlir, budaqlar yarpaq salır, yarpaqlar torpaq olur - gözləyirlər...

Müharibə qurtarır...

Dönənlər dönür...

Müharibədən qayıtmayanların evlərinin qapısını ağrı-acılar, sıxıntılar, gümanlar, göynərtilər döyür, qayıtmayanların əvəzinə “əl boyda” “qara kağız” gəlir. Gündə neçə dəfə anaların, bacıların göz yaşlarıyla islanan “qara kağız”ın qara ovqatı qapı döymədən evlərə soxulur, hansı evin daldasındasa hamıdan xəbərsiz bir lal sevda için-için ağlayır: “Gözlə məni demişdin, ay insafsız... Gözlədim... Gözləyirəm... Gözləyəcəm...”...

Müharibədə şair sözü-şeir tövsiyə kimi, təsəlli kimi, qələbə odası kimi, öyüd-nəsihət kimi oxunur, hər misrası Vətənə and kimi, Vətən andı kimi, Vətənin vətəndaşına sözü kimi səslənir. Belə səslənişdə ilahilik çalarları da duyulur. Duyulan yaşanılır, yaşanılanlar istək kimi, arzu kimi, muraz kimi, dilək kimi yaşadılır. Belə oxunan, belə yaşadılan şeirlər şair-vətəndaşın, vətəndaş-şairin Vətənə sevgisini ifadə edir...

Böyük Vətən müharibəsi illərində şairlər bu gerçəklikləri də şeirləşdirirdilər, bu ifadəni də. Birinin digərinə təsiri olmadan neçə-neçə “Gözlə məni” şeiri yazıldı. Poetik duyum yazdırırdı bu şeirləri. Mənə elə gəlir ki, şair duyumunda qüdrət olduğunu hamı etiraf edər, edir, edəcək də.

Rus şairi Konstantin Simonovun yazdığı “Gözlə məni” Böyük Vətən müharibəsində bu  mövzuda yazılmış ən gözəl şeirlərdən biri olsa da, Azərbaycanlı döyüşçü Siruz Əliyev ondan neçə aylar əvvəl “Gözlə məni” adlı şeir yazmışdı. Bu şeir 78 ildi düşündürə-düşündürə oxunur. Mahnı kimi Süleyman Ələsgərovun musiqi yozumunda düşündürə-düşündürə dinlənilir. “Gözlə məni” həm şeir kimi, həm də mahnı kimi hamımıza o qədər doğmadır ki! Nədən belədi? - hər misrası ruhumuzun misrası olduğuna görə, azərbaycançılığın poeziyası olduğuna görə, neçə illər sonra İsa Hüseynovun “Saz” povestində İsfəndiyar kişinin həsrətinin, intizarının, əsər boyu bircə kəlmə sezilməsə də onun gəlinlərinin “Gözlə məni”si olduğuna görə, ... Böyük Vətən müharibəsində yazılan  bu “Gözlə məni” şeiri mahiyyətinə, məzmununa, poetikasına görə sevilməkdədir, dinlənilməkdədir...

“Gözlə məni” həm də intizar yaşayanların şeiridi, mahnısıdı. Oğlu müharibədən qayıtmayan analar dünyada yoxdu; Böyük Vətən müharibəsində iştirak edənlərin ən cavan əsgərinin yaşayırsa, 90 yaşı var. 80-90 yaşlı bacılar müharibədən qayıtmayan qardaşının intizarını qalığa tutmaq istəyəndə oxuyur, dinləyir “Gözlə məni”ni...

1991-ci ildə Kəlbəcərdə kimsənin xəbəri olmayan bir sevda yaşanılırdı. Müharibə başlayanda, ermənilərin həmlələri, hücumları artanda Səməd də yerli müdafiə batalyonuna yazılmışdı, sevdasına “Gözlə məni” - dedi, sevdası gözlərini yerdən ayırmadan “Gözləyəcəm...”, - dedi. Səməd döyüşlərə getmişdi...

Arşını əyilmiş dünya haqqın tərəfini saxlamadı...

Dünya işğala əmzik verənlərin buyruqçusuymuş...

Kəlbəcər işğal olundu...

Kəlbəcərlilər ata yurdundan iraq düşdülər...

Hərə bir tərəfdə sığınacaq tapdı. Gülgəzin atası Bakir düzmü etmişdi, səhfmi, bunda işim yox, Azərbaycanda qərarlaşmadı, Rusiyaya getmişdi...

Gülgəzdən ümüd olası bir soraq ala bilməyən Səməd kimdən soruşaydı necə, nə adla soruşaydı?..

Aylar ilə döndü...

İllər keçdi... Səməd evlənmədi...

Gəncədə məskunlaşmışdı. Sürücüydü. Ailəsini taksi fəaliyyətiylə saxlayırdı...

Xan bağının yaxınlığında dayanmışdı. Müştəri gözləyirdi. Yenə xəyallarıyla, yaşanılmışlarla baş-başaydı...

Yaxınlaşmaqda olan qızı görəndə var bədəni titrədi. Bilmədi gözlərinin işığı itdimi, artdımı. Baxdı. Bir də baxdı, bir də baxdı. O idi! On ilinin həsrəti ona sarı gəlirdi. Nə etsin? - yaxınlaşsınmı, kəlmələşsinmi, - bəlkə kiminsə külfətidi? Başqasının külfətiylə nə adla hal-əhval tuta bilərdi? Necə yaxınlaşmasın? - yaxınlaşan on ildi gündüzünü də gecəyə döndərən sevdasıydı. Kiminlə qarşılaşacağını bilmədən yaxınlaşırdı. Həminki xırdaca yeriş, gah yerdən üzülən, gah yerə dikilən ürkəcək baxışlar - elə bil bu yerişin, bu baxışın üstündən illər keçməmişdi...

Üz-üzə dayanmışdılar...

İkisinin də gözləri dolub-boşalırdı...

İkisi də illərlə ürəyində hamıdan gizlin yaşatdığını indi də dilə gətirməyə çətinlik çəkirdi...

Səməd bir az yaşlaşmışdı...

İllər Gülgəzin alnına hiss edilməsi çətin olmayan ağrı-acı, sıxıntı, intizar nişanələri düzmüşdü.

- Döyüşdə ağır yaralandım. Hospitala aparılmağımdan xəbərim olmayıb. Bir həftə huşsuz olmuşam. Mən hospitaldan çıxanda siz getmişdiniz. Öyrəndim ki, Rusiyadasınız.

Bir qədər duruxdu:

- Gözlə məni demişdim...

Gülgəzin yanaqlarına incə bir qızartı çökdü:

- Kimə sirr aça bilərdim. Təkcə xalam qızı Sərinə ürək qızdıra bilərdim, onu da qaçırtdılar, əlim  heç kimə, heç yerə yetmədi...

Sözünə bir qədər ara verdi:

- Gözləyirdim...

Bir yarpaq belə titrədəsi meh də əsmirdi; bu kəlmələr eşidildi və qeyb oldu...

Heç biri ailə qurmamışdı; sözarası bilindi...

...Bu sevdanı “Gözlə məni” yaşatmışdı; “Gözlə məni” deyənin də - Səmədin, gözləyənin də - Gülgəzin ruhunun mahnısıymış, “Gözlə məni”.

Bir qədər aralıda dayanmış maşınından süzülən melodiya ikisinin də diqqətini çəkdi:

...Səmədin maşınına tərəf getdilər...

Rəşid Faxralı